525.Az

İqtisadi, siyasi və geostrateji əhəmiyyətli “Dəmir İpək yolu”


 

“GƏLƏCƏKDƏ QARS-İQDIR-NAXÇIVAN DƏMİRYOLU XƏTTİNİN ÇƏKİLMƏSİYLƏ NAXÇIVAN AZƏRBAYCANIN DİGƏR ƏRAZİLƏRİ VƏ AVROPAYLA FASİLƏSİZ ƏLAQƏ QURA BİLƏCƏK”

İqtisadi, siyasi və geostrateji əhəmiyyətli “Dəmir İpək yolu”<b style="color:red"></b>

Azərbaycanın reallaşdırdığı “Bakı-Tbilisi-Qars” (BTQ) dəmir yolu layihəsi dövlətimizi beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevirdi.
 
Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir. Bu layihə Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artırır, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır.

Rəsmi Bakının güclü siyasi iradəsi, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri, əməkdaşlıq və etimad mühiti BTQ ilə bağlı qarşıya qoyulan hədəflərə çatmaq imkanı verib. Dəmir yolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edib. Layihənin uğurlu fəaliyyəti iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini də artıracaq. Bu yol, həmçinin, bölgədə sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək.

Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev təntənəli açılış mərasimində çıxışı zamanı qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi və strateji əhəmiyyətli qlobal layihədir. Prezidentin vurğuladığı kimi, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olmaqla Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir.

Bu dəmir yolu xətti ilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Ona görə də, BTQ-dən istifadə edən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, əməkdaşlıq dərinləşəcək, ölkələr bir-birinə daha yaxın olacaq.

Mövzu ilə bağlı “525”ə fikirlərini bildirən Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Qarsla Axalkalaki arasında dəmiryolu xəttinin inşası yolu ilə Bakının Tbilisi üzərindən dəmiryolu vasitəsilə Qarsla, başqa sözlə, Azərbaycanın Türkiyə ilə birləşdirilməsini nəzərdə tutan layihədir: “Azərbaycanın geostrateji mövqeyi bizə Avropanı Asiya ilə birləşdirən körpü olmağa imkan yaradır. Layihənin tamamlanması ilə artıq Avropa, Anadolu və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşir və “Dəmir İpək yolu” adlanan fasiləsiz dəmiryolu şəbəkəsi ortaya çıxır. Bu layihə, Trans-Avropa və Trans-Asiya dəmiryolu şəbəkələrinin birləşdirilməsini, Xəzər dənizindən keçən dəmir yolu-bərə xətləri vasitəsilə Qazaxıstan və Türkmənistana bağlanması yolu ilə Avropa və Türkiyənin Mərkəzi Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə fasiləsiz dəmiryolu əlaqəsini təmin edir. Bu da öz növbəsində Asiya və Avropa arasında yük və sərnişin daşınmasının mühüm bir hissəsinin dəmir yolu nəqliyyatına keçməsini təmin etməklə nəqliyyat xərclərini aşağı salacaq və nəticədə İpək yolu üzərində yerləşən iqtisadiyyatların inkişafına mühüm töhfə verəcək”.

E.Əhmədov hesab edir ki, Bakı-Tbilisi-Qars Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi inteqrasiyasını daha da dərinləşdirəcək və onlara mühüm iqtisadi və strateji üstünlüklər qazandıracaq: “Bu günə kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri ilə bir-birinə bağlanan bu iqtisadi əlaqələr bundan sonra dəmir yolu şəbəkəsi vasitəsilə daha da möhkəmlənəcək və inkişaf edəcək. Bununla yanaşı, bu layihə Mərkəzi Asiyanın Türkiyə vasitəsilə Avropa ilə birləşdirilməsinə şərait yaradacaq. Siyasi və geostrateji əhəmiyyətindən başqa, bu layihənin ölkəmizin dövlət gəlirlərinin artırılması baxımından mühüm əhəmiyyəti var. Həmçinin, hər üç ölkənin iqtisadi inteqrasiyasına xidmət etməklə yanaşı, eyni zamanda, ayrı-ayrılıqda hər bir ölkəyə müəyyən iqtisadi mənfəət gətirəcək”.

Siyasi elmlər doktoru qeyd edib ki, Bakı-Tbilisi-Qars Azərbaycan üçün yükdaşımalardan əldə edilən gəlirin artması baxımından çox zəruridir: “Yəni Azərbaycan beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə edəcək. Bu baxımdan, Bakı-Tbilisi-Qars ölkəmiz üçün iqtisadi baxımdan da vacib bir layihədir. Eyni zamanda, bu layihə Azərbaycanın qeyri-neft məhsullarını xaricə ixrac etmək baxımından əhəmiyyətlidir və burada yalnız tranzit ölkə olaraq iştirak etməyəcək, bu dəmir yolundan istifadə edərək öz məhsullarını xarici ölkələrə çıxaracaq. Bu mənada, Bakı-Tbilisi-Qars həm də ölkəmizin qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq”.

Professor hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır: “Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edir. Bakı-Tbilisi-Qars dəmir yolu Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artırır, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır. Bakıdan Türkiyənin Qars şəhərinə aparan yol oradan Ankara və İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək. Eləcə də, Bakı-Tbilisi-Qars dəmir yolu Ermənistanın təcridini dərinləşdirməklə yanaşı, eyni zamanda, bu təcavüzkar dövlətin işğalçılıq siyasəti ilə təcrid etməyə çalışdığı Naxçıvanın daha etibarlı dəmir yolu şəbəkəsi vasitəsilə Bakı ilə birləşməsi üçün mühüm imkan yaradır. Artıq gələcəkdə Qars-İqdır-Naxçıvan dəmiryolu xəttinin də çəkilməsi ilə Ermənistanın təcrid etməyə çalışdığı Naxçıvan Qars vasitəsilə Azərbaycanın digər əraziləri və Avropa ilə fasiləsiz dəmir yolu əlaqəsi qura biləcək. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyatında yalnız Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, eyni zamanda, Mərkəzi Asiya ölkələrinin İran və Rusiyadan asılılığını azaldır. Layihə Rusiya və İranın dəmir yolu şəbəkələrinə alternativ olmaqla yanaşı, eyni zamanda, hər iki ölkə üçün yeni imkanlar yaradır”.

E.Əhmədovun fikrincə, Azərbaycan üzərindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə bir-birinə bağlanacaq Rusiya-İran dəmir yolu şəbəkələrinin gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə inteqrasiyasının da perspektivi böyükdür. O xatırladıb ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təşkil olunan təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyev çıxış edərək Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha diqqətə çatdırıb: “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”.

Professor əlavə edib ki, bu strateji layihə Azərbaycan iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq: “Azərbaycanın ilk illərdə tranzitdən minimal gəliri 50 milyon dollar təşkil edəcək. Digər tərəfdən, Azərbaycanın beynəlxalq siyasətin subyekti kimi nüfuzu daha da artacaq və çox əhəmiyyətli tərəfdaşlar qazanacaq”.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışında iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə dövlət başçısı İlham Əliyevin oktyabrın 31-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısını keçirdiklərini də xatırladan siyasi elmlər doktoru bildirib ki, toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub və iki ölkə arasında 6 mühüm sənəd imzalanıb: “İqtisadi sahədə imzalanmış sənədlərin böyük əhəmiyyət kəsb etdiyini bildirən Azərbaycan prezidenti preferensial, yəni, imtiyazlı ticarət sazişinin böyük məna daşıdığını və bu sazişin qüvvəyə minməsi nəticəsində dövlətlərimiz arasında olan ticarət dövriyyəsinin xeyli dərəcədə artacağını diqqətə çatdıraraq deyib ki, bu günə qədər Azərbaycandan Türkiyəyə 10 milyard, Türkiyədən Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulub. Prezident vurğulayıb ki, bu sərmayələrin həcmi artacaq və Azərbaycandan Türkiyəyə yatırılacaq sərmayə 20 milyard dollara çatmalıdır. Dövlət başçısı, eyni zamanda, diqqətə çatdırıb ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bölgə üçün önəmli amildir, regionda sabitləşdirici rol oynayır”.

Siyasi elmlər doktorunun sözlərinə görə, ümumiyyətlə, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır: “Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycan, Türkiyə və eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib”.

Ceyhun ABASOV

 





11.11.2017    çap et  çap et