525.Az

Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 7-ci iclası keçirildi


 

Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 7-ci iclası keçirildi <b style="color:red"></b>

Berlində Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 7-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirə nazirliyin Aparat rəhbəri Samir Vəliyev ilə Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz həmsədrlik ediblər.

İclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 6-cı iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsindən danışılıb. Həmçinin, investisiya, sənaye, ölkəmizdə yaradılan sənaye parklarında və məhəllələrində Almaniya şirkətlərinin iştirakı imkanları, əczaçılıq, turizm, enerji, neft-qaz, təhsil, biznesin idarə edilməsi sahəsində yerli menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakı layihəsinin icrası, Azərbaycan məhsullarının Almaniya bazarına ixracı və bir sıra digər məsələlər müzakirə olunub.

İşçi Qrupun Azərbaycan tərəfdən həmsədri S.Vəliyev vurğulayıb ki, ölkələrimiz arasında siyasi əlaqələr inkişaf edir: “Bu ilin fevral ayında prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz arasındakı siyasi əlaqələrin mövcud səviyyəsi iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır”.

Azərbaycan prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən S.Vəliyev bildirib ki, uğurla aparılan iqtisadi islahatlar davamlı iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradıb: “Bu tədbirlər ölkəmizin xarici investisiyalar üçün cəlbediciliyini daha da artırır. Qazanılan uğurlar beynəlxalq hesabatlarda da öz əksini tapır”.

İşçi Qrupun Almaniya tərəfdən həmsədri Ekard Franz isə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 7-ci iclası çərçivəsində müzakirə edilən məsələlərin Almaniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağına əminliyini vurğulayıb, Almaniya iqtisadiyyatına və iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

İclasda Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı istiqamətləri, həmçinin, işğal olunmuş ərazilərdə alman şirkətlərinin fəaliyyəti və bir sıra digər məsələlər də müzakirə olunub.

C.ABASOV

 





25.11.2017    çap et  çap et