525.Az

Komitələrin büdcə müzakirələri noyabrın 13-də başa çatacaq


 

Komitələrin büdcə müzakirələri noyabrın 13-də başa çatacaq<b style="color:red"></b>

Büdcə zərfinin parlamentin komitə iclaslarında müzakirəsi dünən də davam etdirilib.

Büdcə zərfinə daxil olan qanun layihələri  bu dəfə Milli Məclisin (MM) daha 5 komitəsinin - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb.

Müzakirələrdə adıçəkilən komitənin sədrləri və üzvləri ilə yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, maliyyə nazirinin müavini Azər Bayramov, Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər rəsmi şəxslər iştirak ediblər. Komitələrin birgə iclasına MM-in Əmək və sisial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli sədrlik edib. O, birgə iclası açaraq, büdcə zərfinin müzakirəsinin ölkənin əlamətdar günlərinə - Dövlət Bayrağı , Konstitusiya və Milli Dirçəliş Günlərinə təsadüf etdiyini bildirib: "Biz ölkənin bu əlamətdar günlərində ali sənədin-büdcə zərfinin müzakirəsinə yığılmışıq. Növbəti ilin büdcə zərfi də çox yüksək səviyyədə tərtib olunub. Təsadüfi deyil ki, büdcənin 33,5 faizi sosial məsələlərə ayrılıb. Qeyd edim ki, bu göstərici əvvəlki illərdə 26-28 faiz civarında olub. Bu da büdcənin sosialyönümlülüyünə dəlalət edir". Komitə sədrinin sözlərinə görə, ümumiyyətlə, büdcə sosialyönümlü olaraq, vətəndaşa xidmət etməlidir: "Prezident İlham Əliyevin siyasəti də bu məqsədə xidmət edir. Sevindirici haldır ki, postneft dövründə Azərbaycanda sosial müdafiə xərcləri azaldılmayıb".

Büdcə müzakirələrində çıxışı zamanı maliyyə nazirinin müavini A. Bayramov qeyd edib ki, sosial mənzillərin tikintisi və ipoteka layihələrinin icrası üçün növbəti ildə büdcədə  250 milyon manat vəsaitin ayrılması nəzərə tutulur: "Bu da ötən illə müqayisədə 100 milyon manat çoxdur".

Parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov da deyib ki, növbəti ilin büdcə zərfi çox yüksək, çox təkmil və  peşəkarlıqla hazırlanmış mükəmməl bir sənəddir: "Ən əsası odur ki, büdcə yenə sosialyönümlüdür. Büdcənin üçdə biri məhz sosial məsələlərə ayrılıb. Bu, Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin əhalinin sosial məsələlərinin həllinə necə böyük önəm verdiyini göstərir".

Komitə sədri çıxışında yenə diqqəti koxlear implantasiyaya çəkib. O deyib ki, bu əməliyyatı həyata keçirmək üçün büdcədən daha çox maliyyə vəsaiti ayrılmalıdır: "Deyə bilərlər ki, səhiyyə sahəsinə nəzərdə tutulan vəsaitdən bu məsələyə maliyyə ayırmaq olar. Amma hesab edirəm ki, həmin vəsaitin özü də  yetərli deyil. Ona görə də koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır".

MM-in Ailə, qadın və uşaq  məsələləri komitə Aqiyə Naxçıvanlı  təklif edib ki, uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın, bu məsələ təkmilləşdirilsin. Yəni 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin həcmi artırılsın və bu, 3 il müddətinə dəyişdirilməsin. Komitə sədri məişət zorakılığına da toxunaraq, bu məsələdə vəziyyətin ürəkaçan olmadığını deyib. O, təklif edib ki, bu yöndə mübarizəni daha effektli və səmərəli təşkil etmək üçün Mili Fəaliyyət Proqramı hazırlanmalıdır. Buna cavab olaraq, H. Rəcəbli adıçəkilən məsələ üzərində düşünüldüyünü bildirib: "Artıq bir neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu məsələ üzərində düşünülür, o, ölçülüb-biçilir. Yəni bu məsələ həm bizim gündəmimizdədir, həm də hörmətli nazirimiz Səlim Müslümovun gündəmində, diqqətindədir".

"Büdcəmiz dünyada gedən reallıqları əks etdirir. O, çox təmkinli, çox təkmil və yüksək professionallıqla hazırlanıb. Biz bunu başa düşməliyik". Bunu öz növbəsində  millət vəkili Elmira Axundova deyib. Millət vəkili  sonra Azərbaycanda çox peşəkar və çox gözəl həkim ordusunun olduğunu deyərək, onların məvaciblərinin azlığından şikayətlənib: "Poliklinikada çalışan tibb bacısının maaşı 110-120 manatdır. Yüksək savadlı həkimlərin məvacibi cəmi 150-160 manatdır. Biz bununla hara gedirik?! Xaricdə təhsil alan tələbələrimiz-həkimlərimiz Azərbaycana dönmək istəmirlər. Onlar öz sahələrinin uzmanıdırlar və deyirlər ki, bura dönsələr, cəmi 250-300 manat alacaqlar... Bu, çox acınacaqlı bir haldır... Nəticədə də ələbaxımlılıq, digər mənfi hallar yaşanır... Belə halları aradan qaldırmaq üçün də mütləq həkimlərin, səhiyyə işçilərinin məvacibləri artırılmalıdır".

Qeyd edək ki, komitələrdə büdcə müzakirələri noyabrın 13-də başa çatdırılacaq.

Kamil  HƏMZƏOĞLU

 





09.11.2017    çap et  çap et