525.Az

Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirildi


 

TƏRƏFLƏR ƏMƏKDAŞLIĞIN İNKİŞAF ETDİRİLMƏSİNDƏ QARŞILIQLI MARAQLARI NƏZƏRƏ ALARAQ BİR SIRA MƏSƏLƏLƏR BARƏSİNDƏ RAZILIĞA GƏLİBLƏR

Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirildi<b style="color:red"></b>

Oktyabrın 27-də Vilnüsda Azərbaycan hökuməti ilə Litva hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verilən məlumata görə, Hökumətlərarası Komissiyanın Litva tərəfdən həmsədri, xarici işlər naziri L.Linkyaviçyus iclas iştirakçılarını salamlayaraq hökumətlərarası komissiyanın fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib. Komissiyanın son iclasından keçən ötən müddət ərzində görülən işlər barədə məlumat verən nazir komissiyanın fəaliyyətinin Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın genişlənməsində xüsusi rola malik olduğunu qeyd edib və ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

L.Linkyaviçyus qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Litvanın ən mühüm iqtisadi tərəfdaşıdır: "Litva-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün çox böyük potensial var. Xüsusilə, yüksək texnologiyalar, neft-kimya, nəqliyyat, yeyinti sənayesi, toxuculuq sənayesi kimi sahələrdə əlaqələri inkişaf etdirmək lazımdır".

Litva öz növbəsində Azərbaycan-Avropa İttifaqı münasibətlərinin daha da inkişaf etdirilməsi üçün körpü rolu oynaya bilər.

Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədovun isə səmimi qəbul üçün Litva tərəfinə öz təşəkkürünü bildirib və 2010-cu ildən fəaliyyət göstərən Azərbaycan-Litva hökumətlərarası komissiyasının ötən dövr ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə sanballı töhfə verdiyini, siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində bir çox layihələrinin reallaşdırılmasına dəstəklədiyini bildirib.

F.Məmmədov bu dövrdə ölkələrimizin dövlət və hökumət qurumlarının, bələdiyyələrin, işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə çoxsaylı qarşılıqlı səfərlərin olduğunu xatırladaraq, bununla yanaşı, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün kifayət qədər böyük potensialın olduğunu vurğulayıb.

Vergilər naziri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın müstəsna rolunu vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələri barədə məlumat verib.

İclasın sonunda Azərbaycan ilə Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Litva Respublikasının xarici işlər naziri Linas Linkyaviçyus imzalayıblar.

Protokola əsasən, tərəflər əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraqları nəzərə alaraq bir sıra məsələlər barəsində razılığa gəliblər.

Səfər çərçivəsində vergilər naziri Fazil Məmmədovun Litva Respublikasının xarici işlər naziri Linas Linkyaviçyus ilə təkbətək görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında ikitərəli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, hər iki ölkənin dövlət başçılarının məhsuldar əməyinin nəticəsində dövlətlərarası münasibətlər artıq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Qarşılıqlı əlaqələr intensiv şəkildə inkişaf edir, praktiki olaraq bütün sahələrdə ikitərəfli münasibətlər genişlənməkdədir. Litva Respublikasının Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi və hərtərəfli əməkdaşlıq Sazişininin imzalanmasına hazırlıq prosesinə mühüm töhfə verdiyi qeyd edilib.

İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, vergilər naziri F.Məmmədov səfər çərçivəsində Şərqi Avropanın qədim ali təhsil olaqlarından biri olan Vilnüs Pedaqoji Universitetində açılan Azərbaycan auditoriyasına da baş çəkib, Universitetdə oxuyan azərbaycanlı tələbələrlə görüşüb.

Ceyhun ABASOV

 





31.10.2017    çap et  çap et