525.Az

Səlim Müslümov Dünya Bankının missiyası ilə görüşdü


 

Səlim Müslümov Dünya Bankının missiyası ilə görüşdü<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə bağlı təhlil üzrə missiyası ilə görüş olub.

Nazirlikdən verilən məlumata görə, missiyanın məqsədi iqtisadi və sosial rifahın monitorinqi, sonuncu iqtisadi dəyişikliklərin rifaha təsirlərinin paylanması ilə bağlı təhlilin aparılması, ev təsərrüfatlarının iqtisadi şoklardan müdafiəsi məqsədilə siyasətin hazırlanması prosesinin məlumatlandırılması sahəsində Dünya Bankı ilə Azərbaycan hökuməti arasında gələcək əməkdaşlığın müzakirəsidir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan prezidenti İlham Əliyevin respublikanın uzunmüddətli inkişafına xidmət edən siyasətinin sosialyönümlü olduğunu vurğulayıb. Nazir son illər qlobal miqyasda kəskin xarakter alan iqtisadi kataklizmlərin milli iqtisadiyyata təsirlərinin aradan qaldırılması üçün reallaşdırılan çevik islahatlar proqramının ilk növbədə sosial rifah halının, o cümlədən, ailə təsərrüfatlarının bu təsirlərdən qorunmasına istiqamətləndiyini diqqətə çatdırıb: "Belə iqtisadi şəraitdə bir tərəfdən sosial müdafiə sisteminin gücləndirilməsi və ölkə əhalisinin əhəmiyyətli bir hissəsinə yönələn və ailə təsərrüfatlarının gəlir mənbələri sırasında olan sosial ödənişlərin (pensiya, müavinət, təqaüd və s.) artırılması təmin edilib, digər tərəfdən, yeni iş yerlərinin yaradılması prosesinin və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi, xüsusən dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü üzrə bu proseslərin geniş miqyas alması iş yerlərinin itirilməsi və əmək bazarında gərginlik riskinin aradan qalxmasına imkan verib. Nəticədə, əmək resurslarının məşğulluğunda azalmaya deyil, artımın davam etməsinə nail olunub. Təsadüfi deyil ki, cari ilin 9 ayında da məşğulluq mərkəzlərinə iş üçün müraciət edənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə azalıb. Cari ildə ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun 2,5 faiz artımı şəraitində yeni iş yerlərinin yaradılması prosesinin davam etdirilməsi işsizliyin aşağı səviyyədə saxlanmasını təmin edir".

S.Müslümov əmək və sosial müdafiə sahəsində son illərdə aparılan islahatlar, bu sahələrdə avtomatlaşdırılmış sistemlər haqqında məlumat verib, bu islahatların eyni zamanda sosial cəhətdən həssas qrupların sosial təminat sisteminə əlçatanlığına şərait yaratdığını bildirib. Nazir missiyanı habelə əmək bazarının səmərəli tənzimlənməsinə, qeyri-formal məşğulluğun aradan qaldırılmasına yönələn tədbirlər kompleksi barədə məlumatlandırıb.

Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə bağlı təhlil üzrə missiyasının tapşırıq qrupu üzrə rəhbəri Moritz Meyer və missiyanın üzvləri ölkəmizdə dayanıqlı iqtisadi inkişafa yönələn islahatlarda sosial rifah amilinin ön planda saxlanmasının Dünya Bankı tərəfindən daim müsbət dəyərləndirildiyini vurğulayıblar. Onlar ev təsərrüfatlarının gəlir imkanlarının artırılması yönündə aparılan siyasətin, o cümlədən, aztəminatlı vətəndaşların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsinin təqdirəlayiq olduğunu qeyd ediblər.

Missiyanın baş iqtisadçısı Alan Fuks bir sıra ölkələrdə apardıqları araşdırmalar və onların nəticələri barədə məlumat verib. Missiya üzvləri tərəfindən son iqtisadi dəyişikliklərin rifaha təsirlərinin müəyyən olunması ilə bağlı missiya tərəfindən Azərbaycanda da yeni sorğunun keçirilməsinin məqsəduyğun olduğu bildirilib.

Ceyhun ABASOV

 





26.10.2017    çap et  çap et