525.Az

"Adın azadlıqdır" işıq üzü görüb


 

GÜNEY AZƏRBAYCAN ŞEİR ANTOLOGİYASI NURƏNGİZ GÜNÜN XATİRƏSİNƏ HƏSR EDİLİB

"Adın azadlıqdır" işıq üzü görüb<b style="color:red"></b>

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda mərhum şairimiz Nurəngiz Günün xatirəsinə həsr olunmuş "Adın azadlıqdır" adlı Güney Azərbaycan şeir antologiyasının təqdimat mərasimi keçirilib.
 
AYB və Avrasiya Sənət, Kültür, Elm və Ədəbiyyat Federasiyasının (ASKEF)  birgə layihəsi olan nəşrin təqdimatında millət vəkilləri, yazarlar və media nümayəndələri iştirak ediblər.

Mərasimi giriş nitqi ilə açan layihənin rəhbəri, AYB-nin Güney Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruz kitab haqqında geniş məlumat verərək deyib ki, antologiya Şimali və Cənubi Azərbaycan ədəbi əlaqələrinə həsr olunmuş 20-ci nəşrdir: "Bu antologiyanın tanınmış şair Nurəngiz Günə həsr olunması heç də təsadüfi deyil. Nurəngiz xanım da hər zaman o taylı-bu taylı Azərbaycanın əlaqələrinin inkişaf etdirilməsinə çalışıb".

Millət vəkili Qənirə Paşayeva antologiyanın təşəbbüskarlarına və əməyi keçənlərə təşəkkürünü bildirib: "Şimal və Güney Azərbaycan ədəbiyyatı ifadələrini böyük ürək ağrısı ilə dinləyirəm. Əslində, ədəbiyyat birdir. Təəssüf ki, bir-birimizi hələ də yaxşı tanımırıq, oxumuruq. Mən çox istərdim ki, bu kitabların sayı daha da artsın, məktəb, universitet və kitabxanalarımıza paylansın. Qoy, övladlarımız şeir əzbərlərkən güney azərbaycanlı şairlərimizin də yaradıcılığına müraciət etsinlər. Mən ona da sevinirəm ki, bu kitab dəyərli şairəmiz Nurəngiz Günə həsr edilib". Millət vəkili kitabın adına diqqət çəkərək deyib ki, Nurəngiz xanım həm də gənc qızlarımıza poeziyaya gəlməkdə, imzalarını tanıtmaqda örnək olub.

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov son zamanlar kitaba, sözə marağın artmasından məmnunluğunu ifadə edib. O deyib ki, bədii ədəbiyyata sevgi əbədidir. Bədii ədəbiyyat xalqın dilini, mədəni düşüncə tərzini formalaşdıran ən mühüm vasitələrdəndir.

Millət vəkili Jalə Əliyeva da çıxışında antologiyanın önəmindən danışıb və anası Nurəngiz Günə ithaf olunmasından qürur duyduğunu qeyd edib.

Antologiyanin tərtibçisi, güneyli gənc şair Dinməz Türk belə bir layihədə yer almaqdan məmnunluğunu ifadə edib.

Daha sonra şairlər Murtaza Salmani, Sərvaz Hüseyoğlu, Xəzər Emin, Xədicə Teymur, Tariyel Ümüd və başqaları çıxış edərək antologiya və Nurəngiz Gün haqqında düşüncələrini bölüşüblər.

Şahanə MÜŞFİQ

 





03.11.2017    çap et  çap et