525.Az

Məktəblərdə dərslər 20-25 dəqiqəyə endirilə bilərmi?


 

Məktəblərdə dərslər 20-25 dəqiqəyə endirilə bilərmi?<b style="color:red"></b>

Qardaş və dost Türkiyədə bir neçə müddətdir ki, növbəti təhsil islahatlarına start verilib və  qeyd edək ki, bu proses Türkiyə cəmiyyətində heç də birmənalı qarşılanmır. Bir çoxları bu islahatların son 25-30 ildə təhsil sahəsində böyük uğurlara imza atmış Türkiyəni yenidən geriyə aparacağı qənaətindədir.

Təhsil sahəsində aparılması gözlənilən islahatlardan biri isə orta məktəblərdə-liseylərdə dərslərin 40 (Azərbaycanda 45 dəqiqədir) dəqiqədən 20-25 dəqiyəyə endirilməsidir. Bu təkliflə də Türkiyənin təhsil (keçmiş müdafiə) naziri İsmət Yılmaz çıxıb. O bildirib ki, dərslərin 40 dəqiqədən 20-25 dəqiqəyə endirilməsi zamanın, reallıqların tələbidir və 20-25 dəqiqəlik dərs müddəti uşaqlara-şagirdlərə biliklərin öyrədilməsi baxımından daha yetərlidir. Odur ki, yeni təhsil islahatlarında bu məqam da gözdən keçirilir və reallaşması zaman, an məsələsidir.

Azərbaycanda da bu addıma gedilə, dərslər 45 dəqiqədən aşağı endirilə bilərmi? Bu baş verərsə, təhsilimizdə, uşaqların təhsilə yiyələndirilməsində müsbətə, yoxsa  mənfiyə proseslər yaşanar? Bununla bağlı "525"ə açıqlamasında təhsil işçisi, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü, millət vəkili Sona Əliyeva bildirib ki, müxtəlif ölkələrdə dərs məşğələlərinin davam etmə müddəti müxtəlifdir. Onun sözlərinə görə, Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsində dərs məşğələlərinin davametmə müddəti 45 dəqiqə, Rusiyada birinci siniflərdə birinci yarımildə 35 dəqiqə, ikinci yarımildə və yuxarı siniflərdə 45 dəqiqə müəyyən edilib.

Millət vəkili qeyd edib ki, Rusiyada tədrisin təşkilinə qoyulan tələblərdə  kompüter və interaktiv lövhələrlə məşğuliyyət müddətinə xüsusi diqqət yetirilir: "Kompüter arxasında aparılan məşğələlər birinci  və ikinci siniflərdə 20 dəqiqəni, üçüncü və dördüncü siniflərdə 25 dəqiqəni, beş və altıncı siniflərdə 30 dəqiqəni, yeddi və on birinci siniflərdə 35 dəqiqəni ötməməlidir. İnteraktiv lövhələrdən  fasiləsiz istifadə müddəti isə şagirdlərdə bir və dördüncü  siniflərdə 5 dəqiqəni, beş və on birinci siniflərdə isə 10 dəqiqəni keçməməlidir". Millət vəkili eyni zamanda deyib ki, müxtəlif ölkələrdə dərs müddətinin davametmə müddəti də müxtəlifdir: "Finlandiyada altıncı siniflərdə bir dərs məşğələsinin davametmə müddəti 45 dəqiqə, altıncı sinifdən  yuxarı isə 75 dəqiqə, Kanadada 75 dəqiqə, Amerika Birləşmiş ştatlarında  və Yaponiyada məktəbin daxili qaydalarından asılı olaraq 45-50 dəqiqə, Hindistanda 35 dəqiqə, İsraildə iki 45 dəqiqə olmaqla  90 dəqiqə müəyyən edilib. MDB ölkələrində  isə bildiyim qədər bu rəqəm 45 dəqiqə həcmindədir. Bu il qonşu Qazaxıstanda  dərs məşğələlərinin 40 dəqiqəyə qədər azaldılması ilə bağlı Təhsil Nazirliyinin açıqlamaları mediada yayımlanıb. Hər ölkənin təhsil proqramı orada yaşayan xalqların mili və mental xüsusiyyətləri nəzərə alınmaqla, beynəlxalq təcrübəyə uyğunlaşdırılır və bu istiqamətdən də tədrisin təşkilinə qoyulan tələblər müəyyənləşdirilir. Azərbaycanda dərs məşğələlərinin davametmə müddətinin azaldılması yaxın vaxtlarda gözlənilmir və ümumiyyətlə,  tədris ili bitməmiş  bu qaydanın tətbiq ediləcəyi doğru olmazdı".

Kamil HƏMZƏOĞLU

 





28.11.2017    çap et  çap et