525.Az

Filmlərdə əbədiləşən qəhrəmanlar


 

Filmlərdə əbədiləşən qəhrəmanlar<b style="color:red"></b>

Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda canından keçən iki qəhrəmanın xatirəsinə həsr olunmuş filmlərin təqdimatı keçirilib.

Milli Qəhrəman Tahir Həsənov haqqında çəkilmiş "Vətən övladı" sənədli filmi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi" İctimai Birliyi (İB) tərəfindən ekranlaşdırılıb.

Layihənin rəhbəri İB-nin sədri, Tahir Həsənovun anası Qalibə Budaqovadır.

Filmdə Tahir Həsənovun rolunu müğənni Azad Şabanov canlandırıb. Ekran işində Milli Qəhrəman barədə döyüşçü dostları, məktəb yoldaşları və ailə üzvləri xatirələrini bölüşüblər.

Səhnələşdirilmiş hissələr T.Həsənovun vaxtilə təhsil aldığı, bu gün onun adını daşıyan 23 nömrəli orta məktəbdə aparılıb.

Həmin gün Beynəlxalq Mətbuat Mərkəzində nümayiş olunan ikinci film Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyi tərəfindən "Azərbaycan Bayrağı" ordenli Urfan Vəlizadənin qəhrəmanlığından bəhs edən "Təki Vətən sağ olsun" sənədli filmi olub.

Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilib.

Tədbirdə layihənin rəhbəri, ictimai birliyin sədri Şəbnəm Rəfaelqızı çıxış edərək filmin çəkilişlərində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, filmin çəkilişləri şəhid qəhrəmanımızın xidmət etdiyi hərbi hissədə aparılıb. Layihə üç ay müddətinə icra olunub.

Sonra sənədli film tamaşaçılara təqdim olunub.

Filmdə qəhrəmanın həyat yolu, ailə üzvlərinin, dostlarının gənclərimizə örnək olacaq xatirələri öz əksini tapıb.

ŞAHANƏ

 





24.11.2017    çap et  çap et