525.Az

Qarabağ Muğam Mərkəzi uğurlarını davam etdirir


 

Qarabağ Muğam Mərkəzi uğurlarını davam etdirir<b style="color:red"></b>

“Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi hər il olduğu kimi, 2017-ci ildə də fəaliyyətini uğurla davam etdirib. Ötən müddət ərzində müəssisənin kollektivi region əhalisinə mədəni xidmət göstərilməsi istiqamətində  mühüm addımlar atıb”.

Bu sözləri adıçəkilən Muğam Mərkəzinin direktoru Tofiq Cəfərov deyib. Onun dediklərinə görə, kollektiv üzvləri həmin dövrdə bölgədə keçirilən bayram və tarixi günlərə həsr olunmuş tədbirlərdə, mərasim və şənliklərdə, cəbhə bögələrində yerləşən hərbi hissələrdə geniş konsert proqramları ilə müntəzəm çıxışlar edib.

Mədəniyyət müəssisəsində gənclərin muğam ifaçılığına cəlb olunması, musiqi təhsili istiqamətində də diqqətəlayiq işlər görülür. Hazırda burada muğam şöbəsi üzrə 32 nəfər, tar şöbəsi üzrə isə 17 nəfər şagird təhsil alır. Tədris işlərinin yüksək səviyyədə təşkil edilməsi üçün müəssisədə hər cür şərait yaradılıb. Mərkəzin pedaqoji kollektivi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Müəllimlərdən Əhəd Təhməzov, Fərqanə Qarayeva, Nazim Şirinov və başqaları gənc ifaçıların hazırlanması, muğamın sirlərinə yaxından bələd olması üçün  əllərindən gələni əsirgəmirlər. Bunun nəticəsidir ki, Muğam Mərkəzinin yetirmələri müxtəlif respublika müsabiqələrində, festivallarda uğurlu çıxışlar sərgiləyir, layiqli nəticələr qazanırlar. Gənc ifaçı Arzu Məmmədova respublika televiziya muğam müsabiqəsində fəal iştirak edib, fəxri diplomla mükafatlandırılıb. Mərkəzin digər şagirdi Nəcibə Məmmədova Bakı şəhərində keçiriləcək beynəlxalq uşaq musiqi festivalının finalına vəsiqə qazanıb. Nəcibə öz şagird yoldaşları Nərgiz Cabbarova və Zəhra Məmmədova ilə birlikdə dəfələrlə respublika  televiziya kanallarında verilişlərə qatılıb, muğam və mahnılarla çıxışılar edib. Onların ifaları mütəxəsislər və tamaşaçılar tərəfindən yüksək dəyərləndirilib. Şagirdərdən Ləman Məmmədova, Qəmzə Qasımova, Hafiz Məmmədov və başqaları növbəti Bülbül adına beynəlxalq musiqi müsabiqəsinə və Xan Şuşinski adına muğam festivalına  ciddi hazırlaşırlar. Mərkəz rəhbərliyinin səyləri nəticəsində son vaxtlar üzə çıxarılmış 10 yaşlı istedadlı ifaçı Ləman Məmmədovanın çıxışları böyük marağa səbəb olub. Yaşının az olmasına baxmayaraq, onun məharətlə ifa etdiyi "Heyratı", "Şahnaz", "Arazbarı" muğamları, "Gül açdı", "Can Qarabağ", "Şuşanın dağları" mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanır.

Qarabağ Muğam Mərkəzinin kollektivi 9-cu Beynəlxalq Musiqi festivalı çərçivəsində dahi Üzeyirin vətənində keçirilən tədbirlərdə də müvəffəqiyətlə iştirak edib. Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının təqdim etdiyi konsert proqramında Muğam Mərkəzinin müəllimi Əhəd Təhməzov və gənc ifaçı Nəcibə Məmmədova öz məharətlərini nümayiş etdiriblər. Kollektiv üzvlərinin Üzeyir Hacıbəylinin doğum günündə Yaqub Məmmədov adına mədəniyyət mərkəzində geniş konsert proqramı ilə çıxışları da diqqəti çəkib.

Yəhya PAŞAZADƏ

 





26.10.2017    çap et  çap et