525.Az

Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədə


 

İKİ ÖLKƏNİN YÜKSƏK SƏVİYYƏLİ STRATEJİ ƏMƏKDAŞLIQ ŞURASININ 6-cı İCLASI KEÇİRİLİB, PREZİDENTLƏR MƏTBUATA BƏYANATLARLA ÇIXIŞ EDİBLƏR

Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədə<b style="color:red"></b>

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC-ın məlumatına görə, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilib.

Prezidentlər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının əlaqələrin perspektivlərinin müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulanıb. Qlobal layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının əhəmiyyəti qeyd edilib. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclası keçirilib. İclasda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğunu bildirib: "Cənab Prezident, biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu gün biz təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Bir daha görürük ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Əlaqələrimizin inkişafı ilə bağlı bizim fikirlərimiz üst-üstə düşür. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bu toplantısı da əminəm ki, çox uğurlu nəticə verəcək. Gündəlikdə bir çox məsələlər var - siyasi əlaqələr, beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz, iqtisadi sahədə əməkdaşlıq, hərbi, hərbi-texniki əməkdaşlıq, təbii ki, enerji, nəqliyyat məsələləri. Yəni, gündəlik kifayət qədər genişdir və bütün istiqamətlər üzrə çox yaxşı nəticələr var. Bizim qəbul etdiyimiz qərarlar icra edilir və hökumətlərarası birgə komissiya da çox uğurla fəaliyyət göstərir. Əminəm ki, bu gün geniş tərkibdə müzakirə ediləcək məsələlər də yaxşı nəticələrə gətirib çıxaracaq. Bir daha xoş gəlmisiniz".  

Türkiyə prezidenti isə bunu deyib: "Hörmətli prezident, dəyərli heyət üzvləri. Əvvəlcə, gəldiyimiz andan bəri göstərdiyiniz qonaqpərvərliyə görə həm öz, həm də nümayəndə heyətim adından çox təşəkkür edirəm. İki gün ərzində keçirdiyimiz görüşlərlə birlikdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın, dostluğun necə yüksək səviyyəyə çatdırıldığını xüsusilə sevinc içərisində müşahidə edirik. Xüsusilə indi Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, atdığımız addımın nəticəsini görmək bizi çox qürurlandırır. Dünən (oxu: oktyabrın 30-də) 15 dəqiqəlik dəmir yolu səyahətimizi vətəndaşlarımız, xalqlarımız gördülər. İnşallah, onların tezliklə təkcə Qarsdan Bakıya deyil, Pekinə, Londona getdikləri günləri də hamımız birlikdə görəcəyik və dualarını eşidəcəyik. Bu münasibətlə dəyərli qardaşım sizə, həmçinin, memarından mühəndisinə, podratçısına qədər bütün firmalara, əməyi olan bütün nazir yoldaşlarımıza çox təşəkkür edirəm.

Bu münasibətlə keçirdiyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının da xeyirli olmasını diləyirəm".

İclas başa çatdıqdan sonra prezident İlham Əliyevin və prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

Ölkə başçıları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının Protokolu"nu imzalayıblar.

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Yüksək Təhsil Qurumunun rəhbəri Yekta Saraç imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Tü

rkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının təhsil naziri İsmet Yılmaz imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekci imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Nurettin Canikli imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında yem bitkiləri toxumu istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıblar.

Sənədlərin imzalanması mərasimindən sonra ölkə başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev qeyd edib ki, iki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir: "Dünyada bir-birinə bu qədər yaxın olan, dəstək verən başqa ölkələr yoxdur".

İlham Əliyev bildirib ki, iki ölkə arasında dostluq, qardaşlıq, birlik ən yüksək səviyyədədir: "Müzakirə olunan məsələlərlə bağlı aramızda fikir birliyi var. Bütün müzakirə olan məsələlər həyatda öz həllini tapır. Siyasi əlaqələr uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər olur. Mən bu il iki dəfə Türkiyədə səfərdə olmuşam. Nazirlər, digər vəzifəli şəxslər tez-tez görüşürlər. Beynəlxalq təşkilatlar çərçivəsində də bir-birimizi dəstəkləyirik. Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanındadır".

Dövlət başçısı deyib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bölgə üçün böyük amildir və sabitləşdirici rol oynayır. Onun sözlərinə görə, Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünyada böyük gücə çevrilib, dostlar buna sevinir: "Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədi olacaq".

Ölkə başçısı deyib ki, Azərbaycanla Türkiyə arasında imzalanan imtiyazlı ticarət anlaşması böyük əhəmiyyət daşıyır: "Bu, ticarət dövriyyəsinin artmasına imkan verəcək".

Prezident qeyd edib ki, Azərbaycandan indiyə kimi Türkiyəyə 10 mlrd. dollar, Türkiyə isə Azərbaycana 11 mlrd. dollar sərmayə qoyub: "Bu sərmayə artacaq. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 mlrd. dollara çatmalıdır".

İlham Əliyev vurğulayıb ki, toplantıda enerji nəqliyyat məsələləri ənənəvi olaraq müzakirə edilib. "Bütün qarşımıza qoyulan məsələlər öz həllini tapdı. Biz qarşıya qoyulan hədəflərimizə doğru irəliləyirik. TANAP-ın icrası ilə bağlı problem yoxdur. Yaxın vaxtlarda bu layihənin icrası başa çatacaq. Bakı-Tbilisi-Qars layihəsi istismara verildi. Bu tarixi hadisəni qeyd etdik. Bu bizim böyük uğurumuz və qələbəmizdir. Türkiyə və Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu bütün layihələr icra edilir".

Türkiyə prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə etdiklərini deyən dölvət başçısı bildirib ki,  danışıqlarda son vəziyyət barədə  Rəcəb Tayyib Ərdoğana məlumat verilib: "Əfsuslar olsun ki, bu münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağ və 7 rayon işğal altındadır, bir milyon azərbaycanlı öz torpağında köçkün vəziyyətindədir. BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 4 qətnamə qəbul edilib. Qətnamələrə əsasən erməni silahlı qüvvələri dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmalıdır. Lakin bu qətnamələr kağızda qalır. Ermənistan onlara məhəl qoymur və münaqişə həllini tapmır".

İlham Əliyev qeyd edib ki, bu, Azərbaycana qarşı göstərilən ikili standart siyasətidir: "Bəzən BMT TŞ-nin qətnamələri bir neçə günə icra edilir. Bizə gəldikdə, 20 ildən çoxdur qətnamələr icra olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç zaman imkan verməz ki, onun torpaqlarında ikinci erməni dövləti yaransın. Bu məsələdə dəstəyə görə türkiyəli həmkarıma minnətdarlığımı bildirmişəm. Türkiyə hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini dəstəkləyir".

Prezident bildirib ki, hərbi əməkdaşlıq Türkiyə və Azərbaycan arasında gündəlikdə duran məsələdir. Dövlət başçısı bu il 3 dəfə birgə hərbi təlimlər keçirildiyini xatırladıb: "Təlimlərdən ikisi Bakıda, biri Naxçıvanda keçirilib. Bu da bizim hərbi sahədə əməkdaşlığımızı gücləndirən amildir. Hərbi texniki sahədə də əməkdaşlığımız davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün çox maraqlıdır. Biz Türkiyədən hərbi məhsullar alırıq və alacağıq".

Öz növbəsində mətbuat konfransında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu gün (oxu: oktyabrın 31-də) Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçirilib, dünən (oxu: oktyabrın 30-da) isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub: "Bütün bunlar Türkiyə və Azərbaycan arasında əlaqələrin nə qədər güclü olduğunu göstərir. TANAP da bunun ən gözəl nümunələrindən biridir. İnşallah, qısa zamandan sonra Azərbaycan qazı Avropaya nəql olunmağa başlayacaq. Bu, bəzilərini narahat edir. Bakı-Tbilisi-Qars dəmir yolu tikilərkən də bunun real olmadığını deyənlər vardı. Dünən bu dəmir yolunun açılışını etdik. İnşallah, bu dəmir yolu ilə yüz minlərlə insan səfər edəcək, Londona qədər gedə biləcəklər. Bu dəmir yolu xətti ilə böyük həcmdə yük də daşınacaq və iqtisadi səmərəliliyini ortaya qoyacaq".

R.T.Ərdoğan qeyd edib ki, artıq Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,6 milyard dollara çatıb: "Neft qiymətlərinin aşağı düşməsi ilə ticarət həcmində azalma olmuşdu. Artıq bu sahədə də vəziyyət stabilləşib. Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatacağına inanıram. Son dövrlər müdafiə sənayesi sahəsində də əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Turizm və mədəniyyət, təhsil sahəsində atdığımız, atacağımız addımlar da mühümdür. Qarşıdakı dövrdə Bakı-Ekspo sərgisinin keçirilməsi nəzərdə tutulub. Türkiyə bu tədbirdə geniş təmsil olunacaq, öz təcrübəsini bölüşəcək".

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ilə birgə nahar ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb.

 





01.11.2017    çap et  çap et