525.Az

Gəncə alim və şair Rübail ilə vidalaşdı


 

Gəncə alim və şair Rübail ilə vidalaşdı<b style="color:red"></b>

"Gəncənin şeiriyyət binası keçən il Bahadur Fərmanı, bu gün isə Rübaili itirməklə iki möhtəşəm sütundan məhrum oldu" - bu sözləri alim və şair Rübail Allahverdiyevlə vida mərasimində yazıçı Qərib Mehdi söylədi.

Ömrünün 77-ci ilində dünyaya gözlərini əbədi yummuş gəncəli ziyalı - baytarlıq üzrə  professor, həmçinin Azərbaycan poeziyasının tanınan isimlərindən olan Rübail Allahverdiyevin  gəncliyindən ömrününü son günlərinədək çalışdığı Azərbaycan Dövlət Aqrar Universitetinin binası önündə qoyulmuş cənazəsi ilə halallaşmağa yüzlərlə adam - Rübailin övlad və yaxınları, iş və sənət yoldaşları, dost və tanışları, onun elmimizə verdiyi töhfələrdən və söz xəzinəsindən hali olanlar yığışmışdı.
 
Rübaillə vidalaşarkən çıxış edənlər bu əsl ziyalı insanın elmi-pedaqoji, ictimai və ədəbi fəaliyyətində daim yüksək amallara sadiq olduğunu vurğuladılar, "Ürəyimdə üç ünvanın yeri var: Ulu Gəncə Şeyx Nizami, Xan Çinar!" deyən şairin öz ömrünü həm də Ana yurdun və onun dəyərlərinin vəsfinə həsr etdiyini xatırlatdılar. 

"Dərd odda yanmayır, yansa nə dərdim-
Külünü dərdimə dərman edərdim.
Torpağa basdırdım dərdi ki, ölsün,
Cücərdi bar verdi - dərdim... nə dərdim".

Rübailin bu misrasını da onunla lap uşaqlıq yaşlarından dostluq etmiş həmkarı, qocaman professor Zaur Həsənov elə şairin özünə son vida sözləri  kimi səsləndirdi. Alim-şair Rübail Gəncənin qədim "Səbzikar" məzarlığında dəfn edildi.

Zakir MURADOV
Gəncə

 





31.10.2017    çap et  çap et