525.Az

Azərbaycan-İran-Rusiya formatı: siyasi və iqtisadi əməkdaşlıq platforması


 

"ÜÇ ÖLKƏ PREZİDENTLƏRİNİN TEHRANDA GÖRÜŞÜB AZƏRBAYCANDAN KEÇƏCƏK ŞİMAL-CƏNUB DƏMİR YOLU LAYİHƏSİNİ MÜZAKİRƏ ETMƏSİ ERMƏNİSTANIN TƏCRİDİNİ DAHA DA GÜCLƏNDİRİR"

Azərbaycan-İran-Rusiya formatı: <b style="color:red">siyasi və iqtisadi əməkdaşlıq platforması</b>

Azərbaycan-İran-Rusiya üçtərəfli formatı regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında iqtisadi-ticari əlaqələrinin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır.

Üçtərəfli görüşü zamanı ilk növbədə regional təhlükəsizlik məsələləri müzakirə olunub, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsi və səylərin gücləndirilməsi vurğulanıb.

Gündəlikdə duran digər məsələ kimi üçtərəfli və ikitərəfli formatda iştirakçı ölkələr arasında iqtisadi-ticari sahədə əməkdaşlığın nəticələri nəzərdən keçirilib, bu istiqamətdə olduqca müsbət dinamikanın olduğu qeyd edilib və qarşıdan gələn dövr üçün potensial imkanlar müzakirə olunub. Əsas diqqət enerji, gömrük, bankçılıq, yeni texnologiyalar, müştərək investisiyaların yatırılması, kənd təsərrüfatı və digər məsələlərə yönəldilib. Üç ölkə arasında enerji, neft-qaz hasilatı və ixracı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq tədbirlər müzakirə mövzusu olub. Azərbaycan, İran və Rusiyanın enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbət qiymətləndirilib. Qarşıdan gələn dövrdə neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və digər məsələlər nəzərdən keçirilib.

Aparılan üçtərəfli danışıqlarda, həmçinin, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr, bu marşrutların yaratdığı geniş imkanlar, regionun iqtisadi inkişafında oynayacağı rol və digər bu kimi məsələlər müzakirə olunub.

Transmilli nəqliyyat layihələrinin müzakirəsi zamanı yeni fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin perspektivi də nəzərdən keçirilib, onun yüksək potensialı və perspektivi vurğulanıb, BTQ də daxil olmaqla hər bir iştirakçı dövlətin maraqları çərçivəsində Şərqlə Qərbi birləşdirən bütün marşrutlardan istifadə olunması imkanları bəyənilib.

Ümumiyyətlə, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və dgər formatlar Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli fəaliyyət göstərirlər.

Azərbaycan prezidenti İlham Əliyev son günlər ərzində region dövlətlərinin rəhbərləri ilə görüşüb və bütün sahələr daxil olmaqla qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib. Ekspertlər hesab edirlər ki, ölkə prezidentinin təşəbbüskarı olduğu bütün bu görüşlər çərçivəsində əldə olunmuş razılaşmalar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr vəd edir.

Bu, Azərbaycanın regionda lider rolunu, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir.

Prezidentlərin üçlü formatda baş tutan görüşü ilə bağlı fikirlərini bildirən  "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Tehranda baş tutan prezidentlərin üçtərəfli görüşünü müsbət qiymətləndirir: "Prezidentlər əsasən şimal-cənub dəmiryol xəttinin tikintisini müzakirə etmək üçün Tehrana toplaşıblar. Bu layihə Bakı-Tbilisi-Qars layihəsi kimi, Azərbaycanın bölgədəki iqtisadi və siyasi çəkisini artıracaq. Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsindən iki gün sonra Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda görüşüb Azərbaycandan keçəcək digər dəmir yolu layihəsini müzakirə etməsi Ermənistanın təcridini daha da gücləndirir. Bizə də elə bu lazımdır".

Politoloqun sözlərinə görə, işğalçı ölkə çox çalışdı ki, mehriban münasibətlərdə olduğu Tehran və Moskva dəmir yolunu Ermənistandan uzatsınlar: "Alınmadı. Çünki Ermənistan ərazisindəki dağ yollarında dəmir yolu çəkmək üçün milyardlar lazım idi. Rusiya və İran nə qədər Ermənistanın başını tumarlasalar da, reallıqdan çıxış edərək Azərbaycan marşrutuna üstünlük verdilər. Bir də ki, kasıb Ermənistandan fərqli olaraq Azərbaycan tikinti üçün heç kimdən pul dilənmir, tam tərsinə, Gürcüstana və İrana kreditlər verdi ki, dəmiryollarının tikintisi sürətləndirsin".

E.Şahinoğlu hesab edir ki, hər iki layihənin geosiyasi əhəmiyyəti böyükdür: "Zamanla dəmir yolları tam gücüylə işlədikdə bunun təsirini daha çox hiss edəcəyik".

Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə isə qeyd edib ki, Azərbaycanın həm Rusiya, həm İranla hər zaman yaxşı münasibətləri olub. O, SİA-ya bildirib ki, üçtərəfli formatda münasibətlər son dövrdə yaranan və artıq uğurla inkişaf edən birlikdir. Deputatın sözlərinə görə, üç ölkə birlikdə regional layihənin həyata keçirməyin təşəbbüskarıdırlar: "Şimal-Cənub" adlanan nəqliyyat dəhlizi hər iki istiqamətə yüklərin qısa zamana daşınmasını təmin edəcək. Əslində, bu layihə üç ölkənin iqtisadiyyatının bir-birini tamamlamasına, digər iqtisadi əlaqələrin də nəzərdən keçirilməsinə səbəb olur. Hər üç ölkənin eyni regionda, Xəzər dənizi sahilində yerləşdiyini nəzərə alsaq, yaxın əlaqələr Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsində də böyük rol oynayır".

A.Mirzəzadə qeyd edib ki, zirvə görüşündə Azərbaycan, İran və Rusiya beynəlxalq aləmdə gedən proseslər haqqında da fikir yürüdüblər: "Bu gün qaynar nöqtələrdən birinin Suriya və İraq və bu məsələnin region üçün təhlükəli olduğunu nəzərə alsaq, yəqin ki, üçtərəfli zirvə görüşündə bu problemin müzakirəsi və həllinə dəstək verilməsi də vacib olan məsələlərdən hesab oluna bilər".

"Ümumiyyətlə, Azərbaycanın regionda stabilliyin təminatçısı rolunu oynadığı açıq şəkildə hiss olunur. Ölkəmizin regional layihələrlə bağlı təşəbbüslər irəli sürməsi və həyata keçirməsi, qonşu dövlətlərlə dinc yaşamaq prinsiplərinə riayət etməsi, dünyaya öz inkişaf modelini təqdim etməsi, istənilən dövlətin Azərbaycanla münasibət qurmasını maraqlı edir. Ötən gün Tehranda keçirilən üçtərəfli görüş bir daha göstərdi ki, Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir ciddi addım atmaq mümkün deyil" - deyə, deputat vurğulayıb.

A. Mirzəzadə əlavə edib ki, Tehranda baş tutan üçtərəfli görüş eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinə də müsbət təsirini göstərəcək: "Çünki bildiyiniz kimi, Rusiya həmsədr ölkələrdən biridir və onun Ermənistana ciddi təsir imkanları var. Bu gün problemin həll edilməmiş qalması, həm Rusiya, həm də Ermənistan üçün ciddi problemlər yaradır. Düşmən ölkə regional layihələrdən kənarda qalmaqla yanaşı, Azərbaycan, Türkiyə kimi güclü tərəf müqabilini itirmiş olur. Bu gün Ermənistan çox ciddi iqtisadi böhran içindədir. 3 milyonluq ölkənin yarım milyonu Rusiyada əmək miqrantı kimi çalışır və onlar geri qayıtmaq fikrində deyillər. Azərbaycanın ərazi bütövlüyünü tanımadığına görə ciddi böhran içində olan Ermənistanın daha da zəifləməsi Rusiyanın regiondakı mövqelərini zəiflətmiş olur. Bu baxımdan problemin həlli istiqamətində biz Rusiyadan ciddi və təsirli addımlar gözləyirik. Eyni zamanda, İranla Ermənistan arasında sıx dostluq əlaqələrinin olduğunu nəzərə alsaq, müsəlman ölkəsi olan İranın düşmən ölkəyə dəstək verməsi Azərbaycan tərəfindən heç də müsbət qəbul edilmir. Bu dostluğun problemin həllinə mənfi təsir etməsi ilə bağlı fikirlərimiz İran tərəfinin diqqətinə çatdırılır. Ümumən götürdükdə, hər iki ölkə Azərbaycanla dostluğun vacib olduğu qənaətindədir. Azərbaycanın probleminin həll edilməmiş qalması, bu dostluğun hərtərəfli inkişaf etməsinə mane olur".

Ceyhun ABASOV

 





03.11.2017    çap et  çap et