525.Az

“İki dost, iki dahi”nin işığında


 

“İki dost, iki dahi”nin işığında<b style="color:red"></b>

Dünən Üzeyir Hacıbəylinin ev-muzeyində “İki dost, iki dahi” adlı tədbir keçirilib. Hüseyn Cavidin ev muzeyi ilə birgə həyata keçirilən tədbirdə sözgedən dahilərin sənət dostluğundan, birgə fəaliyyətlərindən söz açılıb.

Üzeyir Haclbəylinin ev muzeyinin böyük elmi işçisi Sevinc Quliyeva “Üzeyir Hacıbəyli və Hüseyn Cavid dostluğu” adlı məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, bu iki şəxsiyyətin dostluğu hələ Tiflisdə ikən başlamışdı. Onları bir-birinə “Şeyx Sənan” əsəri birləşdirirdi: “Həmin vaxtlarda Hüseyn Cavid “Şeyx Sənan” faciəsini, Üzeyir Hacıbəyli isə eyniadlı operasını yazırdı. Sonradan onlar 1917-ci ildə “Koroğlu” operasında birgə işləyirlər. Bəstəkarın təklifi ilə Hüseyn Cavid operaya libretto yazır”. S.Quliyeva məruzəsində vurğulayıb ki, onların dostluğu Azərbaycan mədəniyyətini inkişaf etdirmək uğrunda yaranmış sənət dostuğu idi.

Veteran prokuror Fazil Hacıyev hər iki şəxsiyyətin Azərbaycan xalqı və mədəniyyəti üçün əvəzsiz xidmətlərindən söz açıb, dövlətimizin onlara göstərdiyi qiymətdən danışıb.

Muzeyin direktoru Sərdar Fərəcov dahi şəxsiyyətlərin adını daşıyan muzeylərlə ortaq tədbirlərin daha çox keçiriləcəyini söyləyib: “Böyük şəxsiyyətlər hər zaman xatırlanmalı, yad edilməlidir ki, gələcək nəsillər də onlar haqqında dolğun məlumata yiyələnsin. Vaxtilə dost olmuş, müəyyən sənət müzakirələri, ortaq yaradıcılıq işləri görmüş dahilərin indiki ev muzeyləri də bir-birilə qarşılıqlı əlaqədə olmalıdırlar. Üzeyir Hacıbəyli və Hüseyn Cavid bu millərin təəssübkeşləri idilər. Onlar öz yaradıcılıqları ilə bu xalqa, onun gələcəyinə xidmət edib, hardasa xalqın gələcəyini də müəyyənləşdiriblər. Bu xalqın taleyi, keçmişi ilə bağlı elmi ədəbiyyatın, kitabların vermədiyi məlumatları biz Hüseyn Cavidin əsərlərindən alırıq. Bu iki dostun taleləri fərqli olsa da, məramları bir olub: Azərbaycan xalqına, onun incəsənətinə xidmət etmək”.

Daha sonra sıra musiqiyə verilib. Pianist Mehriban Kərimovanın müşayiəti ilə müğənni Rasimə Seyidcahan Muradova sözləri Hüseyn Cavidə, musiqisi Fikrət Əmirova məxsus “Kor ərəbin mahnısı”nı ifa edib.

Şahanə MÜŞFİQ

 





26.11.2017    çap et  çap et