525.Az

“Azərbaycan ailəsi-2017” film festivalının qalibləri mükafatlandırıldı


 

“Azərbaycan ailəsi-2017” film festivalının qalibləri mükafatlandırıldı<b style="color:red"></b>

Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan ailəsi 2017” IX film festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib. Mərasimə millət vəkilləri, dövlət qurumlarının, icra hakimiyyətləri və qeyri-hökumət təşkilatları nümayəndələri, festival iştirakçılar, tələbələr və media nümayəndələri qatılıblar.

Öncə festivala qatılmış filmlərin və fotoların qısa tanıtım çarxı nümayiş olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və festivalın münsiflər heyətinin sədri Hicran Hüseynova festival haqqında geniş məlumat verib. Qeyd edib ki, bu il doqquzuncusu gerçəkləşən festival 2009-cu ildən etibarən AQUPDK, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir. “Azərbaycan ailəsi” film festivalına ötən 9 il ərzində yerli rejissorlarla yanaşı, xarici rejissorlar da öz ekran əsərlərini təqdim ediblər, hətta festivalın xüsusi mükafatlarına layiq görülüblər. Bu isə festivalın beynəlxalq nüfuz qazanmasının göstəricisidir.

Festivalın əsas məqsədi kinematoqrafiya və fotoqrafiya sənətinin vasitəsilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılmasıdır.

Eyni zamanda, bu festival gənclərin yaradıcılıq qabiliyyətinin aşkar olunmasına, qeyd olunan istiqamətlərdə video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsinə yönəlib: “Bir tərəfdən biz uğurlu ailələri, nümunəvi ailə modellərini təbliğ edirik. Digər tərəfdən isə bu sahədə mövcud problemləri bədii obrazlar vasitəsilə insanlara göstəririk. İkincisi, yaradıcılığa yeni başlayan və təhsil alan rejissorlar üçün ailədaxili məsələlərin bədii formada çatdırılması metodları öyrədilir. Üçüncüsü, təqdim edilən bütün filmlərdən məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə, hərbi hissələrində apardığımız maarifləndirmə işlərində istifadə olunur. Ona görə də festivala qatılan heç bir namizəd uduzmur, əsas məsələ iştirak etməkdir. Çünki təqdim edilən bütün filmlər komitənin maarifləndirmə işlərində istifadə olunur.

Yaranmış ənənəyə uyğun olaraq, martın 30-da növbəti “Azərbaycan ailəsi 2017” film festivalına start verilib, oktyabrın 1-dək festivala işlərin qəbulu davam etdirilib. Festival çərçivəsində “Həyatdan şəklə” fotomüsabiqəsi də elan olunub. Altı ay ərzində festivalın Təşkilat Komitəsinə peşəkar və həvəskar 35 iştirakçı tərəfindən 41 film, 29 iştirakçı tərəfindən 112 foto təqdim olunub. Təqdim edilmiş film və fotoşəkillər 13 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bu il ilk dəfə olaraq Fransa və Mərakeşdən rejissorlar festivala qatılıblar. Ən gənc iştirakçının 10, ən qocaman iştirakçının isə 90 yaşı var”.

H.Hüseynova qeyd edib ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət ailə siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. İmzalanan sərəncamlar və təsdiq edilən dövlət proqramları, həyata keçirilən sosial layihələr hər bir vətəndaşımızın maraqlarının və hüquqlarının maksimum dərəcədə müdafiəsinə yönəlib. Bu isə ailələrimizin həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev bildirib ki, builki festival BMT ilə Azərbaycanın əməkdaşlığının 25 illiyinə təsadüf edir. Azərbaycanda ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə davam etdirilir. Hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur. F.Babayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini deyib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və digərləri çıxış edərək cəmiyyətdə ailə institutunun və mənəvi dəyərlərin qorunmasında, eləcə də milli kino sənətimizin təbliği və inkişafında festivalın əhəmiyyətini qeyd ediblər.

Çıxış edənlər bu sahədə AQUPDK-nın fəaliyyətini yüksək qiymətləndiriblər. Festivalın yüksək səviyyədə təşkilinə görə komitənin rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Xalq artisti Fidan Hacıyeva, tələbəsi Orxan Cabbarov, müğənni Gülay Hüseynova və başqa tanınmış sənətçilər öz ifaları ilə mərasimə xüsusi rəng qatıblar.

Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi-2017” IX film festivalının və “Həyatdan şəklə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub. Mükafatlandırılan işlər sırasında İctimai Televiziyada çəkilmiş “Beşinci fəsil” sənədli filmi də var. Film görkəmli alimimiz, BDU-nun professoru Cahangir Məmmədlinin ömür və fəaliyyət yoluna həsr olunub.

Şahanə MÜŞFİQ

 





04.11.2017    çap et  çap et