525.Az

Alim ömrünün işıqlı üfüqləri


 

Alim ömrünün işıqlı üfüqləri<b style="color:red"></b>

“Altı il Dəclə-Fərat sahillərində” yaşamış bir alim ömrünün böyük səciyyəsindən söhbət açmaq şərəflidir.

1985-ci ildə bədii-publisistik, elmi-konseptual məzmunlu bir kitab dövrün sanballı nəşriyyatında (“Yazıçı”) işıq üzü gördü. Həyata vəsiqə aldığı gündən geniş oxucu marağını qazanan bu xoşbəxt taleli kitab - “Altı il Dəclə-Fərat sahillərində” adlanırdı. Altı illik müşahidə və tədqiqatların nəticəsi olan bu kitab qədim Babil mədəniyyətinin beşiyi İraq və iraqlıların keçmişi, çağdaşlığı, həmçinin, adət-ənənəsi, ictimai-sosial həyatı, dinamikası ilə bağlı zəngin məlumatı özündə ehtiva edirdi. Geniş oxucu auditoriyasının sevgiylə qarşıladığı və müxtəlif düşüncə müstəvilərində bədii-fəlsəfi, həmçinin, elmi müzakirələrə vəsilə olan kitabın müəllifi o zaman filologiya elmləri namizədi, indi isə filologiya elmləri doktoru, professor, böyük folklorşünas alim Qəzənfər Paşayev idi.

Çağdaş filoloji elmin, xüsusilə, folklorşünaslığın görkəmli simalarından biri olan işıqlı şəxsiyyət, el ağsaqqalı Paşayev Qəzənfər Məhəmməd oğlu ulu Sazın, müqəddəs Sözün ucalığına tapınan bir eldə, sazlı-sözlü Tovuzun Düzqırıxlı kəndində təvəllüd tapıb. Səbatlı bir ocağın, urvatlı bir elin adət-ənənələri onun uşaq yaddaşına həkk olunub. Halallıq, alicənablıq, xeyirxahlıq, qayğıkeşlik, yurdsevərlik duyğuları uşaqlıqdan Qəzənfər Paşayevin alın yazısına, ömür kredosuna çevrilib. Kənd məktəbinə gedən yolların yaddaşında onun ayaq səsləri hələ də diridir. Çünki o yollar onu ulu elm məbədinə qovuşdurub və o, bu yollarda böyük alim kimi inamla, sevgiylə, qətiyyətlə addımlayır.

1962-ci ildə arzularına qapı açdı Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu. Bu ali təhsil ocağında arzu qanadlı, ümid dolu tələbə adını qazandı. İngilis dili fakültəsini bitirdikdən sonra ali təhsilli müəllim kimi üç ay pedaqoji fəaliyyətini kənd məktəbində davam etdirir. Xüsusi dəyərləndirmə və seçim əsasında Qəzənfər Paşayev İraq Respublikasına tərcüməçi işləməyə dəvət olunur. O, müxtəlif vaxtlarda İraqda tərcüməçi kimi fəaliyyət göstərib. Elmi bacarığı və diqqətəlayiq tədqiqatları, onda tərcüməçilikdən əlavə, geniş elmi potensialın olmasını göstərdi.

Qəzənfər Paşayev təhsil aldığı ali təhsil ocağında müxtəlif vəzifələrdə çalışıb. Pedaqoji fəaliyyətlə məşğul olduğu zamanlarda elmi yaradıcılığını daha da genişləndirmişdir. 1968-ci ildə xalq şairi Rəsul Rzanın iştirakı ilə “Kərkük bayatıları” adlı ilk kitabı işıq üzü görür. Artıq 30-dan yuxarı ədəbi-elmi və publisistik kitabların müəllifidir.

Hər bir yaradıcı insanın həyatında yaratdığı, ərsəyə gətirdiyi əsərlər arasında, kitablar içində biri məxsusilik qazanır və yaradıcı düşüncənin indeksinə çevrilir. Qəzənfər müəllimin dəyərli kitabları, yaddaqalan maraqlı əsərləri çoxdur. Lakin böyük folklorşünas alimin, dəyərli publisistin yaradıcılıq yolunda “Altı il Dəclə-Fərat sahillərində” kitabının özünəməxsus səciyyəsi var. Bu kitab təkcə müəllifin yaradıcılığında deyil, həm də bədii-elmi publisistikamızın sanballı nümunələri sırasında məxsusi yerə layiqdir.

Qəzənfər Paşayev İraqda tərcüməçilik fəaliyyəti dövründə asudə vaxtlarında dincəlməmiş, bir yaradıcı alim şövqüylə, tədqiqatçı-folklorşünas kimi vaxtilə qədim Şərqin ən zəngin düşüncə mərkəzlərindən olmuş İraqın həyatıyla kompleks maraqlanmışdır. O, İraq xalqlarının mədəniyyətini, ədəbiyyatını, ictimai həyatını, həmçinin, burada yaşayan azərbaycanlıların adət-ənənələrini dərin şövqlə öyrənmişdir.

Zəngin Şərq koloritini özündə ehtiva edən “Altı il Dəclə-Fərat sahillərində” kitabında düşüncələr, məlumatlar, araşdırmalar müxtəlif fəsillərdə təqdim olunsa da, onları bir səciyyə ümumiləşdirir. Bu da ondan qaynaqlanır ki, dəyərli folklorşünas alim İraqda yaşayan xalqlara, onların həyat tərzinə, dünyagörüşünə və inancına, adət-ənənəsinə səmimi yanaşır. Bu səmimiliyin içində müəllifin zəngin mənəvi dünyası, bəşəriliyi onun dəyərli alim təfəkkürünün indeksi kimi çıxış edir.

Təsadüfi deyil ki, görkəmli alim, Xalq yazıçısı Elçin Qəzənfər Paşayevin elmi yaradıcılığını yüksək dəyərləndirərək yazır: “Bir tərəfdən “Nəsiminin İraq divanı”, yaxud “Füzulinin həyat və yaradıcılığı”, o biri tərəfdən isə Hüseyn Arif, Hüseyn Kürdoğlu, İsi Məlikzadə, Tofiq Bayram, Fikrət Qoca, Əlibala Hacızadə və başqa müasir yazıçı və şairlər haqqında kitablar.

Ancaq bu hələ hamısı deyil. Baxın: bir tərəfdən professional dilçi alimin qələmindən çıxmış “Kərkük dialektinin fonetikası” elmi monoqrafiyası, o biri tərəfdən isə yenə professional sənətşünas, folklorşünas kimi Azərbaycan aşıq yaradıcılığının tədqiqatçısının, aşıq sənəti ilə bağlı nüfuzlu söz sahibinin məqalələri, rəyləri, tərtibləri”.

Böyük yazıçı görkəmli alimin dəyərli yaradıcılığının miqyasını, sanbalını mükəmməl xarakterizə edir. Elmi ictimaiyyət Qəzənfər Paşayevi “Kərkük folklorşünaslığının banisi” adlandırır və bu həqiqətdir ki, Kərkük azərbaycanlılarının yenidən azərbaycançılıq düşüncəsinin faktına çevrilməsində bu ədibin həlledici xidmətləri var.

Bütün bu fikirlər görkəmli bir alim ömrünün elmi mündəricəsinə işıq tutur. Lakin insan ömrü təkcə fəaliyyətdən ibarət deyil, bu ömrün içində onun xarakterini formalaşdıran duyğu və düşüncələr də önəmli rol oynayır.

Qəzənfər Paşayev elm aləmində nə qədər ucalıqlar fəth etmişsə, bir o qədər və ondan daha uca məqamları insanlıq, şəxsiyyət dünyasında qazanıb.

Böyük alim gözü-könlü tox olmaqla yanaşı, həm də çox qayğıkeş və genişürəklidir. Ömrünün müdrik çağlarını yaşayan el ağsaqqalı, dəyərli alim kimi düşüncələrini belə saf və səmimi, fəlsəfi anlamda ifadə edir: “Mən xoşbəxt adamam. Xoşbəxtlik insana nəsib olursa, bu, çox böyük işdir. Mən iki yüzilliyin, iki minilliyin qovşağını yaşamışam. Azərbaycanın müstəqilliyini görmüşəm. Bütün xoşbəxtliklər keçəridir, ötüb keçir. İki xoşbəxtlikdən başqa. Biri odur ki, Vətən azad olsun, xalq azad olsun, müstəqil olsun. Onun töhfələrinin bəhrəsini biz dəririk. İkincisi də, insan o vaxt əbədi xoşbəxt olur ki, övladlarından yarısın...”

Xalq təfəkküründən süzülüb gələn bədii-fəlsəfi, sosial-ictimai mündəricəli mənəvi sərvətləri alim siqləti ilə sistemləşdirən, elmi müstəvidə dəyərləndirən folklorşünas alim kimi Qəzənfər müəllimin əməyi unikaldır. Bu böyük zəhməti elmi ictimaiyyət həmişə yüksək qiymətləndirib.

Mənalı və şərəfli ömrünün 80-ci baharını dəyərli elmi töhfələrlə, könül oxşayan, çin olmuş arzuların sevinciylə yaşayan el ağsaqqalı, professor Qəzənfər Paşayev bu gün də öz elmi-ictimai fəaliyyətini uğurla, həvəslə davam etdirir.

Şərq dünyasının qədim, zəngin elm və mədəniyyət beşiklərindən olan İraqda (Babilistanda), Dəclə-Fərat çaylarının sahillərində başlanan sanballı alim ömrünün dərin elm dəryalarından keçərək böyük bacarıqla limana çatması ağsaçlı kapitanın məharətindən, cəsarətindən soraq verir.

Sahillərdən-sahillərə gedən, unikal bir mənəvi sərvət daşıyan bu ömür gəmisinin şanlı kapitanını, həmçinin, bu sərvətin əzəli və əbədi sahibi olan Azərbaycan xalqını müjdələyirəm.

Mənalı, şərəfli ömrünüzə uca Tanrı bərəkət versin, el ağsaqqalı hörmətli Qəzənfər Paşayev!

 





20.11.2017    çap et  çap et