525.Az

Rusiyada Kamal Abdullayevə fəxri ad verildi


 

Rusiyada Kamal Abdullayevə fəxri ad verildi<b style="color:red"></b>

Rusiyanın birinci Prezidenti Boris Yeltsin adına Ural Federal Universitetinin Elmi Şurası sentyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevə həmin universitetin fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edib.

525.az xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində yerləşən, şimal qonşumuzun ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan bu universitetin rəhbərliyi akademik Kamal Abdullayevi Yekaterinburq şəhərində keçiriləcək təqdimat mərasiminə dəvət etmişdi.

Oktyabrın 27-də həmin ali məktəbin təşkilatçılığı ilə keçirilən, Rusiya təhsil və elm qurumları təmsilçilərinin, eləcə də bir sıra xarici ölkə universitetlərinin alimlərinin qatıldıqları və türk dünyasının aktual problemlərinin öyrənilməsinə həsr olunmuş beynəlxalq elmi konfransın gedişində akademik K.Abdullayevə Ural Federal Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib. Diplomu təqdim edən Ural Federal Universitetinin rektoru Viktor Kokşarov rəhbərlik etdiyi universitetin fəxri doktorları sırasında tanınmış Azərbaycan aliminin də olmasının ali təhsil müəssisəsinə şərəf gətirdiyini, bu hadisənin ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət etdiyini vurğulayıb.

Yüksək mükafata görə minnətdarlığını bildirən akademik K.Abdullayev iki ölkənin ali məktəbləri arasında əlaqələrin sıx olduğunu qeyd edib. Bununla belə, Azərbaycan və Rusiya arasında elmi əməkdaşlığın, təhsil, mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.

 

 





31.10.2017    çap et  çap et