525.Az

Azərbaycan Teleradiosu: böyük uğurlar yolunda


 

Azərbaycan Teleradiosu: <b style="color:red">böyük uğurlar yolunda</b>

91 il əvvəlin gözəl bir payız günündə - 1926-cı ilin 6 noyabrında Bakıda baş verən əlamətdar hadisə ilə böyük bir yol başladı, möhtəşəm bir salnamənin ilk səhifəsi yazıldı.

Həmin gün İsmailiyyə binasından “Danışır Bakı” kəlmələriylə efirə çıxan Azərbaycan Radiosu, 30 il sonra ona qoşulan, onunla birgə addımlamağa başlayan Azərbaycan televiziyası xalqımızın həyatında, bütövlükdə milli mədəniyyət tariximizdə mühüm rol oynadı, vətənimizə, xalqımıza şərəflə xidmət etdi, böyük uğurlar qazandı.

Dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin, qüdrətli sənətkarlarımız Cəfər Cabbarlı və Məmməd Səid Ordubadinin, fədakar ziyalılarımız Nəsir İmanquliyev və Teymur Elçinin, eləcə də onlarla, yüzlərlə unudulmaz həmkarımızın, nəsil-nəsil teleradio işçiləri ordusunun Azərbaycan radiosu və televiziyasının inkişafına həsr etdiyi intellekt və istedad, böyük mənəvi güc tükənməz Azərbaycan sevgisindən soraq verir.

“Azərbaycan Milli Televiziyası Azərbaycan xalqının milli sərvətidir” deyən dahi dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin ardıcıl, tələbkar, yaradıcı diqqət və qayğısının nəticəsində Azərbaycan Teleradiosu istər sovet dönəmində, istərsə də Müstəqillik dövründə həqiqətən böyük inkişaf yolu keçib, müasir yüksək səviyyəsinə qovuşub.

Müstəqillik dövründə mətbuatımıza, kütləvi informasiya vasitələri sisteminə, xüsusilə, Azərbaycan Televiziyası və Radiosuna dövlətimizin, möhtərəm Prezidentimiz İlham Əliyevin daimi, yaradıcı diqqət və qayğısı danılmaz faktdır; bunu minnətdarlıq hissiylə qeyd edir, səmimiyyətlə qiymətləndiririk.

91 illik Azərbaycan Radiosunun, 61 illik Azərbaycan Televiziyasının möhtəşəm uğurlar yolu bu gün layiqincə davam və inkişaf etdirilir.

Qədim tarixli yeni Azərbaycan dövlətinə və dövlətçiliyinə, dilimizə, milli-mənəvi dəyərlərimizə sədaqətlə, eləcə də bəşəri, tolerant, mültikultural dəyərlərə hörmətlə fəaliyyət göstərən Azərbaycan Teleradiosu bu gün də milli KİV sistemində əsas nümunə, əsas örnəkdir.

Azərbaycan Teleradiosu dünən olduğu kimi, bu gün də müasir dünya standartlarına cavab verən yüksək maddi-texniki bazası, mənəvi-intellektual səviyyəsi, nüfuzlu aparıcıları ilə seçilir.

Hörmətli akademiklərimiz Vasim Məmmədəliyev, Kamal Abdulla, Nizami Cəfərov, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, tarix elmləri doktoru, yazıçı-publisist Yunus Oğuz və başqa aparıcılarımız yüksək peşəkarlığı ilə seçilən klassik biçimli orijinal verilişlərimizin həm də sanballı elmi-ədəbi səviyyəsini göstərir.

Mən AzTV-də işlədiyim 35 ildə zaman-zaman ona şahid olmuşam ki, Azərbaycan Teleradiosu həmişə Azərbaycan tarixindən gələn səslərə, çağırışlara doğru gedib, o səsləri, çağırışları eşidərək, ən yaxşı verilişlərində, tamaşa və filmlərində milli ruhumuzu, milli varlığımızı təqdim və təsdiq edib.  Müxtəlif dövrlərin müxtəlif tələb və təkliflərindən, sosial-siyasi sifarişlərindən irəli gələn növbətçi teleradio məhsulları, əlbəttə, olub; söhbət, ən çətin zamanlarda belə Azərbaycan dilini, ədəbiyyat və mədəniyyətini, bütünlükdə milli-mənəvi dəyərlərimizi əsas istinad nöqtəsi, strateji hədəf kimi daim gündəmdə qoruyub saxlamaq fədakarlığından gedir.  Qızıl fondda qorunub saxlanılan saysız-hesabsız veriliş, tamaşa, bədii və sənədli filmlərdə bu misilsiz fədakarlığa dönə-dönə şahid oluruq.  İlk növbədə ona şahid oluruq, onunla qürur duyuruq ki, Azərbaycan Televiziyası və Radiosu bütün tarixi boyu həmişə Azərbaycan xalqının yanında olub, Azərbaycanın tarixi və çağdaş strateji mövqe və maraqlarına xidmət edib. Və bu cümləni yaza-yaza mən daha çox son on ilin möhtəşəm uğurlarını düşünürəm.

Bəli, indi hamı görür, təsdiq və etiraf edir ki, son illər Azərbaycan televiziyasının həyatında yeni bir mərhələ başlayıb. Televiziyamızın həyatında baş verən bütöv yenidənqurmanı, taleyüklü, kompleks müsbət dəyişiklikləri, dövrün əsas tələb və təkliflərindən irəli gələn əsas yaradıcılıq tendensiyalarını, yaradıcı axtarış və tapıntıların miqyasını nəzərə alsaq, bu mərhələni kəmiyyətdən keyfiyyətə keçid, keyfiyyət yüksəlişi dövrü kimi xarakterizə etmək olar. Həm maddi-texniki, həm mənəvi-intellektual baxımdan yeniliyə, müasir dünya standartları səviyyəsinə geniş meydan açılıb; teledüşüncə on illər boyu yaranan qəliblərdən, köhnədəbli ovqatdan xilas olub. Otuz ildən artıq Azərbaycan Teleradiosunda işləyən, bu sahəni dərindən bilən iqtisadçı, alim və jurnalist Arif Alışanovun məqsədyönlü, perspektivli islahatları və onların nəticəsi olan uğurlar artıq tarixi faktdır, reallıqdır.

Arif Alışanov Azərbaycan Televiziyasına çoxdan gözlənilən və ehtiyac duyulan yeni estetik dəyərlər sistemi, təzə informasiya mühiti gətirdi, müasir dünya standartlarına cavab verən, eyni zamanda, bütünlüklə Azərbaycanın milli-mənəvi dəyərlərinə əsaslanan yeni teleistiqamətə yol açdı.

İstər informasiya və ictimai-siyasi proqramlar, istər “Azərbaycantelefilm” və dublyaj sahəsində, istərsə də bədii və maarifçilik yönündə davamlı keyfiyyət dəyişikliyi, əlamətdar, sistemli uğurlar artıq göz qabağındadır. Əsası odur ki, yol, hədəf düzgün seçilib və daha ciddi uğurlara doğru gedirik. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yeni “İdman Azərbaycan” və “Mədəniyyət” kanallarının açılması və keyfiyyətli fəaliyyəti də həmin uğurlar yolunun daha bir təsdiqidir. 

“İdman Azərbaycan” bəlkə də dünyada yeganə telekanaldır ki, planetin ən populyar, məşhur idman yarışlarını əhalinin heç bir maddi ödənişi olmadan canlı şəkildə xalqımıza təqdim edir. “Mədəniyyət” telekanalı isə qədim, zəngin, dahilər bolluğuyla seçilən Azərbaycan milli mədəniyyətini bütün dünyaya olduğu kimi təqdim etməklə çox böyük maarifçilik missiyasını həyata keçirir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində son illərdə aparılan əsaslı, genişmiqyaslı yenidənqurma işləri, beşmərtəbəli yeni korpus və təzə studiyaların tikintisi uğurla başa çatdırılıb, tam həcmdə istifadəyə verilib. Dünya standartlarına cavab verən ən müasir texniki avadanlıqların quraşdırılmasıyla paralel aparılan, həm kəmiyyət, həm keyfiyyət baxımından 61 illik televiziya, 91 illik radio tariximizdə analoqu olmayan, bütöv infrastrukturu əhatə edən bu uğurlu, praktik nəticələr Azərbaycan Prezidenti İlham Əliyevin teleradiomuza daimi diqqət və qayğısının real nəticəsidir.

Azərbaycan televiziya və radiosu bu böyük qayğıya əməli işlə cavab verir, xalqımıza, müstəqil dövlətimizə layiqincə xidmət göstərir. Azadlıq, müstəqillik, milli dövlətçilik, Azərbaycançılıq ideyalarının, istiqlalçı milli təfəkkürün, multikultural, bəşəri, dünyəvi, eləcə də milli-mənəvi dəyərlərin təbliğində, ümummilli düşüncə tərzinə, həyat normasına çevrilməsində Azərbaycan teleradiosunun son illərdəki məqsədyönlü fəaliyyəti həqiqətən təqdirəlayiqdir.

Hazırda müstəqil Azərbaycan Respublikasının kosmik peykləri və İnternet vasitəsiylə Azərbaycan Televiziyası və Radiosunun verilişləri, demək olar ki, bütün dünyaya yayımlanır. Radiomuzun “Güney Azərbaycan” redaksiyasından hər gün Azərbaycan dilində 8 saat həcmində, “Şərq ölkələri” redaksiyasından türk, ərəb, fars dillərində, eləcə də talış, kürd, ləzgi, gürcü və erməni dillərində verilişlər dünya efirinə çıxır.

Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində “Səsyazma evi”, Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor, Tofiq Əhmədov adına Estrada-simfonik orkesti, Niyazi adına Dövlət simfonik orkestri, Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xoru, Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblı, Vaqif Mustafazadə adına “Sevil” vokal instrumental ansamblı, Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı və solistlər, “Qaytağı” instrumental ansamblı uğurla fəaliyyət göstərir.

Nüfuzlu, çoxsaylı orkestr və ansamblları qoruyub saxlamaq, yenilərini yaratmaq, onların keyfiyyətli fəaliyyətini lazımi şəraitlə, musiqi alətləri və lazımi texniki imkanlarla təmin etmək müasir musiqi-ifaçılıq sənətimizə, Azərbaycan milli incəsənətinə layiqli qayğı, kömək, strateji bir xidmətdir.

İndi dünyanın istənilən bölgəsindən Azərbaycan televiziyasının çəkiliş qrupları birbaşa videoinformasiya vermək imkanına malikdir...

Artıq tam cəsarətlə demək olar ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti kəmiyyətdən keyfiyyətə keçərək inkişafın yeni, daha üstün mərhələsinə daxil olub, bu gün ciddi uğurlarıyla seçilir.

Son vaxtlar yaradılan, geniş tamaşaçı auditoriyasının diqqət və marağını, böyük sevgisini qazanan bir sıra yeni silsilə verilişlərimiz, film və tamaşalarımız bunu bir daha təsdiq edir. “Sevilənlər”, “Bu axşam”, “Yaradanlar və yaşadanlar” verilişləri tok-şou janrının teleestetika baxımından daha kamil, forma və məzmun vəhdəti baxımından daha yetkin telemodellərini təqdim edir. Bu yeni, uğurlu layihələr adətən əsəb və göz yaşlarına hesablanan tok-şounun ənənəvi sensasiya xəstəliyindən, neqativ, antiestetik, boz emosiya bataqlığından uzaqdır, daha çox işığa, pozitiv enerjiyə köklənir, xalqın yaradıcı və yaşadıcı qüdrətini ön plana çəkir, tamaşaçını əsl ziyalı, milli-mənəvi dəyərlər daşıyıcısı olmağa tələsdirir. Azərbaycan Televiziyası bu yeni verilişləri ilə əslində, nümunə göstərir, tok-şou janrını əsəb və göz yaşlarından, qaranlıqdan, kriminal kabusundan xilas edir...

Yeri gəlmişkən, ürəyimdən keçən bir fikri də demək, bu yazının yaddaşında əbədiləşdirmək istərdim.  Professionallıq və təşkilatçılıq bacarığı, yüksək intellektuallıq və nəzəri-praktik səriştə, təcrübə birləşəndə, adətən, uğurlu nəticə verir.  Arif Alışanovu televiziya sahəsindəki professionallıqda Elşad Quliyevlə, kadrları seçib yerləşdirmək bacarığında, ümumi intellektual səviyyədə Teymur Əliyevlə müqayisə etmək olar.

Xalqın böyük tarixinin, milli-mənəvi yaddaş enerjisinin, min illəri əhatə edən qüdrətli dövlətçilik xatirələrinin müasir Azərbaycan mühitinə, çağdaş azərbaycanlının ürək və beyin, duyğu və dərk meydanlarına nəql, transformasiya olunmasında, beləliklə, xalq-dövlət vəhdətinin öz kökü üstündə, öz keçmişinə layiq şəkildə yenidən formalaşdırılmasında, mənən, ruhən səfərbər edilməsində Azərbaycan televiziyası bu gün misilsiz xidmət nümunəsi göstərir.  Bu gün Azərbaycan on səkkizinci əsrin ortalarından, Səfəvilər dövlətinin süqutundan sonra itirdiyi vahid, bütöv, müstəqil dövlətçilik vəhdətinin şərəfli, uğurlu bərpası dövrünü yaşayır. 

Azərbaycan Televiziyası ölkə Prezidenti İlham Əliyevin müdrik uzaqgörənliklə müəyyənləşdirdiyi əsas strateji istiqamətləri həlledici yol kimi götürərək həmin tarixi prosesə qoşulur, peşəkar, məqsədyönlü, ölçülü-biçili fəaliyyəti ilə məhz lazım olan məqamları ekrana, ön plana gətirir. Adi bir misal: bir neçə il əvvəl Azərbaycan Televiziyasının verilişlərarası keçidlərində milli tarix və mədəniyyət abidələrimizin kərpic-kərpic yenidən qurulması, məhz elmi bərpa və restavrasiya prosesinin ÖZÜ obrazlaşdırılırdı; 250 ildən bəri vahid, müstəqil dövlətçiliyini itirən Azərbaycana qədim tarix və mədəniyyət abidələrinin yenidən quruculuq telesimvolikası ilə bütöv dövlətçilik yaddaşı, onun bütöv bərpası təlqin və təqdim olunurdu; bu, xalqın kütləvi şüuruna, onun qan, gen yaddaşının oyadılmasına, səfərbər edilməsinə ünvanlanan və deyərdim ki, milli təhtəlşüurda çox mühüm iş görən bir teletapıntı idi. Daha sonra qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunmasını simvolizə edən səkkiz guşəli qalxan-qerb detalı önə çıxarıldı, əsas simvola çevrildi...

Müasir televiziyadan yazanlar məhz belə “gizli” detalların, simvolların şərhi və analitik təhlilinə, estetik-fəlsəfi izahına önəm verməlidirlər...

Dahi Heydər Əliyevin xilaskar ideyalarını uzaqgörən müdrikliklə, ləyaqətlə davam və inkişaf etdirən ölkə Prezidenti İlham Əliyev, yadımdadır ki, ziyalılarla bir görüşündə Azərbaycanın son iki əsrdə imperiyalar arasında duruş gətirə bilməsində, assimilyasiya olunmamasında milli ədəbiyyat və incəsənətin, məhz Azərbaycan dilinin misilsiz rolunu xüsusi vurğulamışdır.  Bu, xalqının, dövlətinin əsas potensial imkanlarının, gizli güc mədənlərinin harada, “hansı laylarda” olduğunu dərindən və dəqiqliklə bilən böyük vətəndaşın, müdrik Prezidentin mövqeyidir. “Neft amilindən insan amilinə, maddi kapitaldan mənəvi kapitala” konsepsiyasını irəli sürən, əsas dövlətçilik mexanizmini məqsədyönlü hədəflərə doğru istiqamətləndirərək “əbədi və dönməz” hərəkətə gətirən İlham Əliyev, təsadüfi deyil ki, qısa bir müddətdə tariximizdə analoqu olmayan uğurlara imza atdı, müstəqil Azərbaycanın ən yeni tarixində inkişafın, əslində, intibahın yeni keyfiyyət mərhələsini həyati reallığa, praktik həqiqətə çevirə bildi.

Və mən bu misilsiz həqiqətlərdən yaza-yaza bir daha Azərbaycan Televiziyasının son illərdəki uğurlu fəaliyyətini düşünürəm, böyük teleradio yolunun uğur zirvələrini görür, zəfər zənglərini eşidirəm. Yüksək sürətlə inkişaf edən dövlətimizin daim yanında olan, ona layiqli əməyi, uğurlu, sədaqətli fəaliyyəti ilə kömək edən Azərbaycan televiziyasında işləməyimlə qürur duyuram.

 





06.11.2017    çap et  çap et