525.Az

“Çağdaş mühəndislik təhsili” mövzusunda elmi- praktik seminar keçirilib


 

“Çağdaş mühəndislik təhsili” mövzusunda elmi- praktik seminar keçirilib<b style="color:red"></b>

Azərbaycan Texniki Univeristetində “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin (GəncMİİB) təşəbbüsü, Azərbaycan Texniki Universiteti və “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Çağdaş mühəndislik təhsili” adlı elmi-praktik seminar keçirilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov əksər dünya ölkələrində formalaşmış “bilik iqtisadiyyatı”nın əsasında elm və təhsilin dayandığını bildirib: “Bu gün o dövlət qüdrətlidir ki, orada bilik iqtisadiyyatı formalaşıb. Bu iqtisadiyyatın formalaşmasının əsasında, əlbəttə, elm dayanır. Elmi, təhsili inkişaf etmiş ölkələrdə yeni texnologiyalar dövlətə xeyli vəsait qazandırır”.

“Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin fəaliyyətindən məmnunluq duyduğunu bildirən H.Məmmədov gənclərin ixtisas və peşə seçimində düzgün yönləndirilməsinin əhəmiyyətindən də söz açıb.

“Gənc Mühəndislərin İnkişafı” İB-nin baş katibi Dəyanət Əhmədov H.Məmmədova, Qafqaz Universitetinin dosenti Məmmədəli Babaşlıya, toplantıda iştirak edən ABŞ-ın Cənubi Politexnik Universitetinin İnşaat Mühəndisliyi Texnologiyaları fakültəsinin dosenti Fatih Öncülə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib və onlara xatirə plaketi təqdim edib. O, çıxışında bildirib ki, Azərbaycan neft ölkəsi olmasına baxmayaraq bir sıra sənaye sahələrində ənənələri malikdir və dövlətin prioritet seçdiyi hədəflər beynəlxalq səviyyəli yerli mühəndislərə ehtiyac yaradır: “Bu ehtiyacın ödənilməsi üçün 2008-ci ildə qurulmuş “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi 2012-ci ildən aktiv fəaliyyətə keçərək bir çox layihələr gerçəkləşdirib və bundan sonra da gerçəkləşdirəcək. Məqsədimiz heç bir siyasi hədəf olmadan mühəndislik peşəsinin təbliğindən, əsl mütəxəssis hazırlanması prosesinə dəstək verməkdən, sosial məsuliyyətli mühəndisliyin təbliğindən və Azərbaycanda qlobal mühəndis vətəndaş profilinin meydana gətirilməsinə maksimum kömək göstərməkdən ibarətdir. Ümid edirik ki, yetişdirdiyimiz mütəxəssislər xaricdə Azərbaycanı ləyaqətlə təmsil edəcək, ölkəmizə fayda verəcəklər”.

Daha sonra çıxış edən Qafqaz Universitetinin dosenti M.Babaşlı yaşlı nəsil pedaqoqların, professorların gənclər üçün istiqamətverici körpü rolunu oynadığını vurğulayıb: “Bizim çox savadlı gənclərimiz var. Vəzifə yaşlı ziyalılar və elm adamları ilə gənc nəsil arasında körpü qurmaqdır. Bu gün Havar müəllim kimi ziyalılarımızın zəngin təcrübəsindən yararlanmaq imkanımız var. Çox dəyərli dosent Fatih Öncül bilik və bacarıqlarını burada sizlərlə paylaşacaq”.

ABŞ-ın Cənubi Politexnik Universitetinin İnşaat Mühəndisliyi Texnologiyaları fakültəsinin dosenti Fatih Öncül tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü çatdırdıqdan sonra seminar haqqında qısaca məlumat verib: “Bildiklərimi sizlərlə paylaşmaq böyük həzzdir. Bu gün sizlərə ABŞ-da mühəndislik təhsili barədə məlumat verməyə çalışacam. Əsas istiqamətimiz mühəndislik təhsilində tələbələri, müəllimləri, praktik mühəndisləri maraqlandıran məsələlər olacaq”.

F.Öncülün təqdimatında Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, Azərbaycan İnşaat və Memarlıq Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Xəzər Universiteti və s. ali məktəblərin gənc elmi işçiləri, müəllimləri, magistr tələbələri və mühəndislər üçün “Mühəndislik təhsilinin gələcəyi”, “Cənubi Politexnik Dövlət Universitetində mühəndislik texnologiyalarının təlimi”, “ABET akkreditasiyası nədir və mühəndislik təlimçiləri üçün nə ifadə edir”, “ABET-ə uyğun dərslərin layihələndirilməsi”, eləcə də digər mövzularda elmi-praktik seminar keçirilib.

Qeyd edək ki, elmi-praktik seminarda ali məktəblərlə yanaşı, dövlət idarələri və özəl şirkətlərin nümayəndələri də iştirak ediblər.

 





06.06.2013    çap et  çap et