525.Az

Şərqlə Qərbi birləşdirən qlobal layihə


 

"BAKI-TBİLİSİ-QARS"IN İSTİFADƏYƏ VERİLMƏSİ TARİXİ ƏHƏMİYYƏT KƏSB EDƏN HADİSƏDİR

Şərqlə Qərbi birləşdirən qlobal layihə<b style="color:red"></b>

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi qlobal əhəmiyyətə malik olan böyük tarixi nailiyyətdir.

Layihənin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın baş naziri Abdulla Aripov, həmçinin, Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin iştirak etməsi Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizinə göstərilən diqqətin əyani təzahürüdür. BTQ Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. Layihə iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər.  Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir. Bu layihə Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artırır, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır. Dəmir yolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək.

Rəsmi Bakının güclü siyasi iradəsi, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri, əməkdaşlıq və etimad mühiti BTQ ilə bağlı qarşıya qoyulan hədəflərə çatmaq imkanı verib. Dəmir yolu xəttinin uğurlu fəaliyyəti iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini də artıracaq. Bu yol, həmçinin, bölgədə sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək.

Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təşkil olunan təntənəli açılış mərasimində çıxışı zamanı qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi və strateji əhəmiyyətli qlobal layihədir. Prezidentin vurğuladığı kimi, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olmaqla Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir.

Bu dəmir yolu xətti ilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Ona görə də, BTQ-dən istifadə edən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, əməkdaşlıq dərinləşəcək, ölkələr bir-birinə daha yaxın olacaq.

Ölkə rəhbəri çıxışında onu da bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birini dəstəkləyirlər, özləri və dünya üçün önəmli olan layihələri icra edirlər: "Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı sayəsində 2006-cı ildə böyük tarixi əhəmiyyətə malik olan, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri inşa edilib. Dünya miqyaslı, Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi də məhz Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır. Regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaq, bir-birini dəstəkləyəcəklər".

Prezident qeyd edib ki, BTQ layihəsinə Orta Asiya ölkələri, o cümlədən, Qazaxıstan böyük maraq göstərir: "Yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək".

Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində də mühüm addımlar atdığını deyən İlham Əliyev bildirib ki, Azərbaycan ərazisində dəhlizlə bağlı bütün işlər tamamlanıb, bütün infrastruktur hazırdır: "Azərbaycan digər ölkələrdə də infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur.

Hazırda Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində də iş aparılır. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcək. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək".

Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsiylə Azərbaycanın regionda nəqliyyat qovşağına çevrilməsi yolunda sonuncu sayılmasa da, ən mühüm addımlardan biri atılıb: "Bununla ölkəmiz hər il 50 milyondan bir milyard dollaradək gəlir əldə etmək şansı qazanır. Bir daha vurğulayırıq ki, əlbəttə, bu, önəmlidir. Ancaq bu dəmir yolunun ən böyük önəmi onun regionun geosiyasi xəritəsinə yenidən düzəliş edərək bütün türk ölkələrini birləşdirməsidir".

S.Alıyev xatırladıb ki, on il bundan öncə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin özülü qoyular-qoyulmaz Azərbaycanla Türkiyənin qarşı-qarşıya gətirilməsinə yönəlmiş "futbol diplomatiyası" deyilən bir oyun ortaya atılmışdı: "Bunun ardından, 2008-ci ilin avqustunda Ermənistanda Gümrü-Qars dəmir yolu xəttində təmirə başladıldı. Burada məqsəd nə idi? Bakı-Tbilisi-Qars dəmir yolu xəttininin önəmini heçə endirmək. Həm də təkcə iqtisadi baxımdan yox. Əgər Gümrü-Qars dəmir yolu xətti işə düşsəydi, təkcə Azərbaycanın deyil, elə Türkiyənin də bundan aldığı geosiyasi zərbə iqtisadi zərərdən qat-qat artıq olacaqdı. Amma rəsmi Bakının sərt və qətiyyətli davranışı, böyük Türk xalqının təpkisi nəticəsində bu məkrli plan baş tutmadı, Sürix protokollarıyla birgə hara lazımdırsa, ora da getdi. Bu planın məkrliliyini daha yaxşı anlamaq üçün 1899-cu ildə işə salınan elə həmin o Tbilisi-Gümrü-Qars dəmir yolu xəttinin hansı məqsədlə çəkilməsinə diqqət yetirmək gərəkir. Onu ikinci Nikolay çəkdirmişdi. Məqsəd də Türkiyəni Qarsdan başlayaraq İstanbula qədər Rusiyaya birləşdirmək idi. Bəli, Tbilisi-Gümrü-Qars dəmir yolu xətti ilk növbədə hərbi-siyasi məqsədlərə xidmət edirdi. Burada Türkiyəylə Rusiyanı birləşdirən yoldan yox, Türkiyəni Rusiyaya birləşdirmək yolundan söhbət gedirdi və bu planda da ən mühüm yer ermənilərə ayrılmışdı".

Planın alınmadığını deyən deputat qeyd edib ki, Rusiya birinci dünya savaşında uduzdu, inqilab baş verdi: "Sonra SSRİ yaradıldı. SSRİ-nin yaradılmasıyla da Güney Qafqazın xəritəsini dəyişdirərək Zəngəzurun böyük bir hissəsini Azərbaycandan qoparıb Ermənistan etdilər. Azərbaycanla Türkiyə arasında erməni anklavı yaratdılar. Bununla da təkcə Azərbaycanı Türkiyəylə deyil, Altayları Anadoluyla birləşdirən zəncir qırıldı".

S.Alıyev hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə, belə demək mümkünsə, polad qollarla həmin zəncir Gürcüstan üzərindən yenidən birləşdirilir.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə qeyd edib ki, bu il Azərbaycan üçün kifayət qədər mühüm tarixi məqamlarla yadda qalacaq: "Beynəlxalq birliyin diqqət mərkəzində olan "Yeni əsrin müqaviləsi"nin imzalanması, üstəlik, bugünlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi bunun bariz nümunəsidir. Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçərək Türkiyənin Qars şəhərinə gedən, beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirən bu dəmir yolu xətti ölkəmizə böyük siyasi və iqtisadi dividendlər gətirəcək".

V.Rəhimzadənin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı çox böyük tarixi hadisədir: "2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsinin açılışında Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi haqqında bəyannamə, 2007-ci ildə isə dəmir yolu xəttinin tikintisinə başlanılması ilə əlaqədar saziş imzalanmışdı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Bakı-Tbilisi-Qars layihəsinin reallaşmasında məhz Azərbaycanın böyük rolu olub. Bu amil isə bir daha onu göstərir ki, Azərbaycan regional və qlobal əhəmiyyətli layihələrin əsas iştirakçısı və təşəbbüskarıdır".

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, bu layihənin reallaşması Azərbaycan, Türkiyə və Gürcüstanın birliyinin yüksək səviyyədə olduğunu göstərir: "Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində çıxış edən prezident İlham Əliyev bir sıra mühüm məqamlara aydınlıq gətirib. Ölkəmizin başçısı bildirib ki, çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Lakin üç ölkə sübut etdi ki, bu, mümkündür. Azərbaycanın güclü iradəsi, qarşılıqlı dəstək, inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun sübutudur. Prezident regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyənin bundan sonra da daim bir yerdə olacaqlarına, bir-birlərini dəstəkləyəcəklərinə əminliyini ifadə edib. Hesab edirəm ki, bu əməkdaşlıq region və dünya üçün təhlükəsizlik, sülh və inkişaf vəd edir".

"İki sahil" qəzetinin baş redaktoru əlavə edib ki, uzunluğu 840 kilometr olan BTQ dəmir yolu xətti ölkəmizin beynəlxalq tranzit və logistika mərkəzlərindən birinə çevrildiyinin göstəricisidir: "Bu dəmir yolu xətti Şərqdən Qərbə qədər olan böyük məsafədə yük və sərnişin daşımalarında vaxt və maliyyə sərfiyyatını azaldacaq. Bununla yanaşı, Bakı-Tbilisi-Qars, həmçinin, ölkə iqtisadiyyatının inkişafına da böyük dərəcədə müsbət təsir göstərəcək. Nəticədə ölkəmizin ilk illərdə tranzitdən minimal gəliri təxminən 50 milyon dollara bərabər olacaq. Sözsüz ki, bütün bunlar ilkin proqnozlardır. Zaman keçdikcə Bakı-Tbilisi-Qars layihəsinin region və dünya üçün əhəmiyyəti daha aydın görünəcək".

Vüqar Rəhimzadə vurğulayıb ki, BTQ-yə beynəlxalq diqqət və dəstək də çox böyükdür: "Dəmir yolu xətti Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir. BTQ-nin istifadəyə verilməsi ilə bağlı yayılan bəyanatlarda ba biz bunu açıq şəkildə görürük. Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin bəyanatında qeyd edilir ki, qurum yeni dəmir yolu dəhlizini alqışlayır. Avropa İttifaqı əmin olduğunu bildirir ki, bu layihə sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaq. Bu və digər amillər dəmir yolu xəttinin əhəmiyyətini artırmaqla yanaşı, ölkəmizin beynəlxalq miqyasdakı nüfuzunu daha da möhkəmləndirəcək".

Qeyd edək ki, BTQ dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün oldu. 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər edən prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib.  2005-ci il mayın 25-də isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycan prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 2007-ci il, noyabrın 21-də üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda kəndində BTQ tikintisinin təməli qoyulub, Marabda stansiyasında açılış mərasimi keçirilib. 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Bunun 500 km-i Azərbaycan, 260 km-i Gürcüstan, 80 km-i isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 km-ə yaxın olan tunel inşa edilib.

Ceyhun ABASOV

 





01.11.2017    çap et  çap et