525.Az

Gənc ifaçılar Filarmoniyada konsert verdilər - Fotolar


 

AYŞƏN MEHDİYEVA VƏ SƏRXAN BÜNYADZADƏNİN İFALARI RƏĞBƏTLƏ QARŞILANIB

Gənc ifaçılar Filarmoniyada konsert verdilər - <b style="color:red">Fotolar</b>

Oktyabrın 30-da Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan Televiziyasının solistləri - Ayşən Mehdiyeva və Sərxan Bünyadzadə konsert proqramı ilə çıxış ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, AzTV və “Mədəniyyət” kanalları və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşan konsertdə ifaçıları Mustafa Aşurovun rəhbərliyi ilə S.Rüstəmov adına Orkestr müşayiət edib. Orkestrin bədii rəhbəri Əməkdar artist Faiq Sadıqovdur.

Konsert proqramı orkestrin ifasında "Arşın mal alan" operettasından müqəddimə ilə başlayıb.

Gənc xanəndələrin ifasında "Yar incidi", "Oxu, tar", "Getmə", "Naxçıvan təranələri", "Gözünə qurban", "Vağzalı çalınır", "Ay günahkar əzizim", "Vətənimdir", "İnanmaram", "Oxu gözəl", "Sənə də qalmaz", "Aldatmayaq bir-birimizi", "Telli", "Yandım, elə yandım", "Ceyranım, gəl", "Azərbaycanım" və digər xalq və bəstəkar mahnıları səslənib.

Anşlaqla keçən konsertdən sonra ifaçılar və qonaqlarla söhbət etmək, təəssüratlarını öyrənmək imkanımız oldu.

Şair-publisist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid gənc xanəndələrin ifasından böyük zövq aldığını deyib: “Ayşən Mehdizadənin ifası ilə təxminən bir il öncə tanış olmuşam. O, ilk dəfə “Zəminxarə” təsnifi ilə diqqətimi cəlb etmişdi. Sonra mənim dəvətimlə “525-ci qəzet”də onunla müsahibə də hazırlandı. Özünəməxsus səsi, ifa tərzi gənc xanəndələr arasında seçilir. Onda qiymətləndirdiyim digər bir xüsusiyyət isə zəhmətkeşliyi, dayanmadan öz üzərində işləməsidir. Həm də işinə qarşı məsuliyyətlidir. İfalarını tez-tez Youtube kanalında yerləşdirir. Bu da daha böyük publikaya tanınmasında ona yardımçı olur. Bugünkü konsertdə həm Ayşən Mehdiyeva, həm də Sərxan Bünyadzadə gözəl ifaları ilə ruhumuzu oxşadılar. Ən çox xoşuma gələn isə onların repertuar seçimi oldu. Əlvan, rəngli repertuarda çoxdandır eşitmədiyimiz, hətta deyərdim ki, həsrətində olduğumuz mahnıları eşitmək bizi həm sevindirdi, həm də nostalji hisslər yaşatdı. Hər iki gəncimizi ilk və uğurlu konsertləri münasibətilə təbrik edir, onlara daha böyük yaradıcılıq uğurları arzulayıram”.

A.Mehdizadə və S.Bünyadzadənin müəllimi, Xalq artisti Gülyaz Məmmədova da həm müəllim, həm də tamaşaçı kimi konsertdən razı qaldığını deyib: “Hər ikisi mənim tələbəmdir. İkisi də Muğam müsabiqəsində iştirak etmişdilər. Sərxan birinci yerə layiq görülmüşdü. Ayşən xanım isə səhhətindəki problemlərə görə müsabiqəni yarımçıq tərk etməyə məcbur olsa da, böyük tamaşaçı sevgisini qazana bilmişdi, yaddaşlarda qalmışdı. Mən həmişə onlarla fəxr etmişəm, onların istedadına güvənmişəm. Bu konsertlə də onlar mənim güvənimi bir daha doğrultdular. Çox möhtəşəm ifalar eşitdik burda. Ayşən xanım ifası ilə mərhum sənətkarımız Şövkət Məmmədovanı xatırlatdı. Sərxan isə şirin səsi, fərqli ifası ilə bizə çoxdandır duymadığımız hissləri yaşatmağı bacardı. Milli musiqimizi, adət-ənənələrimizi qorumaq, yaşatmaq lazımdır. Sevindirici haldır ki, gənclərimiz buna meyillidirlər. Hər ikisinə uğurlar arzu edirəm”.

Solist Sərxan Bünyadzadə sevincini qəzetimizlə bölüşüb: “Çox məsuliyyətli bir gecə idi. Biz böyük zövqlə ifa etdik, ümid edirəm ki, tamaşaçılar da eyni zövqü ala bildilər. Təşkilatçılara, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımızı bildiririk ki, hər zaman gənclərə dəstək olurlar. Repertuar seçimi müğənninin özünə həvalə olunduğundan mən də çalışdım ki, rəngarənglik olsun, tamaşaçı yorulmasın”.

Solist Ayşən Mehdizadə konsertə hazırlıq prosesindən söz açıb: “Tərəf müqabilimizlə ilk konsertimizdir. İnşallah, bundan sonra bu cür konsertlər davamlı təşkil olunar. Üzərimizdə çox böyük məsuliyyət və bu məsuliyyətdən doğan həyəcanımız vardı. İki ay ərzində gərgin şəkildə konsertə hazırlaşırdıq, orkestrlə ardıcıl məşqlər edirdik. Nəticəsi isə düşünürəm ki, ürəkaçan oldu. Əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.

Konsert həm də Mustafa Aşurovun dirijor kimi ilk dəfə səhnəyə çıxması ilə yadda qalıb. Buna görə iki qat həyəcan keçirdiyini deyən gənc dirijor ona və sənətinə göstərilən etimada görə hər kəsə təşəkkürünü bildirib: “Gənc yaşda böyük bir orkestrə dirijor təyin olunmağım mənə və sənətimə göstərilən böyük etimaddır, dəyərdir. Bu cür böyük dəyəri göstərənlərə dərin minnətdarlığımı bildirirəm. Kiçik yaşlarımdan Filarmoniyanın səhnəsində orkestrin müşayiəti ilə solist olaraq konsertlərdə iştirak etmişəm. Ona görə də sənətimdəki bu cür önəmli addımın yenə də doğma Filarmoniya səhnəsində atılmağı mənim üçün əlavə bir dəstək idi. Solistlərimiz muğam ifaçıları olmaqlarına baxmayaraq, konsert bəstəkar mahnılarından ibarət repertuarla hazırlanmışdı. Fikrimcə, bu, tamaşaçılar tərəfindən daha da maraqla qarşılandı”.

Şahanə MÜŞFİQ

 





31.10.2017    çap et  çap et