525.Az

UNEC-də Xarici Ticarətə Dəstək Mərkəzi fəaliyyətə başlayır


 

UNEC-də Xarici Ticarətə Dəstək Mərkəzi fəaliyyətə başlayır<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xarici Ticarətə Dəstək Mərkəzi yaradılıb.

Universitetdən verilən məlumata görə, Mərkəz ölkədə ixracyönümlü sektorların inkişafı yolu ilə iqtisadi artımı təmin etmək məqsədilə sahibkarları və ixracatçıları dəstəkləyəcək, o cümlədən, onlara ixrac üzrə məsləhət verəcək.

Dövlət orqanları, elm və təhsil qurumları, korporativ sektorlarla qarşılıqlı fəaliyyət göstərəcək mərkəzdə investisiyalar və ixracat imkanları üzrə məlumat bazası yaradılacaq, ölkə ixracatçılarının məhsuluna uyğun xarici bazarların seçilməsinə və potensial müştərilərlə danışıqların aparılmasına huquqi dəstək göstəriləcək.

Sahibkarlar ixrac edəcəkləri ölkələrin idxal prosedurları, gömrük və sertifikatlaşdırma qaydaları barədə məlumatları da mərkəzdən əldə edə biləcəklər. Mərkəz xarici ticarət fəaliyyəti sahəsində araşdırmalar apararaq, sahibkarlara təkliflər verəcək, eyni zamanda, onları zəruri iqtisadi və hüquqi bilgilər təmin edəcək. Həmçinin, ixrac nəzarəti sahəsində və xarici ticarət fəaliyyətinin tənzimlənməsi haqqında qanunvericilik aktları ilə bağlı təkliflər hazırlanmasında yaxından iştirak edərək, sahibkarlığın inkişafına dəstək olacaq. Qurum ölkədə ixracatçılara yardım göstərmək və qeyri-neft məhsullarının ixracını təşviq etmək məqsədilə onlara beynəlxalq ticarət qaydaları haqqında məlumat verəcək, marketinq dəstəyi göstərəcək və təlimlər təşkil edəcək.

Dünya mal və xidmət bazarlarının konyunkturunu, o cümlədən, xarici ticarət məsələləri ilə əlaqədar beynəlxalq hesabatları təhlil edərək, fəaliyyət və xarici ticarətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək, ölkə ixracatçılarını beynəlxalq sərgi və tədbirlər barədə məlumatlandırmaq da Xarici Ticarətə Dəstək Mərkəzinin səlahiyyətlərinə daxildir.

S.QARAYEVA

 





31.10.2017    çap et  çap et