525.Az

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti uzadıldı


 

ZİYAFƏT ƏSGƏROV: "SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMALARIN DAİRƏSİNİ GENİŞLƏNDİRİLMƏYƏ EHTİYAC YOXDUR"

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti uzadıldı<b style="color:red"></b>

Milli Məclisin (MM) dünən keçirilən növbəti plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib.

MM-in İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik təklif edilir.

Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Komitə sədri əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib: "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması bu sahədə müsbət dəyişikliyə səbəb olub.  Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir. Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi Səhiyyə Nazirliyi tərəfindən, qidaların keyfiyyətinə nəzarət isə 2018-ci ildə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılacaq".

Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, bu qanunun tətbiq sahəsinə əmək müqavilələrinin yoxlanılması da daxil edilməlidir: "Biz müəyyən sahibkarlar tərəfindən əmək müqaviləsi olmadan işçilərinin çalışması hallarının şahidi oluruq. Yaxud, əmək müqaviləsində nəzərdə tutulandan aşağı məvacib verilir. Bu insanların gələcək taleyi necə olacaq? Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətini artırılmalıdır. İnsanların iş yerlərinə ehtiyacı var. Öz hüququnu qoruyan insanlar onların yerinə başqalarının gətirilməsindən ehtiyatlanır. Buna görə də onlar əmək müqaviləsi olmadan çalışmaq məcburiyyətində qalır".

Birinci vitse-spiker, MM-in komitə sədri Ziyafət Əsgərov da öz növbəsində qeyd edib ki, sahibkarlıq sahəsində yoxlamaların dairəsini genişləndirilməyə ehtiyac yoxdur.

Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna əsasən, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

 





01.11.2017    çap et  çap et