525.Az

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası


 

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə. iclasda komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevin sosial-iqtisadi islahatlar proqramına uyğun olaraq, ölkəmizdə əmək bazarının inkişafına, əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi mexanizminin təkmilləşdirilməsinə yönələn tədbirlərin ildən-ilə gücləndirildiyini diqqətə çatdırıb: "Bu yöndə aparılan islahatlar, eləcə də qabaqcıl dünya təcrübəsindən irəli gələn yanaşmalar ölkəmizin əmək qanunvericiliyinin də təkmilləşdirilməsi zərurətini yaradır. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məqsədilə qanun layihəsi hazırlanıb. Həmin dəyişikliklər Konstitusiya Məhkəməsinin şərhlərinin nəzərə alınmasına, məcəllənin beynəlxalq sənədlərə uyğunlaşdırılmasına, sosial partnyorluğun inkişafına, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydasının, habelə imperativ və dispozitiv normaların dəqiqləşdirilməsinə, müəyyən boşluq və kolliziya ilə bağlı təkmilləşdirmənin aparılmasına yönəlib".

Nazir bildirib ki, işçi və işəgötürənlər arasında əmək münasibətləri yalnız əmək müqaviləsi əsasında rəsmiləşdirilməlidir: "Mülki-hüquqi xarakterli müqavilələr isə əmək münasibətlərinin rəsmiləşdirilməsinə əsas vermir. Ona görə də Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin məqsədlərindən biri də "əmək münasibətləri" anlayışının məcəllədə dəqiq ifadə olunması və əmək münasibətlərinin mülki-hüquqi xarakterli müqavilələrlə rəsmiləşdirilməsi hallarının qarşısının alınmasıdır".

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev BMT-nin 8-ci Davamlı İnkişaf Məqsədinin icrasına dair gələn il ölkəmizdə beynəlxalq konfransın təşkili məsələləri ilə bağlı məlumat verib və mövzu ətrafında müzakirələr aparılıb. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi barədə təqdimatla çıxış edib. Məcəlləyə nəzərdə tutulan dəyişikliklər komissiya üzvləri tərəfindən geniş müzakirə olunub, bir sıra təkliflər də səsləndirilib. Qanun layihəsindəki bəzi məqamların müzakirəsinin komissiyanın növbəti iclasında davam etdirilməsi qərara alınıb.

Tədbir nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanovun "Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı çərçivəsində həyata keçriləcək "Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş pilot subsidiya proqramı" barədə məlumat verməsi ilə davam edib. Gənclərin məşğulluğunun dəstəklənməsinə xidmət edən proqram komissiya üzvləri tərəfindən müsbət dəyərləndirilib.

Daha sonra iclasda təşkilati məsələlərə baxılıb. Bildirilib ki, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əsasnaməsinə görə, komissiyada təmsil olunan tərəflərin rəhbərləri növbə ilə və ardıcıllıqla bir il müddətinə komissiyanın sədri seçilir. Beləliklə, ardıcıllığa uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev növbəti bir il üçün Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov isə komissiyada nazirliyin nümayəndəsi və əlaqələndirici şəxsi seçilib.

C.ABASOV

 





22.11.2017    çap et  çap et