525.Az

"Bakı-Tbilis-Qars": ermənilər 30 oktyabrı "ləkə günü" kimi qeyd edir


 

"QARSA YOLA DÜŞƏN QATARA ERMƏNİ XALQINI QOŞMAQ İSTƏYƏN SARKİSYAN TARİXDƏN NƏTİCƏ ÇIXARMALIDIR"

"Bakı-Tbilis-Qars": <b style="color:red">ermənilər 30 oktyabrı "ləkə günü" kimi qeyd edir</b>

"Qafqazlarda özünü bütün quruculuq strategiyalarına qarşı qoyan Ermənistan hakim rejiminin Bakıdan yola düşən qatarın Qarsda qarşılanmasına münasibəti regional sülhün faydasına deyil, təklənməyə və keçmiş bəlalı tarixin yenidən dirçəldilməsi ideyasına daha çox xidmət edir. Çünki başqa alternativlər zəifdir, sülh ordularının sayı silahlılardan qat-qat geri qalır".
 
Bu sözləri Milli Məclisin deputatı Zahid Oruc Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə başlaması ilə bağlı fikirlərini bildirərkən deyib.
 
Onun sözlərinə görə, erməni tarixi özü üçün 1920-ci ilin 30 oktyabrını "ləkə günü" kimi qeyd edir: "Başqa necə adlandırsınlar? Axı 19-cu əsrin 70-ci illərində gedən rus-türk müharibəsinin nəticəsində Qars Rusiyanın təbəəliyinə keçmişdi. Osmanlının taxt-tacı çökəndə erməni orduları birinci respublika quruluşunun özəyini təşkil edərək, bir neçə türk vilayətinə hücum çəkdilər. Lakin iki il sonra həmin hərbi dəstələr döyüş meydanlarını kütləvi olaraq tərk etdi və indi "böyük sərkərdə", "milli ideoloq", "güclü siyasət adamı" kimi heykəlinə təzim etdikləri Qaregin Njdeninin sözləri ilə desək, bütün erməniçiliyin "utanc səhifəsi"ni yaratdılar. Məgər, ordular toqquşanda qalib və məğlub tərəfin sərkərdələr və təbəələr deyil, xalqların olduğunu kim bilmir ki?! Njdeyə görə, Qarsın divarları arasında yerə sərilən təkcə insan cəsədləri deyildi, eləcə də bir millətin döyüşə qadir olmayan, mərdlikdən məhrum edilmiş ruhu idi. Ötən bir əsrdə Ağrı dağından öz keçmişinə boylanan erməni xalqı itirilmiş cənnətin ağrısı altında heç bir qurucu, birləşdirici ideya tapa bilməyib.

Çox sonralar Qars fəlakətini ermənilərin əsrlərdən gələn yorğunluğu ilə əlaqələndirirək, din və siyasət adamlarından millətə yeni qalxınma proqramlarını hazırlamağı tələb ediblər. Tapşırığa əsasən, məsələn, arxiyepiskop Qaregin Ovsepyan bütün bəlaları o dövrün bolşevik inqilabının ayağına yazaraq, milli təskinlik yaratmağa çalışdı. Sən demə, erməni kommunistlərinin liderləri Qarsdakı bütün qarnizonlara və hərbi qərargahlara məlumat göndərib ki, yeni qurulanTürkiyə Cümhuriyyəti Osmanlı Türkiyəsi deyil və ermənilərə hər hansı düşmənçilik hissi bəsləmir. Hətta Atatürkün Leninlə razılaşmasına istinad etməklə yeni respublikanın Rusiya ilə ittifaqda imperialist siyasət yürüdən Fransa və Britaniyaya qarşı azadlıq savaşı apardığı xüsusi vurğulanır.

Belə olan şəraitdə Ermənistanın özünə paytaxt elədiyi Qarsda qələbə qazanmaq sən demə, bolşeviklərin dünyəvi düşmənlərinin işinə yarayacaqdı. Bu isə inqilabın Yaxın Şərqdən Qafqazlara qədər böyük bir məkanda uduzması demək olar. Ona görə çalışıb türk əsgərini xilaskar gözdə görərək, ona təslim olmaq lazımdır.

Göründüyü kimi, səhihliyi şübhə doğuran belə sənədlərin məqsədi təkcə bolşevik hakimiyyətinin son qoyduğu müstəqil Zaqafqaziya dövlətlərinin süqutuna səbəb olan tarixi gerçəkləri təhrif etmir, eləcə də tarixi qələbələr haqda yaradılmış mifin puç olduğunu üzə çıxarır. Lakin Qars məğlubiyyətinin daha böyük kontekstə izah edən müasir erməni fikir adamları təkcə 20-ci əsrin əvvələrində dünyada tüğyan edən fəhlə-kəndli inqilabına istinad etmir, eləcə də erməni hərbi-siyasi elitasının təmsil etdikləri xalqa necə həqarətlə baxdıqlarını araşdırmağı tələb edirlər. Təsəvvür edin, orduya rəhbərlik edən Tovmas Nazarbekyan özünü mənşəcə mənsub olduğu millətə deyil, ruslara aid edir və hərbi kazarmalarda hər gün əsgərlərin ifasında "Tanrı, çarı qoru" mahnısının sədaları ətrafa yayılır. Onun kimi əksər komandirlər tabeçiliyində olanlara rus dilində əmrlər verir, erməni dövlətinə mövsümi bir hadisə kimi yanaşır və gəlib ruslara qatılmağı yeganə düzgün yol sayırdılar. Hətta yüzlərlə mənbədə açıq ifadə olunur ki, özünü mədəni və mental olaraq, yad adamlar kimi aparanların böyük bir dəstəsi türk əsgərinə əsir düşəndə qətiyyən müstəqil dövlətin məhvindən təəssüflənmirdilər və belə vəziyyətə görə qəlb ağrısı çəkənlərin sayı 3-4 nəfər idi".

Z.Oruc qeyd edib ki, bunun üzərindən yüz il keçəndən sonra Ermənistanda həmin sual yenə də milli dövlət qurmaq istəyənlərin başının üstünü kəsib: "Qarabağı ələ keçirəndən sonra itkilərin miqyası katastrofik səviyyədədir. Bakı nefti əldən çıxıb. Regiona yönələn bütün iqtisadi-siyasi layihələrin bəhrəsini görən başqalarıdır. Gürcü hökuməti çox uğurlu bir şəkildə Ermənistan-Azərbaycan münaqişəsindən istifadə edərək, büdcəsini doldurmağa çalışır. Ceyhanın, Anadolunun ardınca Qars şəhərinin strateji önəmi artdıqca, özünüməhvetmə tendensiyaları cəmiyyət şüurunda daha da möhkəmlənir. Ona görə də qədim bir xalqın hərbi qəhrəmanlıq səlnamələri deyil, yüz il əvvəl 30 oktyabrda türk əsgərinə döyüşsüz təslimiyyət sanki apokaliptik şəkildə təkrar olunur. Axı müharibə mədəniyyəti ermənilərə lazımdırmı? Bəlkə yolu dəyişməyin və milli siyasətə yenidən baxmağın vaxtı gəlib çatıb? Hətta soyqırımlar haqqında nəzəriyyələr doğrudursa, onda bir xalqa fərqli mifologiyalar, nağıllar, folklor nümunələri, bir sözlə sülh ideologiyası gərəkdir".

Deputat hesab edir ki, tarixdən dərs almaq heç vaxt gec deyil: "İkinci dünya müharibəsi zamanı Britaniyanın büdcəsini qəbul etmək üçün ona təqdim olunan maliyyə sənədlərinə nəzər yetirəndən sonra böyük Uinston Çörçil hökumət təmsilçisindən soruşur ki, burada mədəniyyət üçün ayırmalar hanı? Cavabında maliyyə naziri deyir ki, müharibə getdiyi bir şəraitdə mədəniyyətmi yada düşür. Onda baş nazir "əgər mədəniyyət olmayacaqsa, biz nəyin uğrunda vuruşuruq?" deyərək, dünyaya silahın gözündən baxan bütün toplumlara əvəzsiz örnək qoyub gedib. Həqiqətən də, əgər Qarsa yola düşən qatara erməni xalqını qoşmaq istəyən Sarkisyan hökuməti tarixdən nəticə çıxarıb, yeni mədəniyyətə, davranışa və həyat amalına baş vura bilməzmi? 30 oktyabrı erməni xalqı üçün ikiqat kədərə çevirməməyin yolu bundan keçir".

Ceyhun ABASOV

 





08.11.2017    çap et  çap et