525.Az

"Şahdəniz" layihəsinə bu il 2,6 milyard dollardan çox xərc çəkilib


 

"Şahdəniz" layihəsinə bu il 2,6 milyard dollardan çox xərc çəkilib<b style="color:red"></b>

2017-ci ilin ilk 9 ayı ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 368 mln. dollar əməliyyat xərcləri və təqribən 2,28 mlrd. dollar əsaslı xərclər çəkilib.

"BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir.

2017-ci ilin üçüncü rübü ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ-a) bazarlarına və çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhan şirkətinə qaz çatdırılması davam edib.

Üç rüb ərzində yataqdan 7,4 mlrd. standart kubmetr qaz və 1,7 mln. ton (təqribən 14 mln. barrel) kondensat hasil edilib.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 30 mln. (ildə təqribən 10,9 mlrd.) standart kubmetrdir.

Üçüncü rübdə "Şahdəniz-1" layihəsinin mövcud platformasında (Alfa) SDA10 quyusu tamamlandı və istismara təhvil verilib. SDA11 quyusunda isə qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir.

2017-ci il sentyabrın ortasınadək İstiqlal qazma qurğusu yatağın qərb cinahında ilk quyunu - SDD01 quyusunu - tamamlayıb. Bunun ardınca  SDD02 quyusunda tamamlanma işləri başlanıb və bu işlər hazırda davam edir. "Maersk Explorer" qazma qurğusu isə SDF02 quyusunun məhsuldar lay hissəsini qazmaqda davam edir.

Bu iki qazma qurğusu artıq "Şahdəniz-2" layihəsindən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində yatağın şimal cinahında dörd quyunu, qərb cinahında isə bir quyunu tamamlayıb və 9 hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

"Şahdəniz" layihəsində iştirak payları: BP (operator - 28,8%), TPAO (19%), "Petronas" (15,5%), "AzŞD" (10%), "Lukoil" (10%), NICO (10%) və "Cənub Qaz Dəhlizi Apstrim" (6,7%).

 





20.11.2017    çap et  çap et