525.Az

Ağsuda Sahibkarlığa Kömək Milli Fondu forum keçirdi


 

DAĞLIQ ŞİRVAN İQTİSADİ RAYONUNDA FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLARA, ÜMUMİLİKDƏ 516 MİN MANAT GÜZƏŞTLİ KREDİT VERİLDİ

Ağsuda Sahibkarlığa Kömək Milli Fondu forum keçirdi<b style="color:red"></b>

Dünən Ağsuda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu işgüzar forum keçirib.

Nazirlikdən verilən məlumata görə, məqsədi sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilməsi, Ağsuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi idi.

90-a yaxın sahibkarın iştirak etdiyi forumda Ağsu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, taxılçılıq, soya əkini, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, süd emalı və meyvəqurutma müəssisələrinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Forumda, həmçinin, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 69,6 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara ümumilikdə 516 min manat güzəştli kredit verilib. Verilən kreditlər taxılçılıq, heyvandarlıq, bağçılıq, arıçılıq, tütün emalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Ümumilikdə, bu tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Ağsu rayonundan olan 658 sahibkara 18,2 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Ağsuda güzəştli kredit ayrılmış iri taxılçılıq və müasir istixana təsərrüfatlarının fəaliyyətinə baxış keçirilib.

Qeyd edək ki, indiyədək regionlarda və Bakı şəhərinin qəsəbələrində 58 müasir istixana komplekslərinin yaradılmasına 188 milyon manat güzəştli kredit verilib.

Ceyhun ABASOV

 





09.11.2017    çap et  çap et