525.Az

Azərbaycandakı iqtisadi islahatların müsbət əks-sədası


 

ÖLKƏMİZ "DOİNG BUSİNESS 2018" HESABATINDA MÖVQEYİNİ 8 PİLLƏ YAXŞILAŞDIRIB

Azərbaycandakı iqtisadi islahatların müsbət əks-sədası<b style="color:red"></b>

Dünyada biznes mühitinin qiymətləndirilməsi sahəsində ənənəvi olaraq dərc olunan hesabatlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır.

Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business" hesabatıdır.

Azərbaycan prezidentinin iqtisadi islahatlar paketinin reallaşdırılmasının nəticəsi olaraq ölkəmiz 190 ölkənin biznes mühitini qiymətləndirən növbəti "Doing Business 2018" hesabatında 8 pillə irəliləyərək 57-ci mövqeyə yüksəlib, ötən il ərzində davam etdirilən uğurlu islahatların nəticəsi olaraq, 6 göstərici üzrə mövqeyini yaxşılaşdırıb.

İqtisadiyyat Nazirliyindən bu barədə verilən məlumata görə, oktyabrın 31-də açıqlanmış "Doing Business 2018" hesabatında Azərbaycan "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 22 pillə irəliləyərək 10-cu pilləyə, "Əmlakın qeydiyyatı" göstəricisi üzrə 1 pillə irəliləyərək 21-ci pilləyə, "Vergilərin ödənişi" göstəricisi üzrə 5 pillə irəliləyərək 35-ci pilləyə, "Müqavilələrin icrasının təmin edilməsi" göstəricisi üzrə 6 pillə irəliləyərək 38-ci pilləyə, "Müəssisənin bağlanması" göstəricisi üzrə 39 pillə irəliləyərək 47-ci pilləyə, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 3 pillə irəliləyərək 102-ci pilləyə yüksəlib.

Hesabatda bir sıra göstəricilər üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan islahatlar xüsusi qeyd edilib. Azərbaycan "Doing Business 2018" hesabatında Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri kimi qiymətləndirilib.

 "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 25 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilmiş dəyişikliklər, "Kreditin əldə edilməsi" göstəricisi üzrə "Kredit büroları haqqında" Azərbaycan Respublikasının 28 oktyabr 2016-cı il tarixli Qanununun qəbul edilməsi, "Müqavilələrin bağlanması" göstəricisi üzrə məhkəmə ödənişlərinin "Hökumət Ödəniş Portalı" vasitəsilə elektron qaydada həyata keçirilməsinin tətbiqi, "Müflisləşmənin həlli" göstəricisi üzrə "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş 25 aprel 2017-ci il tarixli dəyişikliklər "Doing Business 2018" hesabatında Azərbaycanın həyata keçirdiyi islahatlar kimi xüsusi qeyd olunub.

Hesabatda Azərbaycan "Kiçik investorların maraqlarının qorunması" (10), "Biznesə başlama" (18), "Əmlakın qeydiyyatı" (21), "Vergilərin ödənilməsi" (35), "Müqavilələrin icrasının təmin edilməsi" (38), "Müəssisənin bağlanması" (47) göstəriciləri üzrə reytinqdə ilk 50 ölkənin sırasına daxil edilib.

Ceyhun ABASOV

 





02.11.2017    çap et  çap et