525.Az

Parlamentin komitələrində büdcə müzakirələri başa çatdı


 

Parlamentin komitələrində büdcə müzakirələri başa çatdı<b style="color:red"></b>

Milli Məclisin (MM) komitələrində büdcə müzakirələri dünən başa çatıb. Büdcə zərfi bu dəfə MM-in İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunub.

Birgə iclasda adıçəkilən komitələrin sədrləri və üzvləri ilə yanaşı, müvafiq dövlər qurumlarının da məsul şəxsləri iştirak ediblər. Komitələrin birgə iclasına MM sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrlik edib. B. Muradova iclası açaraq bildirib ki,  növbəti ilin büdcə zərfi ilə bağlı müzakirələr göstərir ki, bu ali sənədə bütövlükdə cəmiyyətdə çox ciddi maraq var: "Çünki bu sənəd qarşıdakı ilin və növbəti 3 ilin inkişaf istiqamətlərini özündə əks etdirir. Bu baxımdan, büdcə zərfinə belə bir ciddi marağın olması təbii və gözləniləndir". Vitse-spiker sonra bildirib ki, büdcə zərfi dünyadakı qlobal maliyyə-iqtisadi proseslər və çağırışlar nəzərə alınaraq, çox mükəmməl şəkildə hazırlanıb. O, ali iqtisadi sənəddə insan kapitalına mühüm önəm verilməsini təqdirəlayiq hal kimi dəyərləndirib: "Büdcə zərfində gəlirlərin və xərclərin 2017-ci illə müqayisədə artırılması da çox mühüm məqamlardandır. Bunu xüsusilə vurğulamaq istərdim".

Maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, büdcə zərfində dünyadakı makroiqtisadi dəyişiklər nəzərə alınıb. Onun sözlərinə görə, 33 rayon və şəhər istisna olunmaqla, yerdə qalan bölgələrə dövlət büdcəsindən yenə dotasiya ayrılacaq.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib ki, növbəti ildə neftin bir barelinin qiyməti 45 dollar götürülsə də, sonrakı 3 il üçün 40 dollar həcmində müəyyənləşdirilib. O, qeyd edib ki, ölkədə turizmin inkişafı üçün çox mühüm addımlar atılır və bu məsələ büdcə zərfində də nəzərə alınıb. Nazir müavininin qeyd etdiyinə görə, bu səbəbdən ölkəyə turizm axını ildə-ilə artmaqdadır: "Gələn il bu artımın 6,8, sonrakı 3 ildə isə 6 faiz təşkil edəcəyi proqnozlaşdırılır". Nazir müavini həmçinin, biznes mühitinin yaxşılaşdırılması istiqamətində addımların növbət ildə də atılacağını deyib.

"Azərbaycan son dərəcədə mühüm günlərin axarında, astanasında yaşayır.  Bu səbəbdən büdcəmiz də  İstiqlalımızın, Müstəqil dövlətimizin yüz illiyinə hesablanıb.  Bu sənəddə mümkün risklər nəzərə alınıb, onu qənaətbəxş saymaq olar". Bunu akademik, parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov   bildirib. O deyib: "Azərbaycanda kənd təsərrüfatı çox sürətlə inkişaf edir, uğurlar göz önündədir. Azərbaycanda hərbi-sənaye kompleksi, sənayesi  uğurla inkişaf edir. Amma Azərbaycan kənd təsərrüfatı ölkəsi deyil. Azərbaycan geniş hərbi-sənaye ölkəsi də deyil. Azərbaycan mədəniyyəti ilə dünyaya səs salan bir ölkədir, Azərbaycanı dünyaya onun mədəniyyəti tandıb. Ona görə mədəniyyət sahəsinə daha çox diqqət göstərilməlidir. Büdcədə mədəniyyətə baxış kəskin şəkildə dəyişməlidir. Cüzi artımlar deyil, böyük artımlar nəzərdə tutulmalıdır". Komitə sədrinin dediyinə görə, ölkədə Prezident  İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət quruculuğu siyasətində mədəniyyət quruculuğu çox mühüm yer tutur: "Ölkə başçısı daim bu sahəni öz diqqət mərkəzində saxlayır. O, Azərbaycan mədəniyyətinin böyük dostudur.  Bu baxımdan, mədəniyyət sahəsinə diqqət büdcə zərfində də öz əksini tapmalıdır, büdcəni hazırlayan, formalaşdıran iqtisadi qurumlar bunu mütləq nəzərə almalıdırlar. Dünyada kinonun tarixi 1895-ci ildən başlayırsa, Azərbaycanda ondan cəmi  3 il sonra - 1898-ci ildən başlayır. Yəni, növbəti ildə Azərbaycan kinosunun 120 ili tamam olur. Bu, çox mühüm nailiyyətdir. Dünyanın ən inkişaf etmiş ölkələrində kino yaranmayanda, Azərbaycanda kino vardı. Amma büdcədə bu məsələyə o qədər də ciddi diqqət ayrılmayıb. Biz bununla böyük inkişafa doğru gedə bilmərik. Odur ki, kino sahəsinə büdcədə daha ciddi diqqət yetirilməlidir, ayrılan vəsaitin həcmi artırılmalıdır. Bölgələrdəki kitabxanları dirçəltməliyik. Onları mədəniyyət mərkəzlərinə çevirməliyik. Amma bugünkü durumla uzağa gedə, keçmiş ənənələrimizi yaşada bilmərik".

Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, büdcədəki artım aşkar görünür: "Əvvəllər elə sahələr vardı ki, onlarda artımı görmürdük, amma bu gün görürük". Komitə sədri sonra gənclər evləri məsələsinə toxunaraq deyib ki, burada gənclərin fəaliyyətinin, onların asudə vaxtlarının səmərəli təşkili nəzərə alınmalıdır: "Əgər gənclərin fəaliyyətini, asudə vaxtlarını səmərəli təşkil edə bilmiriksə, bu gənclər evlərinin də səmərəli fəaliyyətindən geniş danışa bilmərik. Həmin gənclər evlərinin bir funksiyası da məhz bu məsələ- gənclərin asudə vaxtlarının səmərəli təşkili olmalıdır". Çıxışında siyasi partiyalar məsələsinə də diqqət yetirən F. Muradov təklif edib ki, parlamentdəki siyasi təşkilatların büdcəsi artırılmalıdır: "Çünki Azərbaycan əleyhinə fəaliyyət göstərən bəzi partiyaların büdcəsi parlamentdəki partiyaların büdcəsindən qat-qat çoxdur. Odur ki, parlamentdə təmsil olunan partiyaların büdcəsinin artırılması məsələsinə baxılmalıdır".

MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, yerli icra hakimiyyət orqanları bələdiyyələrin fəaliyyətini məhdudlaşdırır. Komitə sədri  qeyd edib ki, bu il  bələdiyyələrə subvensiya ayrılması məsələsi  hələ də öz həllini tapmayıb: "Bələdiyyələrə ayrılan vəsaitin bir hissəsi subvensiya şəklində olsun. Bunun mahiyyəti odur ki, bələdiyyə konkret müvafiq layihəni icra etsin. Məsələn, gələn il bələdiyyələrə 5,2 milyon manat ayrılıb. Olmazdı ki, bu, subvensiya formasında ayrılsın?" Millət vəkili bildirib ki, 2016-cı ildə bələdiyyələr tərəfindən 30 layihə hazırlansa da, heç biri keçməyib: "2018-ci ildə isə ümumiyyətlə, bələdiyyələrin layihəsi barədə heç nə əksini tapmayıb. Bu, laqeydlikdirmi? Bu, nə deməkdir?" Komitə sədri hökumət tərəfindən bu məsələlərə aydınlıq gətirilməsini tələb edib.

"Azərbaycan Sizin sözünüzü gözləyir". Düz 25 il öncə Azərbaycandan, Bakıdan Naxçıvan Muxtar Respublikasına, mərhum dövlət başçısı Heydər Əliyevə Azərbaycan ziyalılarının müraciəti getdi və müraciət həmin sözlərlə başladı.  Bu müraciəti nəzərə alaraq, düz 25 il öncə Naxçıvanda böyük öndərimiz Heydər Əliyevin sədrliyi ilə möhtəşəm bir partiyanın - Yeni Azərbaycan Partiyasının təməli qoyuldu. O partiyanın ki, cəmi bir ildən sonra hakimiyyətə gəldi və düz 25 ildir ki, Azərbaycanı inkişafdan-inkişafa doğru aparır. Yəni bunu xatırlamaqda məqsədim odur ki, biz budcəni belə əlamətdar, tarixi günlər ərəfəsində müzakirə edirik". Bunu öz növbəsində MM-in Mədəniyyət  komitəsinin sədr müavini, professor  Jalə Əliyeva bildirib. Sonra büdcə zərfinə toxunan millət vəkili bu ali iqtisadi sənəddə mədəniyyət sahəsinə daha çox diqqət ayrılmasının vacibliyini deyib: "Mədəniyyət heç də çalıb-oynamaq, kino çəkmək deyil. Mədəniyyət daha geniş məhfumdur və bu sahəyə büdcədə daha ciddi önəm verilməlidir. Bəzən çəkilən milli seriallarımızın, filmlərimizin səviyyəsindən şikayətlənirik, burada haqlı məqamlar da var. Amma gəlin görək ayrılan vəsaitlə normal, peşəkar, hamının sonadək maraqla, həyəcanla izləyə biləcəyi film, serial çəkmək mümkündürmü? Əlbəttə ki, xeyr! Odur ki, film, serial, kino çəkilişlərinə ayrılan vəsaitin həcmi artırılmalıdır. Regionlardakı kitabxanaların vəziyyəti ürəkaçan deyil. Kitabxanaların vəziyyətinin yaxşılaşdırılması məsələsi də büdcədə diqqətə alınmalıdır".

Bununla da parlamentin komitə iclaslarında büdcə müzakirələri başa çatıb və büdcə zərfi MM-in plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





14.11.2017    çap et  çap et