525.Az

“Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri”


 

“Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” <b style="color:red"></b>

Bakı Dövlət Universitetində görkəmli dilçi alim, ədib, professor Bəkir Çobanzadənin 120 illik yubileyinə həsr olunmuş “Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirildi.

Konfransı giriş sözü ilə açan Universitetin rektoru, akademik Abel Məhərrəmov Bəkir Çobanzadənin türk milli düşüncəsinin formalaşmasında əvəzsiz xidmətlərindən danışdı: “Böyük şəxsiyyət, şair, dilçi, mətnşünas alim Bəkir Çobanzadənin genişmiqyaslı elmi və bədii yaradıcılıq fəaliyyəti bütün türk dünyasının mədəniyyət tarixində xüsusi yer tutur. O, 1920-ci ildə 27 yaşında ikən filologiya elmləri doktoru, iki il sonra professor adına layiq görülür. Ailəsi haqqında vaxtilə “Bakinski raboçi” qəzetində yazdığı məqalədə əsil-nəsilcə çoban oğlu olduğunu və özünün də 14 yaşınadək çobanlıq etdiyini göstərmişdi. Atası Çoban Vahab zirək, zəhmətkeş, çalışqan olsa da, maddi imkanı çox məhdud idi. Uşaqlarına Tanrı tərəfindən bolluca istedad payı verilməsinə baxmayaraq ailə onları oxutdurmaq gücündə deyildi. Bəkir uşaq yaşlarında bir mollanın evində çalışırdı. Elə ilk savadını da burada qazanır: molladan ərəb dilini öyrənir. Sonra Quranı qiraət etməyə, Şərq klassiklərinin əsərlərini oxumağa başlayır. Kənddəki Rüşdiyyə məktəbinə daxil olanda artıq onun xeyli biliyi vardı.

Məktəb illəri ilə bağlı xatirələrin birində yazılır ki, imtahan vaxtı növbə Bəkirə çatanda müəllimi, şair Hasan Səbri onu irəli çıxmağa çağırır. Amma uşaq əynindəki yamaqlı geyimdən, nimdaş şalvarından utandığı üçün yerindən tərpənmir. Bunu başa düşən müəllim Bəkirə yaxınlaşır. O isə elə bil bunu gözləyirmiş kimi, uca səslə dil-dil ötməyə başlayır:

– Nə istəyirsiniz, müəllim, soruşun. Sədidən, Hafizdən, Füzulidən sual verin, hamısını əzbər deyəcəyəm. Qurani-Kərimdən soruşun...

Hasan Səbri gülümsünüb köksünü ötürür və ona yaşına görə çətin sayılan suallar verir. Bir-birinin ardınca mürəkkəb sualları cavablandıran uşaq Hasan Səbrini təəccübləndirir və o, həmkarını yanına çağıraraq deyir:

– İsmayıl bəy Qaspiralı, sən Allah, bir baxın, burada bir dərya var!

Uşaqdan adını və soyadını soruşurlar. Adını deyir, amma soyadı olmadığı üçün duruxub qalır... Yoldaşları onun kəndin cəsur bir çobanının oğlu olduğunu söyləyirlər. Müəllimləri də belə qərara gəlirlər ki, onun soyadını “Çobanzadə” yazsınlar. Beləcə, o dövrün sayılıb seçilən maarifçiləri öz tərifləri ilə çoban Vahabın balaca oğlunun böyük bir dünyaya – elm, idrak, zəka dünyasına addımlamasına “vəsiqə” verirlər.

Mən onun Vətənində Krım tatarları ilə görüşmüşəm. Onun doğulduğu kənddə olmuşam. Onu tanıyan insanlarla görüşmüşəm. Onun həmvətənlərində Çobanzadənin ruhunu duymuşam.

İndi Universitetdə tələbələrlə görüş zamanı onun bu keşməkeşli, yoxsulluqlarla dolu həyatını bütün tələbələrə nümunə göstərirəm. Bütün maddi çatışmazlıqlarına baxmayaraq Çobanzadə sözün bütün mənalarında nümunəvi bir həyat yaşayıb. Onun məfkurəsi, ideyaları bu gün də yaşayır və mən inanıram ki, qədirşünas türkoloqlarımızın səyi nəticəsində həmişə yaşayacaq.

Abel Məhərrəmovun nitqindən sonra Bəkir Çobanzadəyə  həsr olunmuş “Ədəbi karvan” adlı sənədli film nümayiş etdirildi.

AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev Bəkir Çobanzadənin zəngin elmi fəaliyyətindən, taleyinin Azərbaycanla bağlı səhifələrindən ətraflı danışdı: “BDU-da B.Çobanzadəyə həmişə isti münasibət olub. Onun adını daşıyan geniş bir auditoriya və elmi laboratoriya yaradılıb. Böyük şərqşünas B.Çobanzadə Mirzə Kazımbəy səviyyəsində xidmətlər göstərib. 44 il yaşasa da, türkologiyanın yaranması və formalaşmasında böyük xidmətlər edib. İlk dəfə olaraq türkoloji qurultayın təşkil olunması ona tapşırılıb. Alimin qısa həyatının 12 ili Azərbaycanla bağlıdır. 1922-ci ildə Lenin Azərbaycan MİK-in sədri S.İ.Ağamalıoğlunu və onu müşayiət edən A.S.Enukidzeni qəbul edir. Görüşün səbəbi Azərbaycanda yeni əlifbaya keçməklə bağlı idi. Nəriman Nərimanov o zaman ərəb əlifbasından latın qrafikasına keçilməsinin tərəfdarı idi. Beləliklə, 1923-cü il oktyabrın 20-də latın qrafikasına keçmək barədə dekret imzalanır. Azərbaycanda əlifba islahatını həyata keçirmək üçün milli ruhlu güclü bir mütəxəssis və təşkilatçı gərək idi. Elə bu zaman S.Ağamalıoğlu xarici səfərlərindən birində gördüyü B.Çobanzadəni xatırlayır. Çünki gənc Bəkir alman, türk, macar, fransız, ərəb, fars, rus, Azərbaycan, özbək, qazax, türkmən dillərini mükəmməl bilirdi, sərbəst yazır və danışırdı. Ağamalıoğlu bu cavan, lakin artıq özünü təsdiq etmiş istedadlı alimi Bakıya dəvət edir. Çobanzadə təklifi qəbul edir, çünki o bu zaman Vətənində məruz qaldığı təzyiqlərdən bezmişdi. Lakin ağlına belə gətirmirdi ki, bu tale hələ də onu izləyir. İllər keçəcək və o, yenidən təqib və təzyiqlərə məruz qalacaq, şərə-böhtana düşüb Stalinin repressiya maşınında məhv ediləcək. Bununla belə, Bakıda yaşadığı illər Bəkir Çobanzadənin fəaliyyətinin ən qızğın və məhsuldar dövrü olur. 1925-1937-ci illərdə o, burada yaşayarkən özünün qeyri-adi istedadını tam göstərib, tükənməz potensialından lazımınca istifadə edə bilir. Bunun üçün həddindən artıq genişsahəli və son dərəcə zəhmətkeş olan bu yaradıcı insanın həmin 12 il ərzində tutduğu vəzifələri göstərmək kifayətdir. O, 1924-1929-cu illərdə Azərbaycan Baş Elm İdarəsində Terminologiya Komitəsinə rəhbərlik edir. Paralel şəkildə ADU-nun şərqşünaslıq fakültəsində kafedra müdiri və sonra dekan olur. Ümumiyyətlə, 1920-1926-cı illərdə onun gördüyü genişmiqyaslı, çoxsahəli işləri nəzərdən keçirəndə bir nəfərin bu qədər “yük”ü necə çəkdiyinə təəccüb etməmək olmur. Onun “Türk-tatar lisaniyyatı” kitabı ilk dəfə türk dilinin materialları əsasında ümumi dilçiliyin materiallarını zənginləşdirdi. “Türk-tatar dialektologiyası” kitabı türkologiyada hadisəyə çevrildi. Bəkir Çobanzadənin bu əvəzsiz xidmətləri əsrlər durduqca yaşayacaq və zaman-zaman böyük türkoloqlar nəslinin yetişməsinə zəmin yaradacaq”.

Daha sonra BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, Bəkir Çobanzadə mükafatı laureatı, professor Ramiz Əskər, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunun direktoru, professor Teymur Kərimli, Folklor İnstitunun direktoru, professor Muxtar İmanov, ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, BDU-nun prorektoru, professor Aydın Kazımzadə çıxış edərək bu konfransın keçirilməsinin elmi və mənəvi əhəmiyyətindən danışdılar.

Sonda BDU-nun Filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev bütün konfrans iştirakçılarına və tədbirin təşkilində böyük və gərgin əməyi olan “Bəkir Çobanzadə adına Türkoloji araşdırmalar” Elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktor Ülviyyə xanım  Hüseynovaya, gənc tədqiqatçılar – Pərvin Eyvazov, Ramil Bayramov, Anar Fərəcov, Nuray Xıdırova və Şəbnəm Şəmsəddinovaya təşəkkürünü bildirdi, konfransın işinə uğurlar arzuladı.

Konfrans “Bəkir Çobanzadə – böyük filoloq”, “Türkologiyanın aktual problemləri” və  “Azərbaycan türkcəsi: müasir dil, dialektologiya” adlı bölmə iclaslarında öz işini davam etdirdi.

Xəyalə ƏFƏNDİYEVA

 





03.06.2013    çap et  çap et