525.Az

Dünya Bankı Azərbaycanın sosial müdafiə sistemini təqdir edir


 

Dünya Bankı Azərbaycanın sosial müdafiə sistemini təqdir edir<b style="color:red"></b>

Dünya Bankı Azərbaycanın sosial müdafiə sistemini geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən, yoxsulluğun azaldılmasında mühüm rol oynayan bir sistem kimi dəyərləndirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sosial cəhətdən həssas qrupların sosial-iqtisadi mənafelərinin cəmiyyətin digər üzvləri ilə bərabərhüquqlu və dolğun təminatına nail olunması, onların həyat səviyyəsinin yaxşılaşdırılması yönündə müxtəlif formalarda təsirli və aktiv tədbirlər kompleksinin reallaşdırılması Azərbaycanda qurulmuş etibarlı sosial müdafiə sisteminin başlıca prinsipi kimi çıxış edir.

Hazırda sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası ilə təmin edilir. 2016-cı ildən qurulan müasir sığorta-pensiya sistemi, eləcə də ötən 11 ildə dövlət başçısı tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla 20 sərəncam imzalanması bu dövrdə əmək pensiyası xərclərinin 6 dəfəyə yaxın, onun orta aylıq məbləğinin 6,4 dəfə artması ilə nəticələnib. Bu artım dinamikasının davamı olaraq, cari ilin ötən dövründə pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 1 oktyabr 2017-ci il tarixinə 203,2 manata, o cümlədən, yaşa görə pensiyanın orta aylıq məbləği 226 manata çatıb. Onu da bildirək ki, dayanıqlı sosial-iqtisadi inkişaf şəraitində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin mütəmadi artımı pensiya və müavinətlərin də vaxtında maliyyələşdirilməsinə imkan verib.

2017-ci il tarixinə respublika əhalisinin 4,5 faizi və ya 460 min nəfər müxtəlif növ müavinətlərlə təmin olunur. Son on ildə bu sosial ödənişlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb. Əlilliyi olan şəxslərin mühüm bir hissəsi əlilliyə görə əmək pensiyası ilə təmin olunur. Eyni zamanda, müharibə əlilləri və onlara bərabər tutulanlara aylıq sosial müavinət və ya əmək pensiyası ilə bərabər, 2008-ci ilin sentyabrından Azərbaycan prezidentinin aylıq təqaüdü də ödənilir. Ötən müddətdə həmin təqaüdün məbləği orta hesabla 2 dəfədən çox artırılaraq I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb.

Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda aztəminatlı ailələrin yoxsulluqdan özünüməşğulluğuna şərait yaradılması yönündə mühüm işlər aparılır. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin fevral ayından başlayaraq aztəminatlı ailələrin gəlir imkanlarının artırılması və ailə biznesinə çıxış imkanlarına malik olmaları üçün aktivlərlə təminatı həyata keçirilir. 2018-ci ilin əvvəlindən "İşsizlikdən sığorta haqqında" Qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan maliyyə vəsaitləri işsiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsinə, proqrama cəlb olunanların sayının 6 dəfəyə yaxın artırılmasına imkan yaradacaq.

Ceyhun ABASOV

 





27.10.2017    çap et  çap et