525.Az

Büdcə müzakirələri başlandı


 

SAMİR ŞƏRİFOV: "2018-Cİ İL DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ 20,127 MİLYARD MANAT, XƏRCLƏRİ İSƏ 20 MİLYARD 905,7 MİLYON MANAT TƏŞKİL EDƏCƏK"

Büdcə müzakirələri başlandı<b style="color:red"></b>

Dünən Milli Məclisdə (MM) 2018-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılıb. Büdcə zərfi öncə MM-in komitələrinin - İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komtələrinin birgə iclasında müzakirə edilib.

Komitələrin birgə iclasına MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə sədrlik edib. Müzakirələrdə adıçəkilən komitələrin sədrləri və üzvləri ilə yanaşı, maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Z. Səmədzadə iclası açaraq bildirib ki, büdcənin müzakirəsi hər bir ölkədə maraq doğurur: "Çünki dövlətin gələcək inkişafı ilə bağlı məsələlər həmin bücdə zərfində əks olunur". Komitə sədrinin sonra dediyinə görə, neftin ixracından gələn gəlirlər ölkə iqtisadiyyatına böyük töhfələr verib: "Bu günlərdə rəsmi açılışı olan "Bakı-Tbilisi-Qars" dəmiryolu xətti onu göstərdi ki, Azərbaycan regional və transmilli layihələrdə çox uğurla iştirak edir. Bu, böyük hadisədir. Bu layihə Azərbaycanın iqtisadi inkişafında mühum rol oynayacaq". Z. Səmədzadə, həmçinin, xatırladıb ki, Azərbaycan rəqabətədavamlılıqda dünya üzrə 35-ci yeri tutur ki, bu da çox mühüm göstəricidir.

Büdcə müzakirələrində çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib ki, 2018-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2018-2021-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb. Nazir deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən iqtisadi siyasət tədbirləri hədəflənən nəticələrə, yəni ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına, milli valyutanın məzənnəsinin sabitləşdirilməsi və ona olan inamın bərpa olunmasının ilkin mərhələsinin təmin olunmasına cari ilin əvvəlindən ötən dövr ərzində nail olduğunu göstərir: "Ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatında geriləmənin surəti 3,9 faiz-bənddən 0,6 faiz-bəndə qədər azalıb. 

 Məqsədyönlü siyasət nəticəsində ölkədə qeyri-neft sektoru üzrə  2,5 faizlik real artıma nail olunub. Bundan başqa, ticarət və tədiyyə balansı üzrə müsbət saldoya doğru meylləri güclənib. Ticarət dövriyyəsində 4,4 milyard dollar müsbət saldo əldə edilib, o cümlədən, dövlətin qeyri-neft sektorunun inkişafına artan maliyyə dəstəyi və qeyri-neft ixracının stimullaşdırılması hesabına dövlətin valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, ixrac üzrə xarici ticarət dövriyyəsinin ölkəyə valyuta axınının artması və digər fiskal və monetar tədbirlərin həyata keçirilməsi hesabına 2017-ci ilin əvvəlinə nisbətən 9 ayda icmal büdcəsini kəsiri 12 faiz-bənd azalıb. Belə ki, proqnozlaşdırılan 11,3 faizlik icmal büdcənin kəsiri əvəzinə 1,2 faiz səviyyəsində profisit əldə edilib. Dövlət sektorunun məcmu valyuta ehtiyatları isə 10 faizdən çox artıb". Nazir qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını bəyan edib. Nazir vurğulayıb ki, növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat, xərcləri isə 20 milyard 905,7 milyon manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 milyon manat kəsirlə icra olunacağı proqnozlaşdırılır.

"2018-ci ildə qeyri-neft sektorunda 2,9, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır". Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Onun sözlərinə görə, gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1 faiz azalacağı, "Şahdəniz-2" layihəsinin işə düşməsi qaz hasilatının artması ilə nəticələnəcək və növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı proqnozlaşdırılır: "Bununla yanaşı, Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək. Neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla, 2018-ci ildə ÜDM 1,5, növbəti illərdə isə 3,5 faiz artacağı proqnozlaşdırılır. Cari ildəki kimi, növbəti ildə də tədiyyə balansı müsbət olacaq. Gələn il tədiyyə balansı üzrə müsbət saldonun bu ildəkindən də yüksək, yəni 1,4 mlrd. dollar olacağını gözləyirik. Neft-qaz layihələrinin reallaşması nəticəsində növbəti illərdə bunun daha da artacağı proqnozlaşdırılır".

Parlamentin  İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, büdcə zərfi köhnə ənənələrə - sosializm prinsiplərinə əsaslanaraq, hazırlanmamalıdır: "Büdcə müasir dövrün reallıqları və çağırışları nəzərə alınaraq hazırlanmalıdır". Komitə sədri MM-in xərclər smetasının, parlamentin büdcəsinin azlığından şikayətlənib: "Cəmi 600-700 min manatlıq artım var. Hansı ki, qaçan da Milli Məclisin üstünə gəlir, qovan da... Azərbaycana qarşı təhdidlərə qarşı mübarizədə sinəsini qabağa verən də Milli Məclisdir, deputatlardır... Onda nəyə görə deputatların, MM-in əməkdaşlarının maaşı az olmalıdır? Deputatın maaşı az qala bir rayon prokurorunun maaşı qədərdir... Niyə belə olmalıdır?"

MM-in Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov öz növbəsində  deyib ki, büdcənin tərtibatı yüksək səviyyədə hazırlanıb. E. İbrahimovun dediyinə görə, bu gün dünyada az qala bır sıra ölkələr dağılır,  çünki  maliyyə-iqtisadi böhranı hələ də davam edir: "Ancaq bunların fonunda Azərbaycan böyük sürətlə, dinamik şəkildə inkişaf edir, sabaha doğru inamla addımlayır. Bunlar da təbii ki,  ölkə Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində mümkün olub. Biz vaxtilə arzulayardıq, gözləyərdik ki, görəsən, aqrar sektora, kənd təsərrüfatının inkişafına nə qədər pul ayırlacaq... Ancaq indi 600-700 milyon manatlıq vəsaitdən söhbət gedir. Bu, elə iqtisadi inkişafın göstəricisi deyilmi?! Həmçinin, ərzaq təhlükəsizliyinin təmin olunması üçün xərclərin həcmi 11-12 milyon manat artılır... Bu da balaca göstərici deyil. Mən, eyni zamanda,  Naxçıvan Muxtar Respublikasını parlamentdə təmsil edən millət kimi, ölkə Prezidentinə öz minnətdarlığımı bildirirəm ki, blokada vəziyyətində olan Naxçıvana nəzərdə tutulan dövlət dotasiyasının həcmi 5 milyon manat artırılır. Bu, çox böyük işdir".

Millət vəkili Vahid Əhmədov isə çıxışında bildirib ki, dövlət zəmanəti ilə verilən kreditlərin strukturuna baxmaq lazımdır: "Çünki bir çox hallarda dövlət zəmanəti ilə ayrılan kreditlər təyinatı üzrə xərclənmir. Bu məsələdə pərakəndəlik aradan qaldırılmalı, şəffaflıq təmin olunmalıdır". Millət vəkili çıxışında banklarla bağlı problemlərə də toxunub: "İnsanlar, biznes strukturları artıq banklarla işləmələdir. Ancaq bu, yenə də mümkün olmur. Bankların sağlamlaşdırılması istiqamətində dövlət müəyyən addımlar atır, müəyyən işlər görülür.  Amma yenə də faiz dərəcələri aşağı salınmır. Banklar yenə də yüksək faizlərlə kredit verir... Axı, nəyə görə?!"

Millət vəkili Zahid Oruc çıxışı zamanı qeyd edib ki, artıq ölkədə iqtisadi fəallıq artmaqdadır. Müsbət tendensiyalar saysız-hesabsızdır: "Mən büdcə müzakirələri zamanı da Qarabağ məsələsi ilə bağlı fikirlərimi həmişə demişəm. Bir neçə dəfə də təklif etmişəm ki, dövlət büdcəsində Dağlıq Qarabağla bağlı ayrıca qrafa nəzərdə tutulmalıdır. Düzdür, bu, indiki reallıqda işləməyəcək, ancaq Qarabağ münaqişəsininin tənzimlənməsi ilə bağlı müzakirələrdə bu faktı ortaya qoya bilərik. Yəni deyə bilərik ki, dövlət büdcəsində Dağlıq Qarabağa ayrıca vəsait ayrılıb, ancaq işğal faktına görə biz bu məsələni reallaşdıra bilmirik. Ona görə də nəhayət, dövlət büdcəsində Dağlıq Qarabağa ayrıca vəsait nəzərdə tutulmalıdır".  Z.Oruc çıxışında eyni zamanda, dövlət zəmanəti ilə bağlı kreditlərin verilməsi məsələsində yaşanan narahatçılıqlara toxunub:"Bu məsələdə də artıq bir qayda-qanun yaradılmalıdır". Sonra bölgələrə yönəldilən vəsaitin həcminin ötən illər ərzində 39 milyard manata çatdığını  və bunun hər zaman fəxrlə dilə gətirildiyini deyən millət vəkili bununla yanaşı, gələn il bölgələrdən gələn gəlirlərin  cəmi 0, 6 faiz təşkil edəcəyini söyləyib: "Bu, mənə bir qədər təzadlı gəlir. Bunun izahı da mənim üçün çətinlik yaradır".

Büdcə müzakirələri bu gün davam edəcək.

Kamil HƏMZƏOĞLU

 





08.11.2017    çap et  çap et