525.Az

ADPU əməkdaşları keçmiş iş yoldaşlarına etiraz edirlər


 

ADPU əməkdaşları keçmiş iş yoldaşlarına etiraz edirlər<b style="color:red"></b>

Son vaxtlar bəzi internet media resurslarında Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) haqqında həqiqətdən uzaq yazılar dərc olunur.

Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin yazılarda ADPU-nun sabiq müəllimləri Pərvin Cəfərova, Olqa Vəlimedova və baş laborant Arzu Əliyevanın şikayətçi kimi adları keçir. ADPU tərəfindən mediaya Pərvin Cəfərova və Olqa Vəlimedova barədə bir müddət öncə işlədikləri Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin təqdim etdikləri real məlumatlar əsasında hüquqi cəhətdən mükəmməl əsaslandırılıb, hərtərəfli və dolğun cavablar verilib.

Bildirilib ki, noyabrın 22-də isə Riyaziyyat və informatika fakültəsinin Riyaziyyat və onun tədrisi metodikası kafedrasında həmin kafedranın keçmiş baş laborantı Arzu Əliyeva ilə bağlı keçirilmiş iclas da həqiqətin ortaya çıxması baxımından mühüm əhəmiyyət kəsb edir. İctimai müzakirə formasında keçirilmiş həmin iclasda tanınmış və təcrübəli metodist-alim, Riyaziyyat və onun tədrisi metodikası kafedarsının müdiri, professor Azadxan Adıgözəlov çıxış edərək bildirib ki, o, 2003-cü ildə kafedra müdiri seçilib.

Kafedra müdiri seçilməmişdən öncə Arzu Əliyeva Funksiyalar nəzəriyyəsi kafedrasından Riyaziyyat və onun tədrisi metodikası kafedrasına baş laborant vəzifəsinə gətirilib. Professor A.Adıgözəlov qeyd edib ki, o, kafedra müdiri vəzifəsində işlədiyi dövrdə Sevda Bayramova və Məlahət Məmmədova da kafedrada laborant işləyiblər: "Arzu Əliyeva müntəzəm olaraq Məlahət Məmmədova ilə dava-dalaş edib, kafedradakı sağlam ab-havanı və normal iş mühitini pozub. Onların arasında baş verən mübahisə nəticəsində Məlahət Məmmədovanın qan təzyiqi qalxıb və xəstələnərək bülletenə çıxıb. Hətta bir dəfə Məlahət Məmmədovanın iki qızı ADPU-ya gələrək Arzu Əliyeva ilə savaşıblar. Bu hadisə Riyaziyyat və informatika fakültəsinin dekanı, dosent Maqsud Nəcəfovun iş otağında baş verib.

Həmin vaxt kafedrada laborantların belə ictimai davranış qaydalarına və qanunazidd hərəkətlərə yol vermələri haqqında rektorluğa məlumat verilib. Bu vəziyyətə dözməyən Məlahət Məmmədova üçün təcili tibbi yardım çağrılıb. Uzun müddət xəstə yatan Məlahət Məmmədova işdən çıxmağa məcbur olub. Arzu Əliyeva əmək intizamına əməl etməyib. ADPU-da Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının, eləcə də tədris-yardımçı heyətin şəffaf və obyektiv keçirilən attestasiyası zamanı attestasiyadan keçməyən Arzu Əliyeva kafedradan uzaqlaşdırıldıqdan sonra kafedrada normal iş şəraiti bərpa edilib. Məsuliyyətlə bildiririk ki, attestasiya zamanı Arzu Əliyevaya qarşı heç bir qanunsuzluğa və ədalətsizliyə yol verilməyib. Sadəcə, bilik və peşəkarlıq səviyyəsi qənaətbəxş olmadığı üçün attestasiyadan keçməyib. Bu, inkarolunmaz fakt, təkzibedilməz həqiqətdir. Məhz bu səbəbdən də onun əmək müqaviləsinə xitam verilib. Hazırda kafedrada sağlam və işgüzar mühit var. Buna görə də biz onun işdən kənarlaşdırılmasını qanuni və ədalətli hesab edirik".

Elmi hissənin əməkdaşı İlhamə Gözəlova isə iclasda bildirib ki, iş prosesində Arzu Əliyevaya zəng edərək kafedranın fəaliyyəti ilə bağlı lazımi sənədi gəlib elmi hissədən aparmasını xahiş edib, lakin Arzu Əliyeva onu təhqir edib.

İclasda digər çıxış edənlər də Arzu Əliyevanı mənfi planda səciyyələndirərək onun mətbuatda dərc edilən böhtan dolu yazılarına kəskin etiraz ediblər.

İclasda qeyd edilib ki, ADPU-nun Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. Pedaqoji kadr hazırlığını həyata keçirən, zəngin elm və təhsil ənənələrinə malik olan ADPU-da hazırda 17 mindən çox tələbə təhsil alır. ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə universitetdə insan resurslarının inkişaf etdirilməsi, idarəetmənin optimallaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi üçün islahatlar, yeniliklər həyata keçirilir. Belə yazıların müəllifləri isə uğurla həyata keçirilən bu islahatlara kölgə salmaq istəyirlər. Bu yazılar həm də qanunçuluq, dövlət və dövlətçilik üçün təhlükə mənbəyidir. Bu isə universitetin bütün kollektivində, o cümlədən, Riyaziyyat və informatika fakültəsinin kollektivində də böyük narazılıq və təəssüf hissi doğurur və yolverilməzdir".

ADPU media təmsilçilərindən xalqın, dövlətin strateji fəaliyyət sahəsi olan təhsil sahəsi ilə bağlı yazılar dərc edərkən qanunvericiliyə uyğun olaraq məsələni tam və hərtərəfli araşdırmağı, dəqiq və obyektiv olmağı xahiş edir.

 





24.11.2017    çap et  çap et