SƏNDƏN UZAQLARDA
Səndən uzaqlarda soyuq torpağam, -
Həsrətin ömrümə yağar qar kimi.
Rüzgarın, əl ində sarı yarpağam,
Uçaram ruhuma dünya dar kimi.
Məndən uzaqlarda yaşıl qönçəsən,
Vurnuxar dövrəndə şeyda bülbüllər.
Səndən uzaqlarda həyat-duman-çən
İçimdə yanğınlar, saçımda küllər...
Səndən uzaqlarda bələdçim - ölüm,
Gecikmiş qayğısan - ahsan, naləsən.
Səndən uzaqlarda yaşamaq - zülüm,
Məndən uzaqlarda - yanan laləsən...
lll
Mən çox aldanmışam əsən yellərə,
Yağan yağışlara çox aldanmışam.
Nəğmələr qoşmuşam pambıq əllərə,
Bircə təbəssümçün oda yanmışam
Sən məni aldada bilməzsən, gözəl...
Naşı ovçu kimi tor qurmamışam,
Yolumu azmışam düymə nar üçün.
Minnətli sevdaya əl vurmamışam
Bağrım dağ-dağ olub qışda qar üçün...
Sən məni aldada bilməzsən, gözəl...
Daşa vurulmuşam - mamır olmuşam,
Daşlar diyirlənib mənim izimə.
Daşı güldürməkçün kömür olmuşam,
Sən də o daş kimi gülmə üzümə,
Sən məni aldada bilməzsən, gözəl...
Mən eşq dəlisiyəm, sevda acıyam,
Eşqlə sən dirilib, ölə bilməzsən.
Mən qılıq möhtacı, söz möhtacıyam,
Eşqinlə sən məni sərxoş eyləyib,
Oynadıb, oynadıb gülə bilməzsən...
Sən məni aldada bilməzsən, gözəl...
UNUDACAĞAM...
Səni unutmağım çətindi...çox...çox...
Deməm elə-belə unudacağam
Bu elə bəladır - bir çarəsi yox,
Ömrü verib yelə, unudacağam...
Düşərsən yarama acı duz kimi,
Yanıb-yaxılaram mən susuz kimi...
Əriyib gedəcəm salxım buz kimi,
Səni gilə-gilə unudacağam...
Bil ki, yollarımda gözün qalacaq,
Ruhumda ləpirin - izin qalacaq,
Bilirəm unutmaq çətin qalacaq,
Səni ölə-ölə unudacağam..
Yanıb, mən bu eşqin külü olacam,
Bir yetim fəryadın zili olacam...
Ağlımı itirib dəli olacam -
Səni gülə-gülə unudacağam...
Bir eşq məzarlığı olubdu içim,
Öldü sevmək eşqim, sevilmək eşqim...
Yatmaz ürəyimə bir daha heç kim,
Bunu bilə-bilə unudacağam..
QARQAR AĞILARI
Yanırdı ürəyim Qarqara getdim,
Könlümdə bir qorxu, bir qara, getdim.
Mənə su vermədi orda pərilər,
Dedilər: dağlarda qar ara, getdim...
Neynim ki, həmişə qar qara yağır,
Fağıra fəlakət, dərd, qara yağır...
Uzaqda bir bulud havalandı, ah...
Göy dərə sümürdü, Qarqara yağır...
Uzaqdan Qarqara vuruldum, Allah,
Sevindim, şadlandım, duruldum, Allah...
Bu dəli sevdadan qurtulammadım,
Daha apar məni, yoruldum, Allah...
Könlümə qar yağdı baharda belə,
Belə iş görünüb de, harda belə?..
Göy yurda ələnir qar da, Qarqar da,
Bu Qarqar da belə... bu qar da belə...
Qarqar özgə yurda axır deyəsən...
Şimşəklər oynaşır, çaxır deyəsən...
Könlümdə sızılar, ahlar, fəğanlar,
Eşqimdə son nöqtə - axır, deyəsən...
GİZLİCƏ...
Nə mən səni görüm, nə də sən məni,
Bəlkə, için-için yanaq gizlicə?..
Səssiz söhbətləri, səssiz sözləri,
Sızlaya-sızlaya anaq gizlicə...
Fikrimi-zikrimi qandallayıbsan,
Bu eşqi-sevgini gizlət, ayıb san;
İçində bir çınqı varsa onu dan,
Yoxsa hücum çəkər qınaq gizlicə...
Nə səni düşünüm, nə məni düşün,
Yalquzaq təklikdən üşürgə-üşün...
Düşək ağuşuna payızın, qışın,
Dönək buz heykələ donaq gizlicə...
Gizlət yazdığımı, poz yazdığımı,
Min yerə, min səmtə yoz yazdığımı;
Necə var eləcə düz yazdığımı
Görərlər, gizləyək, sunaq gizlicə...
Sənin dəftərində hökmüm yazılıb,
Kəndirim kəsilib, ümid nazilib;
Bəxtimin, eşqimin qəbri qazılıb,
Bu da Tanrıdanmı sınaq gizlicə?..
Hər yaz lalə kimi çıx bizim düzə,
Axım sular kimi sizin kəhrizə,
Barı, bilməsinlər, bir-birimizə
Gələk yuxularda qonaq gizlicə...
Ömrü bu sevginin bura qədərmiş,
Oduna yanmağım deməm hədərmiş;
Bu mənim taleyim - qəza-qədərmiş,
Neynək, için-için yanaq gizlicə,
Sızlaya-sızlaya anaq gizlicə...
HARDASAN...
Bəyənmədim mənə heyran gözəli,
Mən sevdiyim məndən uzaq dolandı...
Belə oldu bu yazının əzəli,
Hey varlığım atəşlərə qalandı.
Məni sevən, mən sevdiyim, hardasan?!.
Bəlkə elə əl edirsən dünyaya,
Bəlkə indi səksən yaşlı qarısan.
Boyun əyib bir taleyə, bir paya,
Bəlkə sən də bir özgənin yarısan, -
Məni sevən, mən sevdiyim, hardasan?!.
Bəlkə hələ gəlməmisən cahana,
Bir gözəlin bətnində yol gəlirsən...
Sığışmayıb indi vaxta-zamana
Öz bəxtinə yuxularda gülürsən...
Məni sevən, mən sevdiyim, hardasan?!.
Bəlkə məndən min il əvvəl yaşayıb,
İndi qar tək ələnirsən başıma?..
Yaz gələndə, kol dibində, utancaq
Bənövşə tək sən çıxırsan qarşıma?..
Bəlkə elə suya dönüb axırsan
Bir bulağın gözlərindən yaş kimi...
Yolum üstdə yollarıma baxırsan,
Bir yamacda bir sal qaya, daş kimi...
Məni sevən, mən sevdiyim, hardasan?!
Həyat oyun, sevgi oyun, müəmma,
Dünya sirdi, sən bəxtimin sirrisən.
Sən varsansa, burdasansa, utanma -
Bəlkə elə bu qızlardan birisən -
Məni sevən, mən sevdiyim, hardasan?!.
Sən varsansa, hay ver mənim səsimə,
Ölmüsənsə, mən arxanca ağlayım...
Bax, başımda dumanıma, sisimə
Vüsalını uzaqlara saxlayım...
Məni sevən, mən sevdiyim, hardasan?!.
Tək ağacam, sən - suyum, sən - torpağım,
Lüt-üryanam, sən gülüm, sən yarpağım...
Göydə keyfim, göz üstündə papağım,
Məni sevən, mən sevdiyim, hardasan?!.
Sənsizliyin saçlarımda qar olub,
Ürəyimdə yuva salıb kədər-qəm...
Yalqızlıqdan dünya mənə dar olub,
Bir ocaqda tüstülənən kösövəm...
Məni sevən, mən sevdiyim, hardasan?!.
KEÇƏRƏM QIRMIZI İŞIQDA BİR GÜN
Sən qırmızı donda - alov dilimi,
Aləmi yandırıb-yaxarsan, gözəl.
Qaynar baxışların günəş selimi? -
Dünyama günəştək baxarsan, gözəl.
Sən qırmızı donda - qəzəbli Sultan,
Baxaram həsrətlə, qara qul kimi.
Bir anda edərsən qanıma qəltan
Yağar göz yaşlarım gümüş pul kimi.
Sən qırmızı donda - qırmızı bayraq,
Qaşların, gözlərin - ayım, ulduzum.
Sən qırmızı donda - qızıl bir çıraq,
Əriyər nurunda qəm-kədər buzum.
Sən qırmızı donda - qırmızı işıq,
Yolumda yanarsan, keçə bilmərəm.
Hər yan çən-dumandı, hər yan - qarışıq,
Bir özgə boyanı seçə bilmərəm...
...Bir gün şairliyim vurar başıma,
Yığıb yollarından gümüş pulları,
Çağırıb bir yerə qara qulları;
Götürüb gedərəm qızıl çırağı.
O aylı-ulduzlu qızıl bayrağı;
Əndərib başıma günəş selini,
Dərib qoxlayaram alov gülünü,
Keçərəm qırmızı işıqda bir gün!..
lll
Mən qaranlıqda bir Ayam,
Sən Ayda bir qaranlıqsan.
Bax, mən bayquşlara tayam,
Sən xaraba viranlıqsan...
Mən kol-kosda gül gəzirəm,
Sən - küllükdə gülən çiçək...
Dərdim çəkən fil gəzirəm,
Bu halətdə sən mənimtək...
Soluxmusan sən baharda,
Dərdin alım, nolar, ölmə,
Mən gül açdım sonbaharda,
Zalım...zalım...mənə gülmə...
TAPILMIR
Bir yol tikmək istəyirəm
Kəsək daşdı, daş tapılmır.
Dağıdırlar, görən yoxdur,
Göz üstündə qaş tapılmır...
Təpəyə bax, qar gətirib,
Söyüdə bax, bar gətirib.
Hamı başını itirib,
Nə desən var, baş tapılmır...
Hey vurnuxur, yortur millət,
Çoxalıbdır azar-hillət.
Hər iş - zülüm, hər iş - zillət
Bəs deyirsən iş tapılmır?...
lll
Sözüm sənədi, İlahi,
Bu can bu tənə sığışmır.
Mənə nələri vermisən,
Bu "Mən", bu Mənə sığışmır...
Bu tarla həminki deyil,
Bəlkə də mənimki deyil...
Bu un bu dəninki deyil
Bu un bu dənə sığışmır...
Üzülmüşəm üzüm-üzüm,
Sinəm - dağ - dağ, düzüm-düzüm...
Bu çən tən mi, süzüm-süzüm?
Bu dağ bu çənə sığışmır...
lll
Səni düşünürəm...
Hardasan?...
Dərd çox....
aramızda sərhəd çox...
İtirilmiş ömür - çox...
Ömürdən qalan kömür çox...
hardasan...
lll
Bombalanmış xaraba şəhər kimisən...
Ürəyin
bu viranədə yetim qız kimi
ağlayır...
Mən
hönkürə-hönkürə
əllərim sənə uzalı...
Gözlərində qorxu.
Küləyin əlindəki alov kimi...
Əllərim sənə atılan
tilov kimi...
Tutmursan əllərimdən
bu fırtınalarda...
lll
Ömrün payızıdır... qar yağır...
Sığınmısan bir daşa
Vaxtsız açan çiçək kimi...
Bir tülkü yanında imsiləyir səni...
Xəyalında -
"yaz gələcək... qar əriyəcək...
Ağlayan ürəyin kiriyəcək...
Aləmi ətrin bürüyəcək...
Gözlədiyin gələcək..."
Qar yağır...
Bayırda - qar...
Ürəyində - bahar...
Qar....of....qar....
lll
Nə elə arxam var, nə dayım, əmim,
Belə yetim varmı, de, məndən başqa.
Yoxdu saçlarıma sığal çəkənim,
Bu çovğundan başqa, bu çəndən başqa.
Bir vaxt mən-mən idim, indisə fağır,
Daha kişilənmək ağırdı, ağır.
Çoxunun başına var - dövlət yağır,
Nə yağdı başıma bu dəndən başqa?!
Dəryada yelkənsiz yüklü gəmiyəm,
Ocaqda üstü boş bir sac kimiyəm.
Səhrada tək, tənha ağac kimiyəm,
Sanırdım kimsəm yox, tək səndən başqa.
Həm dostum, qardaşım, həm anam, atam,
Könlümü oxşayan, qoynumda yatan;
Dar gündə yenə də qolumdan tutan -
Bir kəsim yox imiş qələmdən başqa...
Bir kəsim yox imiş qələmdən başqa...
İslam TÜRKAY
çap et