525.Az

Azərbaycanla Türkiyəni birləşdirən "Bakı-Tbilisi-Qars"


 

"DÖVLƏTİMİZ BÖYÜK LAYİHƏLƏRİN TƏŞƏBBÜSKARI VƏ DƏSTƏKVERİCİ QÜVVƏSİ KİMİ HƏR KƏS ÜÇÜN ARZUOLUNAN MÜTTƏFİQDİR"

Azərbaycanla Türkiyəni birləşdirən "Bakı-Tbilisi-Qars"<b style="color:red"></b>

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi ölkə ictimaiyyəti tərəfindən böyük coşqu ilə qarşılanıb.

Bu layihə Azərbaycanın son dövrlər ərzində həyata keçirdiyi uğurlu layihələrdən biri kimi qiymətləndirilir.

BTQ ölkəmizin beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir. Bu layihə Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artırır, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır. Dəmir yolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edir.

Rəsmi Bakının güclü siyasi iradəsi, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri, əməkdaşlıq və etimad mühiti BTQ ilə bağlı qarşıya qoyulan hədəflərə çatmaq imkanı verib. Dəmir yolu xəttinin uğurlu fəaliyyəti iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini də artıracaq. Bu yol, həmçinin, bölgədə sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək.

Bu dəmir yolu xətti ilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Ona görə də, BTQ-dən istifadə edən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, əməkdaşlıq dərinləşəcək, ölkələr bir-birinə daha yaxın olacaq.

Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev təntənəli açılış mərasimində çıxışı zamanı qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi və strateji əhəmiyyətli qlobal layihədir. Prezidentin vurğuladığı kimi, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olmaqla Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir.

Ölkə rəhbəri çıxışında onu da bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birini dəstəkləyirlər, özləri və dünya üçün önəmli olan layihələri icra edirlər: "Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı sayəsində 2006-cı ildə böyük tarixi əhəmiyyətə malik olan, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri inşa edilib. Dünya miqyaslı, Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi də məhz Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır. Regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaq, bir-birini dəstəkləyəcəklər".

Prezident qeyd edib ki, BTQ layihəsinə Orta Asiya ölkələri, o cümlədən, Qazaxıstan böyük maraq göstərir: "Yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək".

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu tarixi və strateji əhəmiyyətli qlobal layihədir. O, "Trend"ə bildirib ki, bu proses bir daha Azərbaycan prezidenti İlham Əliyevin müstəqil siyasət yürütdüyünü sübuta yetirib: "Bu layihənin reallaşmasını istəməyən qüvvələr var idi. Bu layihədə Azərbaycan təkcə tranzit ölkə kimi deyil, aparıcı dövlət rolunu oynayacaq. Layihə Avropa ilə Asiyanı birləşdirən coğrafi məkanda yerləşən Azərbaycanın qeyri-neft sektorunun inkişafına da töhfələr verəcək".

A.Hüseynov qeyd edib ki, Azərbaycan dövlətinin maraqlarına xidmət edən bütün layihələr reallaşdırılacaq: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşdırılmasına maneələr olsa da, layihə həyata keçirilib. Bu, prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində baş tutub".

Deputat Elman Məmmədov isə bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir. O qeyd edib ki, bu layihənin baş tutması Azərbaycanın iqtisadi uğurlarından biridir: "Bu yolla Azərbaycan həm öz yüklərinin daşınmasında, həm də tranzit ölkə kimi yükdaşımada mühüm nailiyyət əldə edəcək. Bu xətt, həmçinin, Şərq-Qərb dəhlizi ilə yükdaşımada aparıcı qüvvə hesab olunur".

Hazırda Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işlərin getdiyini deyən deputat onu da bildirib ki, Azərbaycan artıq bu layihədə mərkəz rolunu oynayacaq: "Azərbaycan iqtisadiyyatının gələcək inkişafı, ölkəmizin regionda mühüm strateji rolunun gücləndirilməsi üçün bu layihənin həyata keçirilməsi çox vacibdir".

Deputat Aydın Mirzəzadə isə bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması tək regionda deyil, dünyada tarixi bir hadisədir. O qeyd edib ki, bu xəttin açılışı ilə regiondakı vəziyyət kökündən dəyişir: "Ölkələr arasında daha sıx əlaqələr yaranır. 100 minlərlə iş yeri açılır. Çindən tutmuş Avropaya qədər mallar çox qısa zamanda və sürətlə çatdırılır. Eyni zamanda, bu layihə sülhü və təhlükəsizliyi gücləndirir".

Deputat bildirib ki, bu xətt Ermənistandan da keçə bilərdi, ancaq Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi onu bu perspektivli layihədən kənarda qoyub: "Dəmir yolu xətti Ermənistandan keçsəydi, onun büdcəsi heç nə etmədən hər il böyük həcmdə valyuta qazanardı, yeni iş yerləri açılardı, Ermənistan iqtisadiyyatı dirçələrdi. Amma göründüyü kimi, aqressiv, düşünülməmiş siyasəti Ermənistan üçün öz acı nəticəsini göstərir. Ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin strateji müttəfiqliyi, qardaşlıq münasibətlərini real işdə göstərmələri artıq bəhrəsini verir və bu dəmir yolu xəttinin açılışı bir daha göstərir ki, ölkələr bir-biriləri ilə ilk növbədə ümumi maraqları ortaya qoymaqla, dostluq, əməkdaşlıq etməklə və ən əsası isə müasir dünyanın tələblərinə uyğun münasibətlər qurmaqla çox böyük işlər görə bilirlər".

A.Mirzəzadə əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə Azərbaycanın regionda nüfuzu daha da yüksəlir: "Böyük layihələrin təşəbbüskarı və dəstəkverici qüvvəsi olan Azərbaycan hər kəs üçün arzuolunan müttəfiqdir".

Qeyd edək ki, BTQ dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün olub. 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər edən prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib. 2005-ci il mayın 25-də isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycan prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 2007-ci il, noyabrın 21-də üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda kəndində BTQ tikintisinin təməli qoyulub, Marabda stansiyasında açılış mərasimi keçirilib. 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Bunun 500 km-i Azərbaycan, 260 km-i Gürcüstan, 80 km-i isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 km-ə yaxın olan tunel inşa edilib.

Ceyhun ABASOV

 





14.11.2017    çap et  çap et