525.Az

Qürbət, həsrət və sevgi


 

Qürbət, həsrət və sevgi<b style="color:red"></b>

"Duyğuların ən gözəli"ni yazan şairin "Ayrılıq heykəli" kitabı haqqında doğma düşüncələr...

... O kitabdan sonra bir xeyli şeir kitabı oxumuşam. Bu gün oxumuşam, sabah unutmuşam. Amma o kitabı unuda bilmədim. Şeirləri yaddaşımda yuva saldı, misraları ağlımda uçuşdu, sözün gözəlliyi, fikirlərin işığı, qürbətin soyuğu, Vətənin istisi o zərif duyğuları unutmağa  qoymadı. Tofiq Məliklinin "Ayrılıq heykəli" kitabını deyirəm.

Siz heç həyat bulvarından uzaqlaşıb "Düşüncə bulvarı"nda dolaşdınızmı? O qərib bulvarda  Bakı küləyi, Dağüstü park üçün darıxdınızmı?

Düşüncə bulvarındayam,
Dolaşıram o başa, bu başa.
Nə ağac var bulvarda,
Nə dəniz,
Nə insan.
Sadəcə düşüncələr...

Düşüncələrin ovqatına düşdükcə azadlığın mehi, duyğuların təzəsi, kədərin izi səni alıb "Kimdi, nədi, həyatı sevdirən mənə?" sualı ilə qarşılaşdırır.

Kimdi, nədi həyatı sevdirən mənə?
Tanımadığım bir insanın
təbəssümümü?
Yoxsa
İllərdi qəlbimdə yaşatdığım
sevgimi?
Kimdi, nədi həyatı sevdirən mənə?

Tofiq Məliklinin poeziyası səssiz poeziyadı. Əslində, poeziya sükutla pıçıltı arasında an, nəfəslikdi. Ya da  su üstünə çəkilən rəsmdi. Toxunsan, nizamı pozulacaq, ruhu qaçacaq:

Sus, danışma.
Sözlərlə adiləşir
duyğuların ən gözəli.
Sus,
qoy gözlərin danışsın,
o mavi gözlərin...
"Duyğuların ən gözəli"

Poeziya ruhun fəza halıdı. Sərhəd tanımır, köhnəlmir, qocalmır, minlərin, milyonların ruhundan keçdikcə yenidən yaşamaq imkanı qazanır. Bəlkə, poeziyanın sirri elə bundadı?

Bax, nə demiş şair:

"Ya sən gəl,
ya da
Ölüm gəlsin
yerinə".
Sən məndən ayrılmadın ki,
Ölüm gəlsin
yerinə.

"Etiraf"

Böyük türkoloq, dəyərli tənqidçi, əvəzsiz tərcüməçi olsa da, əslində, Tofiq Məlikli bütün varlığıyla şairdi. Ruhundakı poeziya gözlərinə köçüb. Bu gözlərdə qürbətin nisgili, ayrılığın şəkli, Vətənin həsrəti var - "Bədbin bir axşamda yazılmış qürbət şeri kimi":

Qürbəti heç kim anlamaz, -
Çəkəndən başqa...
Heç kim duymaz səhranı,
Karvanın başını çəkən
Dəvədən başqa...

Qürbət Tofiq Məlikli yaradıcılığından Səmum küləyi kimi keçir. Keçdiyi yeri qarsalayıb yandırırır, yaddaşı, xatirələri oyadır:

2000 kilometr uzaqlıqdan
radioda dinlədim səni -
xalqımın səsi.
"Aman ovçu, vurma məni,
mən bu dağın maralıyam..."
Titrədi içimdə
sevinc, kədər deyilən
hisslər...

"Aman ovçu, vurma məni..."

Uzaqdan qürbət rəngli görünür, qürbətdəki həyatsa sapsarı həsrət rəngindədi. Yaxşı ki, doğma günəş var.

Günəşin əli alnımda,
...Həyat sevinci damağımda,
Qara tutun dadı ağzımda,
Fikrim-zikrim isə
Çox-çox uzaqlarda...

"Günəşin əli alnımda"

Ayrılıq bir başqa biçimdə boy göstərir Tofiq Məliklinin yaradıcılığında. "İkiyə bölünmələr" şerindəki kimi:

Alma ikiyə bölündü,
yarısı sənin,
yarısı mənim.
Günəş
bölünmədi.
Tarla ikiyə bölündü -
ora sənin,
bura mənim.
Göy üzü
bölünmədi.
Ölkə ikiyə bölündü,
Şimala,
Cənuba.
Xalq bölünmədi.

Fikrimcə, bu şeir tamlıq, bütövlük, birlik haqqında ən gözəl şeirlərdən biridir.

"Ayrılıq heykəli"ninsə bir heykəltəraşı var - Tofiq Məlikli:

... Uzaqlaşan qatarın tıqqıltısı,
İxtiyar vağzal saatının paslı əqrəbləri,
Feilin keçmiş zaman şəkilçisi,
Yaradır
Kimsəsiz perronda
Yeni bir
Ayrılıq heykəli.

Qürbətdə vətəni köynək-köynək ürəyindən keçirmək, günbəgün ürəyində böyütmək hər kəsin işi deyil.

Tofiq Məliklinin "Mənim şəhərim" şeiri qürbətlə vətən arasında elə gözəgörünməz bir bağdı ki, bu bağı kimsə qıra bilməz.

... Orda mənim cocuqluğum qalıb,
anam qalıb
dostlarım qalıb,
ilk dəfə kinoda öpdüyüm
sevgilim qalıb.
Bir də dənizdə
kirlilikdən boğulan balıqlarım qalıb...

lll

Tofiq Məlikli müharibə illərində anadan olub. "Müharibə dövrünün övladları" kimi gözünü açanda dünyanı qan rəngində görüb. O illərlə bağlı xatirələri hələ də yaddaşını qanadır: 
  
... Nənəm kimi, mən də
poçtolyandan qorxmağa,
uzatdığı məktubu almazdan əvvəl
üzünə baxmağa alışdım.
Beş yaşımda həyətimizdəki
şaftalı ağacından
şaftalı satdım
ağzım sulana-sulana...

Tofiq Məlikli Göy adamı olsa da, o da hamı kimi Yerdə yaşayır, yaşadığı dünyanın  gerçəkləri hərdən onu sıxır. Bu sıxıntı misralara çevrilir.

Dünən yenə susuz balıq kimiydim,
Çırpınırdım boş akvariumda.
Yenə "kötək" yemişdim
bəzi "dost"larımdan...

"Şeir oxudun"

Dünyanın əşrəfi sayılan insanın zavallı varlığa çevrilməsi "Sahibli köpəklər" şeirində ürək ağrısıyla, təəssüflə qələmə alınır:

Müxtəlif heyvanlar gördüm,
bu dünyada.
Rastlaşdım ayılarla
heyvanxanada.
Pələngə əl çaldım
sirk meydanında...

Dünyanın yırtıcı heyvanlarını müqayisə edən şair sonda bu qənaətə gəlir:

... Ancaq
ən çox acıdım,
heyvanların ən yalqızı
sahibli köpəklərə.

Tofik Məliklinin poeziyası işıqlı poeziyadı. Kədərin, həsrətin, ölümün içindən belə işıq boylanır, ümid zoğ atır:

Göylər də
sevincdən ağlayır bu gün.
Görəsən,
sevincdənmi,
kədərdənmi?

Yeni il gecəsi hər kəsin bir arzusu olur. Şairin arzusu bambaşqadı:

Yeni il gecəsi
Hərə öz arzusunu söylər.
Mənim də bir arzum var -
Başımı anamın dizinə qoyub,
buludsuz göyə baxmaq!

lll

Tofiq Məliklinin yaradıcılığında sevgi şeirləri yaşıl rəngdədi. Günəşə gülümsəyir bu sevgilər, meh kimi əsib keçir, amma keçici olmur.

Görməyəndə səni
çəkisizliyə düşürəm elə bil.
Birdən-birə azalıram,
yox oluram sanki...
Bu ağ, zərif şeirlərin öz ovqatı, öz xatirəsi, öz ətri var.
Necə də tez keçdi sənli illər,
Bir-birindən parlaq sevimli günlər
Həzin bir Tanqo musiqisitək
Parlaq xatirələrdi bizi yaşadan.

"Serenada"

Milyon ilin sevgisi, ayrılığı, həsrəti yeni biçimdə, yeni çalarda, yeni deyim tərzində boy göstərir Tofiq Məliklinin yaradıcılığında:

Deyirsən, görüşməyək bir daha,
Yaxşı,
Görüşməyək.
Ancaq düşündünmü -
Kim qoparacaq səmadan ulduzlarını?
Kim darayacaq saçlarını barmaqlarıyla?...
Şeir axarıyla axır, təsir qüvvəsi ruhunu qarsır:
... Bəs səni gözləyərkən söykəndiyim
O əyri bitən qovaq ağacı nə deyəcək?
O mehriban,
O dost,
Sirlərimizi bərk-bərk saxlayan
Qovaq ağacı...

"Qovaq ağacı"

İnsanla təbiət arasında bundan doğma, bundan isti münasibət gördünüzmü?

Tofiq Məliklinin şeirləri süjetli, görüntülü şeirlərdi. Oxuduqca görürsən, gördükcə hiss edirsən, hiss etdikcə düşünürsən. İnanmırsınızsa,  "Məktub"u oxuyun:

Siz heç buz kimi soyuq məktub aldınızmı?
Mən aldım.
Bir neçə gün əvvəl
Şiddətli külək əsmişdi.
Bir şeylər olacaq,
demişdi,
içimdən biri...

Tofiq Məlikli şeirlərinin birində deyir ki, "Sevginin bitdiyi yerdə yalqızlıq cücərir", "Xahiş" şeirində isə  yalqızlığı belə ifadə edir:

Neçə vaxtdı
Su kimi içirəm yalqızlığımı,
Mənə bir az dözüm göndər...

Elə bil Tofiq Məlikli şeirlərini sübh duasından sonra, dünyanın tərtəmiz vaxtında  yazır ki, yaradanla  arasındakı söz rabitəsi qırılmasın:

... Bu gün dünyanı
Pikassonun "Qız və şar"ı kimi görürəm.
Həmin o qız sənsən, gülüm.
Unutdunmu,
O şarı mən bağışladım sənə..."

"Yaxşı ki, gəldin"

Payızın bu vaxtında sizə Tofiq Məliklinin unuda bilmədiyim "Ayrılıq heykəli" kitabından danışdım. Göydə bir qatar ağ durna cənuba, yaddaşımda bir qatar ağ şeir sabaha uçdurdu. Mənə elə gəlir ki, bu şeirlər heç vaxt yerə enməyəcək...

 





07.11.2017    çap et  çap et