525.Az

Ermənistan-NATO münasibətləri: bir addım irəli, iki addım geri


 

Ermənistan-NATO münasibətləri: <b style="color:red">bir addım irəli, iki addım geri</b>

Ermənistan müstəqilliyini elan etdikdən sonrakı ilk dövrdə təhlükəsizlik siyasətində ciddi dilemma qarşısında qalmış, Rusiyaya qarşı düşmən münasibət bəsləmiş, daha sonra isə münasibətlərini qaydaya salmış, bu ölkənin liderliyində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmuşdur.

Ancaq KTMT-yə daxil olduğundan bu günə qədər bu təşkilat üzvlərindən, sadəcə, Rusiya ilə hərbi əməkdaşlıq sahəsində ikitərəfli münasibətlərə əhəmiyyət vermişdir. Digər üzv dövlətlərlə hərbi əməkdaşlığı aşağı səviyyədədir. Belə ki, KTMT-yə üzv dövlətlərin əksəriyyəti Dağlıq Qarabağ problemində Ermənistanı dəstəkləmir, əksinə, Azərbaycanın mövqeyinə yaxın çıxış edirlər.

KTMT ilə münasibətlərə paralel olaraq Ermənistan müstəqillik sonrası NATO ilə də əməkdaşlığın ilk addımlarını atmışdır. Amma bu əməkdaşlıq, əsasən, Rusiyanın icazə verdiyi və ya səssiz qalması fonunda gerçəkləşmiş, daha irəli getməmişdir.

Belə ki, NATO-Ermənistan münasibətlərinə dair keçmiş prezident Robert Köçəryanın "Ermənistan NATO-ya üzv olmaq istəmir''[i], keçmiş müdafiə naziri Serj Sərkisyanın "Ermənistanın NATO-ya üzv olmaq fikri yoxdur. Bu, ölkənin geostrateji mənafeyinə uyğun deyildir''[ii] və xarici işlər naziri Vardan Oskanyanın "Ermənistan NATO-ya üzv olmağa, NATO da Ermənistanı qəbul etməyə hazır deyil''[iii] kimi bəyanat vermələri yuxarıda qeyd edilən fikirləri təsdiqləmişdir.

Ermənistan rəsmilərinin bu bəyanatları dəyərləndirilərkən Ermənistanın NATO ilə münasibətlərini birbaşa deyil, Rusiya üzərindən qurmağa çalışdığı iddia edilmişdir. Bu iddialara cavab olaraq, Oskanyan "Ermənistanın heç bir zaman NATO və Rusiya arasında tərəf tutmaq məcburiyyətində qalmadığını''[iv] bildirmişdir.

Son illərdə Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsinə paralel olaraq Ermənistanın NATO cinahı ilə münasibətlərində hələlik ciddi nəticələr verməyən canlanma hiss edilsə də Rusiyanın təzyiqləri də artmışdır.

NATO-nun cari ilin avqust ayında Gürcüstanda "Etibarlı tərəfdaş-2017'' hərbi təlimləri keçirməsi Rusiya mətbuatında geniş müzakirə edilmişdir. Bu təlimlərdə Ermənistanın da iştirak etməsi isə odioz bir vəziyyət yaratmışdır.

Ermənistanın Gürcüstanda NATO tərəfindən keçirilən "Etibarlı tərəfdaş-2017'' hərbi təlimdə iştirak etməsi bölgə dövlətləri, ABŞ və Rusiya tərəfindən birmənalı qarşılanmamışdı. ABŞ bunu Ermənistanın NATO ilə münasibətlərini inkişaf etdirmək istəyi kimi, Rusiya isə Ermənistanı orbitindən uzaqlaşmaq istəyən dövlət olaraq görmüş və Rusiya KİV-də Ermənistan ciddi şəkildə tənqid edilmişdi.

Belə ki, "Etibarlı tərəfdaş-2017'' hərbi təlimində iştirak edən Ermənistan Rusiyanın təzyiqlərini diqqətə almış və NАТО-nun yenə də Gürcüstanda keçirdiyi "Agile Spirit 2017'' hərbi təlimlərində iştirak etməkdən imtina etmişdir.

Gürcüstanın Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan son anda hərbi təlimlərdə iştirak etməyəcəyini bildirmişdir.[v]

Gürcüstan Müdafiə Nazirliyinin bu bəyanatından sonra Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan Ermənistanın rəsmi olaraq bu hərbi təlimlərdə iştirak edəcəyini bildirmədiyini qeyd edərək belə demişdir: "Mən Ermənistanın adının hərbi təlimlərdə iştirak edən dövlətlər siyahısında necə qeyd olunduğunu deyə bilmərəm. Ermənistan Respublikasının silahlı qüvvələri heç bir zaman növbəti təlimlərdə iştirak edəcəyini deməmişdir. Bizim istiqamətdə bəzi dəyişikliklər olmuşdur''.[vi]

Ermənistan Müdafiə Nazirliyinin rəsmisinin belə bir açıqlama verməsindən sonra Gürcüstan Müdafiə Nazirliyi rəsmisi bəyanatı təkzib edərək belə demişdir: "Ermənistan Müdafiə Nazirliyi NATO-nun "Agile Spirit 2017'' hərbi təlimlərində iştirak edəcəyini əvvəlcədən təsdiq etmişdi. Ancaq təəssüflər olsun ki, iştirakdan son anda imtina etmişdir.''[vii]

ABŞ Ermənistanı NATO ilə əməkdaşlığa həvəsləndirmək istəsə də, bölgənin siyasi və təhlükəsizlik reallığı tamamən fərqlidir. ABŞ-dan fərqli olaraq Rusiya bölgəyə təsir etmək üçün daha ciddi mexanizmlərə sahibdir və uyğun şərait yetişdiyində bundan istifadə etməkdən çəkinmir. ABŞ hökuməti bir neçə ay bundan əvvəl Ermənistanın enerji sektoruna 8 milyard dollardan çox sərmayə qoya biləcəklərini bildirsə də, Ermənistan hökuməti rəsmi olaraq bu təklifə cavab vermədi. Son zamanlarda ABŞ hökumətinin Ermənistan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək təşəbbüsü İrəvan tərəfindən məmnunluqla qarşılanmır. İrəvan rəsmiləri Rusiyaya rəğmən ABŞ hökumətinin təkliflərini diqqətə alacaqları zaman bir sıra dinamiklərin dəyişəcəyindən əmindirlər.

Newtimes.az
Hatəm Cabbarlı, siyasi elmlər doktoru

 





26.10.2017    çap et  çap et