525.Az

Startap layihələrinin dəstəklənməsi mövzusunda tədbir keçirildi


 

Startap layihələrinin dəstəklənməsi mövzusunda tədbir keçirildi<b style="color:red"></b>

Dünən Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Biznes inkubatorların və sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi" mövzusunda tədbir keçirilib.

Nazirlikdən verilən məlumata görə, dövlət orqanları, ali təhsil müəssisələri, texnoparklar, ölkədə fəaliyyət göstərən biznes inkubatorlar və onların rezidentlərinin, ekspertlərin iştirakı ilə keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqaməti kimi sahibkarlığın inkişafı üçün həyata keçirilən davamlı islahatlar, həmçinin, bu tədbirlər çərçivəsində biznes inkubatorların yaradılması, inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi və ümumilikdə, sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

S.Məmmədov Azərbaycan prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş və görüləcək işlər haqqında məlumat verib. İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin rəhbəri Akif Fərruxov isə nazirliyin Quba-Xaçmaz və Aran Regional mərkəzlərində yaradılmış biznes inkubatorların fəaliyyəti, təşəbbüskar gənclərin iştirakı ilə həyata keçirilən tədbirlər və yeni imkanlardan danışıb.

Daha sonra Avropa Komissiyasının Azərbaycan Respublikasında "Regionların inkişafına dəstək Qrant Proqramı" ilə bağlı həyata keçirilən layihənin ekspertləri "Sahibkarlığın inkişafı proqramları - biznes inkubatorlar: imkanlar, problemlər və vəzifələr" mövzusunda təqdimatla çıxış edib, biznes inkubatorların inkişafı, bu sahədə beynəlxalq təcrübə, Azərbaycanda bu sahədə aparılmış təhlillərin nəticələri barədə məlumat veriblər.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov nazirlik tərəfindən keçirilən İnnovasiya Müsabiqəsi, Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov startap layihələrinin dəstəklənməsi ilə bağlı təbdir iştirakçılarını məlumatlandırıblar.

Tədbir çərçivəsində ölkədə fəaliyyət göstərən biznes inkubatorların idarəedicilərinin, rezidentlərinin, ölkədə fəaliyyət göstərən startapların fikirləri dinlənilib, müzakirələr aparılıb və biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üçün İqtisadiyyat Nazirliyində bu sahə üzrə peşəkar mütəxəssislərin və fəal inkubator idarəedicilərinin də təmsil olunduğu komissiyanın yaradılması qərara alınıb.

CEYHUN

 





15.11.2017    çap et  çap et