525.Az

Kreml MDB məkanında QHT filiallarını genişləndirməkdə maraqlıdır


 

"AZƏRBAYCANDAKI QEYRİ-KOMMERSİYA TƏŞKİLATLARINA QƏRBİN MÜXTƏLİF FONDLARI DƏSTƏK VERİRDİLƏRSƏ, İNDİ BU İŞİ RUSİYA GÖRMƏK İSTƏYİR"

Kreml MDB məkanında QHT filiallarını genişləndirməkdə maraqlıdır<b style="color:red"></b>

"Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasında çıxışı zamanı  həmişəkindən fərqli olaraq Azərbaycanı müsbət mənada bir neçə dəfə xatırladıb. Rusiya xarici işlər nazirinin çıxışında 3 fikir diqqət çəkib və bu fikirlərin ikisində Azərbaycanın adı birbaşa, digərində dolayı yolla çəkilib".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Lavrov iclasda qeyd edib ki, regionların xətti ilə Azərbaycanla Rusiya arasında münasibətlər inkişaf edir: "Sergey Lavrov bu cümləni o mənada işlədib ki, bu ilin sentyabr ayında Rusiyanın Stavropol şəhərində keçirilən 8-ci Rusiya-Azərbaycan regionlararası forumunda iki dövlət arasında beş sənəd imzalanıb".

E.Şahinoğlu qeyd edib ki, Lavrovun ikinci fikri belədir: "Azərbaycan və İrandan olan investorlar Həştərxan vilayətində "Lotos" xüsusi iqtisadi zonada zavodların inşa edilməsində fəal iştirak edirlər". Lavrov bu cümləni isə o mənada işlədib ki, Rusiya regionlarının Xəzəryanı ölkələrlə dialoqunun geniş ticarət-iqtisadi əlaqələrə əsaslanır. Bəli, rəsmi Bakı Lavrovun da qeyd etdiyi Rusiyanın iki bölgəsində - Stavropolda və Həştərxanda xüsusi layihələr icra edir, investisiyalar yatırır, tikinti işləri aparır. Rusiyanın başqa bölgələri də Azərbaycanın onlara yatırım qoymasını arzulayır, hətta bu məqsədlə Dağıstan və Çeçenistan rəhbərləri bir neçə dəfə Bakıya təşrif buyurmuşdular. Ancaq rəsmi Bakı əməkdaşlıq üçün Rusiyanın nisbətən sakit və stabil bölgələrini seçib və bununla da hələlik kifayətlənib".

Mərkəz sədri hesab edir ki, rəsmi Bakının Rusiyanın bölgələriylə əməkdaşlığının siyasi məqsədi də var: "Bakının ümidi Kremlin bu əməkdaşlığın Rusiyanın bölgələri üçün faydalı olduğunu görməsi və bunun fonunda Ermənistanla münasibətlərinə göz gəzdirməsi, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə ədalətli yanaşmasıdır. Təəssüf ki, Rusiyanın bölgələrinə edilən yatırımlar Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etməyib. Rusiya əvvəlkitək Ermənistanı silahlandırmaqla məşğuldur".

Politoloq bildirib ki, Lavrovun çıxışı zamanı üçüncü fikri də diqqət çəkir: "Rusiyanın qeyri-kommersiya təşkilatları MDB məkanında Avrasiya inteqrasiyası ideyasının təşviqinə yardım etməlidir". Bu o deməkdir ki, Rusiya ABŞ-ın və Avropanın qeyri-kommersiya təşkilatlarının Azərbaycanda boşalan yerlərini doldurmaq istəyir. Lavrov bunu heç gizlətmir: "Qeyri-kommersiya təşkilatlarının xətti ilə qonşu ölkələrlə, MDB və Avrasiya İqtisadi Birliyi dövlətləri ilə daha fəal işləməyi vacib hesab edirəm. Məlumdur ki, vətəndaş cəmiyyəti xətti ilə dialoq əlaqələrimizin möhkəmlənməsi baxımından vacib məsələdir". Beləliklə, Kreml Azərbaycan kimi ölkələrdə Rusiyanın qeyri-kommersiya strukturlarının filiallarının mövcudluğunu genişləndirmək istəyir. Yəni əgər əvvəllər Azərbaycandakı QHT-lərə Qərbin müxtəlif fondları dəstək verirdilərsə, indi bu işi Rusiya görmək istəyir. Azərbaycan üçün bundan qorxulu gedişat ola bilməz. Çünki Rusiyanın dövlətə bağlı qeyri-kommersiya təşkilatları yerlərdə o təşkilatlara dəstək verəcəklər ki, həmin təşkilatlar Rusiyanın müdafiə etdiyi dəyərləri bölüşsünlər. Krımın ilhaqını, Donbas separatçılarına dəstəyi və ya Abxaziya və Cənubi Osetiyanın tanınmasını necə dəstəkləmək olar? Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Ona görə də necə ki, Azərbaycanda Qərb fondlarının müxtəlif ittihamlarla fəaliyyətlərinə son qoyuldu, eləcə də Lavrovun yeni ideyasının Azərbaycanda gerçəkləşməsinə icazə vermək olmaz".

Ceyhun ABASOV

 





31.10.2017    çap et  çap et