525.Az

Bakı-Tbilisi-Qars layihəsinə həsr olunan poçt markası buraxıldı


 

Bakı-Tbilisi-Qars layihəsinə həsr olunan poçt markası buraxıldı<b style="color:red"></b>

"Azərpoçt" MMC-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı münasibətilə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi poçt markasının imzalanma mərasimi keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə adıçəkilən qurumun və Türkiyənin Poçt və Teleqraf Təşkilatının (PTT) nümayəndələri iştirak edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Tahir Məmmədov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryol xətti poçtdaşımalarında da böyük əhəmiyyət daşıyacaq. Nazirliyin əməkdaşı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilk qatarın yola düşməsi ilə yadda qalan tarixi hadisəyə həsr etdikləri poçt markasının buraxılması təşəbbüsünə görə PTT və markanın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

PTT-nin poçt direktor müavini Gürbüz Akbulut Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi üstünlüklərindən danışıb. Bununla yanaşı, dəmiryol xəttinin yük, sərnişin, poçt axını ilə yanaşı, təhlükəsizlik, sabitlik və  sosial rifahı yaxşılaşdıracağını və ölkələrimizin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcəyini söyləyib.
 
Sonra Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışına həsr olunmuş marka imzalanıb və auditoriyaya təqdim olunub. Bununla da birgə istehsal olunan marka poçt dövriyyəsinə buraxılıb. 10 min tirajla istehsal olunan Azərbaycan-Türkiyə birgə markası PTT tərəfindən çap edilib.
 
Markanın göstəriciləri aşağıdakı kimidir:
 
Blok ölçüsü: 115x75 mm
Markanın ölçüsü: 76x39mm
Nominal: 1,50 manat

 





30.10.2017    çap et  çap et