525.Az

Nəsmi Ağayev Qərbi Los Anceles Ticarət Palatasında çıxış etdi


 

Nəsmi Ağayev Qərbi Los Anceles Ticarət Palatasında çıxış etdi<b style="color:red"></b> Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev noyabrın 1-də Qərbi Los Anceles Ticarət Palatasının (West Los Angeles Chamber of Commerce) dəvəti ilə palatanın üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib.
 
Baş Konsulluqdan 525.az-a verilən xəbərə görə, N. Ağayev öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edərək ölkənin müsəlman dünyasında ilk dünyəvi respublika yaradaraq qadınlara ABŞ-dan da öncə seçki hüququ verən ölkə kimi tarixə düşdüyünü bildirib. O, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşduğunu, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətçiliyin möhkəmləndirilməsi yolunda önəmli və ciddi addımların atıldığını, iqtisadiyyatın müxtəlif sahələrində mühüm islahatların aparıldığını diqqətə çatdırıb.
 
Azərbaycanda iqtisadi inkişafın bu gün sabit şəkildə davam etdiyini vurğulayan N. Ağayev ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqda tədbir iştirakçılarını məlumatlandırıb. Diplomat Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasının önəminə toxunaraq ölkədə istehsal imkanlarının perspektivləri haqqında danışıb və Azərbaycanın regionda aparıcı iqtisadi göstəricilərə malik olduğunu qeyd edib.
 
Daha sonra N. Ağayev Azərbaycanla ABŞ arasında iqtisadi və biznes əlaqələrinin inkişafından bəhs edərək ölkədə çoxlu sayda ABŞ şirkətlərinin iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiklərini bildirib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri barədə məlumat verən baş konsul, bir neçə gün öncə açılışı baş tutmuş Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi və strateji önəmini qeyd edərək bu dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu söyləyib.
 
N. Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti haqda da tədbir iştirakçılarını məlumatlandırıb.
 
Sonda baş konsul iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, Los Ancelesdə yüksək nufuza sahib olan Palata özündə 1200-dən çox tanınmış şirkəti birləşdirir. Palatanın üzvləri qarşısında mütəmadi olaraq Los Anceles meri, ABŞ konqresmenləri və senatorları və digər Kaliforniya siyasətçiləri çıxış edir.
 





03.11.2017    çap et  çap et