525.Az

İki teatrda xeyriyyə məqsədilə tamaşalar göstəriləcək


 

İki teatrda xeyriyyə məqsədilə tamaşalar göstəriləcək<b style="color:red"></b>

Bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış mədəniyyət yazarı, jurnalist Ülviyyə Həsənqızının müalicəsinə yardım məqsədilə bir sıra teatrlar xeyriyyə aksiyaları keçirir.

Noyabrın 25-də Bakı Uşaq Teatrında "Göyçək Fatma" tamaşası nümayiş olunacaq.

Xalq nağılı əsasında hazırlanmış eyniadlı tamaşa insanlara ədalət, mərhəmət, insansevərlik duyğuları aşılayır. Xeyirxah, yumşaqqəlbli Fatma üzləşdiyi bütün çətinlikləri təmkinlə aradan qaldıraraq öz istəyinə nail olur. İstifadə olunmuş milli geyimlər, milli musiqi və rəqslər səhnə əsərini daha da baxımlı edir.

Quruluşçu rejissor İntiqam Soltanın yeni səhnə həlli ilə təqdim etdiyi tamaşa bütün yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulub.

Noyabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Zəng" tamaşası səhnələşdiriləcək. Nümayiş olunacaq səhnə işinin ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi tamaşa böyüklər üçün nəzərdə tutulub. Ailədə valideynlərə olan münasibətdən bəhs edən əsər izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

Teatrlardan  bildirilib ki, hər iki səhnə əsərindən əldə olunacaq vəsait jurnalist xanımın müalicəsi üçün açılan bank hesabına köçürüləcək.

Şahanə MÜŞFİQ

 





23.11.2017    çap et  çap et