525.Az

Sağlam və ədalətli rəqabət inkişafın əsas şərtidir


 

Sağlam və ədalətli rəqabət inkişafın əsas şərtidir<b style="color:red"></b>

Müasir dövr həyatımızın bütün sahələrinə, o cümlədən, müəllim hazırlığına yeni yanaşmalar tələb edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin keyfiyyətinin yüksəldilməsi və insan resurslarının inkişaf etdirilməsi istiqamətində islahatlar davam edir. Məqsəd ADPU-da keyfiyyətli təhsil imkanlarının yaradılması, sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması, yüksək biliyə malik peşəkar və müasir mütəxəsissləri işə cəlb etməkdir.

Məhz bu prinsipləri əsas götürərək ADPU-nun rektoru, professor Cəfər Cəfərov ölkə rəhbərliyinin, Təhsil Nazirliyinin ali məktəblər qarşısında qoyduğu vəzifələri həyata keçirmək üçün əzmlə çalışmaqdadır. Universitetdə təhsilin məzmununun yenilənməsi sahəsində də ciddi işlər görülür və bu işlərin davamlı olması nəzərdə tutulur. ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğunlaşdırılması üçün növbəti tədris ilindən etibarən müəllimlərin işə qəbulu yeni prosedurla həyata keçirilir. Bu məqsədlə ADPU-nun Elmi Şurasının 11 iyul 2016-cı il tarixli qərarı ilə "Azərbaycan Dövlət Pedaqoji Universitetində professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları" təsdiq olunmuşdur. Universitetdə tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları öncədən universitetin rəsmi saytı olan adpu.edu.az saytında yerləşdirilmiş, eyni zamanda, bu barədə sosial şəbəkələrdə geniş məlumatlar paylaşılmışdır. Müsabiqənin keçirilməsi barədə "Xalq qəzeti"nin və "Azərbaycan müəllimi" qəzetinin 4 mart 2017-ci il tarixli saylarında müvafiq elanlar dərc edilmişdir.

Alternativ əsaslarla keçirilən müsabiqənin məqsədi universitetdə tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabət qabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Müsabiqə zamanı professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsi yoxlanılmışdır.

Cari ilin aprel ayının 20-dən başlayaraq müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq müsabiqədə iştirak edən müəllimlər universitetin Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin nəzarəti ilə açıq dərslər keçmişdilər. Müsabiqənin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə açıq dərslər videoçəkilişlər keçirilərək təşkil edilmişdir. Keçirilmiş açıq dərslər fakültə Tədris-Metodiki Şuraları tərəfindən qiymətləndirilmişdir. Müsabiqə ilə bağlı müxtəlif çap və elektron kütləvi informasiya vasitələrində geniş məlumatlar dərc edilmişdir. Yeri gəlmişkən, universitetdə insan resurslarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən yeniliklərə ölkəmizin tanınmış və nüfuzlu təhsil ekspertləri də münasibət bildirmişlər. Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Azərbaycan Respublikasının Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, fəlsəfə doktoru Etibar Əliyev ADPU-da çalışmaq istəyən professor-müəllim heyətinin müsabiqə yolu ilə seçilməsini yüksək qiymətləndirərək bu addımın təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulamışlar.

Müsabiqədə qalib gələn 112 nəfər müəllimlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanıb və onlara 5 illik sertifikatlar təqdim edilmişdir. Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov müsabiqənin keçirilməsini yüksək qiymətləndirmiş, qaliblərə müqəddəs və şərəfli müəllimlik fəaliyyətlərində uğurlar arzulamışdır.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov da öz növbəsində müsabiqənin ölkədə həyata keçirilən təhsil islahatları çərçivəsində gerçəkləşdiyini və ali təhsil sisteminin modernləşməsinə xidmət etdiyini vurğulamışdır.

Onu da qeyd edək ki, ADPU-da sözügedən layihəsi üzrə işlər əsasən humanist prinsiplərə görə əsaslandırılmışdır. Belə ki, seçkiyə magistr təhsili olan hər bir şəxs sənədlərini təqdim edə bilər. Bu da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2016-cı ildə referendumu ilə səsləşir. Belə ki, 2016-cı ilin 26 sentyabr tarixində keçirilən seçkilərə əsasən yüksək vəzifələrə yaş həddi aradan qaldırılmışdır. Bu ənənə Cəfər Cəfərovun da gənclərə olan münasibətində özünü əks etdirmiş və magistr təhsili olan vətəndaşların da ADPU-da müvafiq fənlər üzrə seçkidə iştirak etməsi üçün şərait yaradılmışdır. Burada başlıca prinsip elmin, təhsilin gəncləşməsi, gənc nəslin ali məktəbdə işlə təmin olunmasını həyata keçirməkdir. Məlum olduğu kimi, əvvəllər gənc nəsil tədris prosesindən kənarda qalır, yalnız elmi dərəcəsi və vəzifəsi olan alimlər seçkilərdə iştirak edə bilirdi. Bu da çox zaman formal xarakter daşıyır, hər kəs işlədiyi yerə təkrar seçilirdi. C.Cəfərovun yeni seçki layihəsi ilə sağlam rəqabət mühiti yaradıldı ki, bu da təhsildə yeni təlim və texnologiyaların səmərəli şəkildə tətbiqinə geniş imkanlara yol açdı. Müxtəlif dərsliklərin, çoxlu məqalələrin müəllifləri olan qocaman alimlər də yeni təlim metodlarının tətbiqinə, dərsdə texniki vasitələrin istifadəsinə başladılar.

Cəfər Cəfərovun humanist addımlarından biri də seçkidə iştirak etmiş, lakin kifayət qədər bal toplamamış əməkdaşlarla bağlıdır. Belə ki, məlum olduğu kimi, hər fənn üzrə seçkiyə yalnız bir yer verilir. Seçkidə iştirak edən müəllimlərin balları bir birinə yaxındırsa, onların hər ikisi seçilir, əgər nisbətən az bal toplayıbsa, həmin adam da işdən azad edilmir, kafedranın imkanına uyğun dərs saatları ilə təmin olunur. Bundan əlavə, həmin müəllimlərə növbəti seçkilərdə də iştirak etmək hüququ verilir. Cəfər Cəfərov seçkidən narazı qalanları da nəzərə alaraq ADPU-da Apellyasiya Komissiyası təşkil etmiş, hər seçilənin hüquqlarının qorunması təmin edilmişdir.

Sonunda sözümüzü ADPU-nun rektoru, professor Cəfər Cəfərovun sözləri ilə yekunlaşdırmaq istəyərdik: "Seçkidə zəif namizəd yoxdur. Sadəcə bir namizəd özünü bu seçkidə daha aktiv, daha hazırlıqlı göstərməyi bacara bilmişdir. Biz yaxşılardan yaxşısını seçməyə çalışmışıq. Əminik ki, növbəti seçkilərdə digər namizədlər də uğurlu nəticələr qazanacaqdır. Biz də öz növbəmizdə əlimizdən gələni bu işdə əsirgəməyəcəyik".

Məlahət BABAYEVA
ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru  

 





03.11.2017    çap et  çap et