525.Az

İspaniya Kataloniya böhranından necə çıxacaq?


 

"PUÇDEMON QƏRBİN İNSAN AZADLIQLARI VƏ VƏTƏNDAŞ HAQLARI UĞRUNDA İXTİSASLAŞMIŞ BÖYÜK İNSTİTUTLARINI 21-ci ƏSRİN ƏN AĞIR ARTİLLERİYASI KİMİ YANINDA GÖRÜR"

İspaniya Kataloniya böhranından necə çıxacaq?<b style="color:red"></b>

"13-cü əsrin sonlarında İngiltərə kralı I Eduard Şotlandiyaya qoşun yeridəndə müstəqillik davasına qalxmış xalqın önündə gedən liderləri necə ələ almağı onları silah gücünə ram etməkdən üstün tuturdu. Çünki atası III Karlın ölümündən sonra taxt-taca yiyələnən hökmdar Yerusəlimdən Parisədək geniş bir məkanda hərbi savaşlarda iştirak edərkən müharibənin güzəştlər, taktika və müqavilələr sənəti olduğunu yaxşı əxz etmişdi. Ona görə də Şotlandiya krallığı uğrunda mübarizədə bir-biri ilə didişən müxtəlif tayfalar arasında mübahisəni həll etmək adı ilə oraya gələndə üsyan qaldıran və illərlə İngiltərə qoşunlarına qan udduran Uilyam Uolosu məhz öz silahdaşlarının xəyanəti ilə ələ keçirməyə nail olmuşdu".

Bu sözləri Milli Məclisin deputatı Zahid Oruc İspaniyada yaşanan Kataloniya böhranı ilə bağlı fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, insan təbiəti şöhrətə və əfsanəyə meyillidir: "Azadlıq idealları hər kəsin başını dumanlandırır. Müstəmləkəçiliyə qarşı dirəniş təkcə doğmalarının intiqamını almaq üçün gərək deyil, həm də müqəddəs arzular uğrunda sakral mahiyyət daşıyan ilahi mübarizədir. Ona görə də Uilyam Uolosa qoşulmaq istəyən cəngavərlər və imtiyazlı lordların sayı-hesabı yox idi. Lakin siyasət və hakimiyyət soyuq hesablamalar tələb edir. Hökmdarlıq yalnız qılınc tutmaqla ölçülmür. Liderlik məharəti masaya bütün variantlar qoyulandan sonra ən düzgün yolun seçilməsi ilə müəyyənləşir. O üzdən kral I Eduardın qəddarlığını yaxşı bilən və Şotlandiya səltənətinin gələcəyini hamıdan çox düşünən qraf VI Robert de Bryüs Uolosun qəhrəmanlığından vəcdə gələn və cəngavərliyinə pərəstiş edən oğluna belə deyir: "Mən də sənin yerində olsaydım ona qoşularaq, xalqın dilində əfsanəyə çevrilərdim. Lakin ata-babalarımızdan bizə qalan torpaq və titullar tələb edir ki, sən İngiltərə kralı ilə ittifaqa girəsən. Sənin üçün ağır olduğunu bilirəm. Lakin hakimiyyət və Şotlandiyaya sahib olmaqdan ötəri başqa yol yoxdur".

Tarix sübut etdi ki, ata Bryüs uzaqgörənliklə qüvvələr nisbətini müəyyənləşdirərək nəinki ölkəsini və şəxsi sərvətlərini qorumağı bacardı, eləcə də oğlunun 23 ildən artıq hökmranlığa gedən yolunu aça bildi. Doğrudur, xalq öz qəhrəmanını unutmur. Uilyamın əzəmətli obrazı yüz illərdi ki, ədəbiyyatın, rəssamlığın, kilsə messiyalarının, bir sözlə milyonlarla insanın ruhi dünyasının ayrılmaz hissəsinə çevrilib, milli azadlıq simvoluna dönüb. Lakin onun müasirləri indi süngü ilə deyil, parlament qərarları və demokratiyanın silahı ilə ayağa qalxsalar da, 7 əsr əvvəl olduğu kimi, yenə də Britaniya krallığının tərkibində qalmağa davam edirlər".

Z.Oruc hesab edir ki, indi Uolosa qibtə ilə yanaşan katalon lideri Karlios Puçdemonun millətçilik dalğasında tanksız və topsuz bir şəkildə dövlət qurmaq istəməsi nədənsə, qoca qitədə qanlı müharibələri deyil, kral Eduardın mirası kimi qalan siyasətin qalib gələcəyini deməyə əsas verir: "Franko ölüb və indiki İspaniya kralı formal olaraq dövlətin vahidliyini təcəssüm etdirir. Onun sərəncamında milyonlarla döyüşçü və sərkərdə yoxdur. Baş nazir Marian Raxoy isə avropalı həmkarlarının məsləhətini bir kənara qoyaraq, yalnız tribunadan və hökumət binasından əzələ nümayiş etdirir, ayaqlanan bütövlüyü bəyanatlarla geri qaytarmağa çalışır. Nəticə acınacaqlıdır. Siyasi separatçılar bütün dünyada özlərinə tərəfdarlar qazanaraq Barselonanın informasiya məkanında gərəkli yüksəklikləri tutmasını və hüquqi-siyasi pozitsiyaları qazanmasını təmin ediblər. Madrid isə yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyi ölkənin bütün periferiyalarında təmin edə bilməyəcək".

Deputat qeyd edib ki, referendumdan ötən 28 gün ərzində Kataloniyanın birtərəfli qaydada azadlığını elan etməyə qalxması orada çalışan 800-dən artıq bank və sığorta şirkətlərini qorxudub və onları sərt qərarlar verməyə məcbur edib: "Nəticədə turist axınları 10 faizdən artıq azalıb, investisiya qoyuluşunun strukturunda mənfiyə doğru kəskin dəyişilim var və regional büdcə milyonlarla avro itkiyə məruz qalır. ÜDM-in xüsusi çəkisinin 4 faiz aşağı düşməsi bir müddət sonra müstəqilliyinin bədələni ödətdirəcək və bahalı şəhərlərin vergi yükündə azadlıq qəbzləri qoldan asılmış zəncirə çevriləcək. Lakin indi, hələ eyforiyanın tüğyan elədiyi günlərdə meydanlarda atəşfəşanlığa çıxan milyonlarla insanı aclıqla sınağa çəkib öz yollarından döndərmək müşkül məsələdir. Hər halda yaşlı və orta nəsil mütləqiyyətin - istismarçı rejimlərin bütün məhrumiyyətlərini öz bətnlərində yaşayıblar. Ona görə də Avropanın ortasında şimali Kürdüstanın məruz qaldığı hərbi və iqtisadi sanksiyaların gücü ilə müstəqillikdən daşındıralan kürd nümunəsini təkrarlamaq çətin işdir.

Puçdemon Bərzanidən fərqli olaraq, Qərbin insan azadlıqları və vətəndaş haqları uğrunda ixtisaslaşmış böyük institutlarını 21-ci əsrin ən ağır artilleriyası kimi yanında görür. Doğrudur, ispan kəndliləri Napoleon imperiyasını dağıtmaqda xüsusi hünər göstəriblər. Dünya hökmranlığına qalxmış böyük sərkərdəni Madridin əyalətlərində baş qaldıran yerli üsyanlar tam əldən salır, əskər itkilərinə və maddi məhrumiyyətlərə düçar edirdi. Halbuki indi 18-ci əsr deyil və mübarizənin şərtləri dəyişib. Ona görə də İspaniya hökuməti 127 minlik ordusunu Puçdemonun əliyalın "spartalılarının" üstünə göndərməklə Barselonanın parlament binasından salınmış bayraqlarını yerinə qaytaracağı indandırıcı görünmür. Çünki qətlə yetirilən hər kəs katalon xalqının mücahidinə çevriləcək və daha böyük qanların tökülməsinə vəsilə olacaq".

Z.Orucun fikrincə, "Marseloyoza" sədaları altında yumruq düyünləyənlərə qarşı mükafatlandırma və mərkəzi hakimiyyətin özünün idarə etdiyi separatizm daha effektlidir: "Xalq hərəkatının önünə çıxanların içərisində mütləq birincilik və siyasi eqosunu hamıdan yuxarıda tutan adamlar tarix boyu xəyanət sayılan gizli sövdələşmələrə həmişə can atıblar. Puçdemonu ləkələmək onu öldürməkdən daha asandır. Düşməni məhv etmək üçün onu fiziki cəhətdən qətlə yetirməyə ehtiyac yoxdur. İndi İspaniyaya liderləri ingilis kralı uzunayaqlı I Eduardın hərbi-siyasi irsinə qayıtmağa məhkumdur".

Ceyhun ABASOV

 





31.10.2017    çap et  çap et