525.Az

Bakıda "Caspian Ecology 2017" sərgisi işə başladı


 

Bakıda "Caspian Ecology 2017" sərgisi işə başladı<b style="color:red"></b>

Bu gün Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit "Caspian Ecology 2017" sərgisi fəaliyyətə başlayıb.

Dünən sərgi ilə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə bildirib ki, noyabr 14-dən 16-dək davam edəcək sərgi ekologiya və ətraf mühitin qorunması sahəsində həm Xəzər, həm də Qafqaz regionunda keçirilən mühüm tədbirdir.

Sərginin meneceri Jalə Məmmədova isə qeyd edib ki, ilk dəfə olaraq "Caspian Ecology" sərgisi çərçivəsində təşkilatçılar tərəfindən "Funksional Ekologiya və Ətraf mühit" mövzusunda konfrans keçiriləcək: "Konfranda bölgədəki ən mühüm ekoloji məsələlər - "Atmosferin çirklənməsində nəqliyyat vasitələrinin yeri" , " Qlobal istiləşmə", "Yaşıl iqtisadiyyat" prinsiplərinin tətbiqi" və bir sıra başqa mövzular müzakirə ediləcək".

Mətbuat konfransında o da qeyd olunub ki, sərgidə 7 ölkədən 53 şirkət iştirak edir. Tədbirdə Azərbaycan və Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, "Təmiz Səhər" ASC, Xəzər Dəniz Gəmiçiliyi QSC, SOCAR, BP, "POLYMART", "SOCAR POLYMER", "Azərsu", Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət agentliyi, "HAZARDOUS WASTES" və dünyanın bir neçə başqa şirkət və təşkilatları təmsil olunur.

Ümumilikdə, "Caspian Ecology 2017" sərgisində təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və ultilizasiyası sistemləri, həmçinin, alternativ energetika üzrə müasir avadanlıq nümunələri və başqa məhsulları nümayiş olunur. Şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri və digər məhsullar təqdim edəcəklər.

Qeyd edək ki, "Caspian Ecology" sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçı qismində isə "Caspian Event Organisers" şirkəti çıxış edir.

Zeynəb ƏKBƏR

 





14.11.2017    çap et  çap et