525.Az

Bu gün Dünya Diabet Günüdür


 

Bu gün Dünya Diabet Günüdür<b style="color:red"></b>

Bu gün dünyanın bütün ölkələrində Dünya Diabet Günü (DDG) qeyd edilir.
 
Dünya Diabet Günü (DDG) 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən diabetin insan sağlamlığına törətdiyi ciddi təhlükə ətrafında artan narahatçılığa cavab olaraq yaradılıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assamleyasının 23.12.2006-cı il tarixli 61/225 Qətnaməsi ilə bu bün BMT Günü kimi elan edildi. Məqsəd Dünya ölkələri rəhbərliyinin, səhiyyə sisteminin, özəl və qeyri-hökumət təşkilatlarının (QHT), dünya ictimaiyyətin, kütləvi informasiya vasitələrinin (KİV) əsrin pandemiyası sayılan şəkərli diabet (ŞD) xəstəliyinin müalicəsinə, bu xəstəliyi daşıyan insanların həyat keyfiyyətinin yaxşılaşmasına hər cür vasitələrlə köməklik göstərilməsinə çağırışdır.

DDG-nin mühüm cəhətlərindən biri də odur ki, bu ərəfədə və bundan sonra da əhalini, ŞD xəstələrini bu xəstəliyinin yaranması səbəblərini və onun qarşısının alınmasında vacib gələn məlumatlarla maarifləndirməkdir.

BDF-ın verdiyi məlumata görə, hazırda dünyada 400 milyondan çox insan bu xəstəliklə qeydiyyatdadır. Ən pisi isə odur ki, bir o qədər də insan bu xəstəliyin daşıyıcısı və ya ona risk qrupunda olduğu halda bundan xəbərsizdir. Çox hallarda bu xəstəlik tamam başqa xəstəliklə həkimə müraciət edildikdə aşkar edilir, amma bu vaxta qədər bu məkrli xəstəlik insan sağlamlığına öz zərərini vurur. Odur ki, bu xəstəliyinin belə qlobal artmasına qarşı yeganə və təsdiq edilmiş profilaktik tədbir- hər bir insanın öz sağlamlığına biganə qalmayıb vaxtında ŞD-yə özünü müalicə müəssisəsində yoxlatmalıdır. Tibbi tədqiqatlara görə, ŞD risk qrupasında olan insanlar qabaqlayıcı tədbirləri görməklə bu xəstəliyə tutulmaqdan xilas olurlar.

Diabetin sürətli epidemiyası respublikamızdan da yan keçməyib. Hazırda Azərbaycanda 230 mindən çox adam ŞD-lə qeydiyyatdadır, onlardan uşaq və yeniyetmələr - 1500 nəfər civarında,     I-tip 29000 nəfər civarındadır. Xəstəliyin artımını müqayisə etmək üçün kifayətdir ki, XXI əsrin əvvəllərinə, yəni 2005-ci ilə olan statistikaya nəzər salsaq, görərik ki, o vaxtı cəmi 56.0 min nəfər ŞD xəstəsi olduğu halda, indi ondan 4 dəfə çoxdur.

Respublikamızda diabetin problemlərinə böyük diqqət yetirilir. 

Azərbaycan Respublikasının dövləti və Milli Məclisi ŞD xəstələrinə dövlət qayğısını özündə əks etdirən Qanun və ŞD üzrə Dövlət Proqramları (3 dəfə, hər biri 5 ilə hesablanmış) qəbul edilmişdir. Dövlət Proqramının icrası məqsədilə hər il dövlət büdcəsindən ünvanlı olaraq vəsait ayrılır və 2017-ci ilin  dövlət büdcəsində ŞD üzrə Proqramın icrasına 40.1 milyon  manat vəsait ayrılıb. Bu vəsaitin bilavasitə AR Səhiyyə nazirliyinin mərkəzləşdirilmiş xərclər bölməsinə yönəldilməsi və nazirliyin həyata keçirdiyi təşkilatı tədbirlər nəticəsində respublikada ŞD xəstələrinin  insulin və şəkərsalıcı dərmanlarla təminatında müsbət irəliləyiş yaranıb.

Beynəlxalq Diabet Federasiyası hər il diabetin müəyyən bir probleminin vacibliyini qabardaraq onu Diabet Gününün mövzusu kimi təklif edir və problemə hərtərəfli diqqətin artırılmasını vacib sayır. Bu ilin DDG-nün mövzusu "Diabet və qadın"dır. Bu ondan irəli gəlmişdir ki, əvvəla ŞD xəstələrinin böyük bir qismi qadınlardan ibarətdir, deməli, onların bu xəstəlikdən yaranan problemlərinə həm dövlətin, səhiyyə orqanlarının, müvafiq dövlət qurumlarının, həm də ictimaiyyətin və KİV-in qayğı və diqqəti ön plana çəkilməlidir. Ailədə qadının sosial rolu birmənalı çox mühümdür. Uşağı ŞD-yə tutulan qadının isə yükü qat-qat artır, bu səbəbdən çox analar ŞD xəstə uşaqlara gün ərzində müntəzəm nəzarət etdiklərində işləyə bilmirlər. Odur ki, belə halda qadının əmək hüququnun dövlət tərəfindən kompensasiyası məqsədəuyğun sayılmalıdır. 

Mütəxəssislərin hesablanmasına görə, diabetin ağırlaşmalarından yaranan fəsadların müalicəsinə, onun tam və keyfiyyətli profilaktik tədbirlərinə çəkilən xərclərdən 5 dəfə çoxdur. Əks halda görmə qabiliyyətinin itirilməsi, ürək-damar xəstəliyi, böyrək çatışmazlığı, ətraf hissələrin amputasiyası kimi fəsadlar yaranır. Nəticədə səhiyyə sisteminə, ailələrin büdcəsinə böyük yük gətirir.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 11 min nəfərdən çox ŞD xəstəsi bu ağır fəsadlar nəticəsində əlilliyə keçirilib. Diabetin fəsadlarının qarşısının alınması üçün daimi özünənəzarət və keyfiyyətli kompleks müalicə vacibdir.

ŞD xəstələrinin 90 faizi II-tip ŞD xəstəsidirlər. Təsdiq edilmişdir ki, sağlam həyat tərzi və müvafiq tədbirləri gördükdə onların 70 faizində bu xəstəlik həyat tərzinə çevrilir, gümrah və uzun ömür sürə bilərlər.

Problemin həlli yolu isə ən başlıcası ŞD xəstəliyinin tam idarə olunması, yəni müvafiq özünənəzarətin və keyfiyyətli, standartlara uyğun müalicənin yerinə yetirilməsi, fiziki fəallıq, sağlam qidalanma və maariflənməyə ciddi riayət olunmasıdır. ŞD xəstəliyində özünənəzarət daha ciddi tələb edilir, çünki müəyyən edilmiş müalicə rejimindən bir qədər kənara çıxıldıqda qanda şəkərin səviyyəsi artır, onun çox olub bu vəziyyətdə qalması isə gələcəkdə mütləq ağırlaşmalara gətirir. Şəkərin səviyyəsinin nəzarəti isə xəstə tərəfindən mütəmadi yoxlanılmalıdır. Bundan ötrü də xəstədə qlyukometrin və lazımi miqdarda test-çubuqların olması vacibdir.

Artıq respublikamızda yuxarıda göstərilən tövsiyələrə riayət edən, vaxtı ilə xəstəliyi çox ağır keçən, insulin tələbli bir neçə II-tip ŞD xəstəsi hazırda heç bir dərman qəbul etmədən gümrah həyat yaşayırlar. Bu hamımız üçün çox örnək olası bir təşəbbüsdür.

Bütün bu göstərilənlər ona dəlalət edir ki, əgər cəmiyyətimiz və onun hər bir üzvü ŞD kimi məkrli bir xəstəliyə məruz qalmaq istəmirlərsə, onda vaxtında tibb müəssisələrində şəkərə yoxlamadan keçməlidirlər (skrininq). Belə halda sizdə şəkərin səviyyəsi normadan çox olduqda tərəddüd etmədən həkim-endokrinoloqun qəbuluna getməlisiniz. Onun tövsiyələrinə riayət etməklə və sağlam həyat tərzinə keçməklə siz vaxtında bu xəstəlikdən qorunarsınız və uzun ömür sürərsiniz.

 





14.11.2017    çap et  çap et