525.Az

Bakı Slavyan Universiteti nüfuzlu medallara layiq görüldü


 

Bakı Slavyan Universiteti nüfuzlu medallara layiq görüldü<b style="color:red"></b>

Dünən Bakı Slavyan Universitetində (BSU) amerikalı politoloq, beynəlxalq jurnalist Piter Teys ilə görüş keçirilib.

Ali məktəbdən verilən məlumata görə, prezident İlham Əliyevin dəvəti ilə ölkəmizdə səfərdə olan P.Teys universitetə Amerika Birləşmiş Ştatlarının iki yüksək səviyyəli medalını təqdim edib.

Tədbirdə iştirak edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Bakıya son illər ərzində tez-tez səfər edən P.Teysin dünya mətbuatında ölkəmiz barədə müsbət fikirlər səsləndirdiyini, xüsusən Dağlıq Qarabağ problemi ilə bağlı ciddi siyasi açıqlamalar verdiyini, nüfuzlu beynəlxalq tədbirlərdə respublikamızın haqlı mövqeyini müdafiə etdiyini bildirib.

N.Əliyeva bu gün Azərbaycanda dövlət ideologiyasının tərkib hissəsinə çevrilmiş multikulturalizm siyasətinin kökündə məhz bu səmimiyyət, humanizm və insanpərvərliyin dayandığını bildirib. Rektor multikulturalizm siyasətinin Azərbaycanı digər dünya dövlətlərindən fərqləndirən əsas amil olduğunu bildirib. O, 25 il bundan öncə Heydər Əliyevin ölkəmizdə gerçəkləşdirməyə başladığı multikulturalizm siyasətinin Azərbaycanı uçurumdan xilas etdiyini və qısa vaxt ərzində böyük inkişaf yoluna çıxartdığını qeyd edib.

Prezident İlham Əliyevin həmin siyasəti bu gün uğurla davam etdirdiyini deyən N.Əliyeva bu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin tezliklə öz ədalətli həllini tapacağını vurğulayıb: "Qarabağ problemi bizim ən böyük dərdimizdir. Azərbaycan xalqı inanır ki, müasir texnika ilə təchiz olunmuş ordumuz, vətənpərvər övladlarımız qısa müddətdə Qarabağı azad edə bilərlər. Ancaq biz qan tökülməsini istəmədiyimizdən, dinc yolla torpaqlarımızın azad edilməsinə nail olmaq istəyirik".

N.Əliyeva bu işdə dünyanın ədalətli insanlarının, haqsevər siyasətçilərinin də mühüm rol oynadıqlarını bildirib. O, həmin şəxslərin cərgəsində Piter Teysin adını çəkib. Universitetin professor-müəllim və tələbə kollektivi adından Piter Teysə minnətdarlıq edən rektor Azərbaycan xalqının ədalətli insanlara daim böyük diqqət və qonaqpərvərlik göstərdiyini vurğulayıb.

Sonra söz alan amerikalı qonaq BSU-da təhsilin yüksək səviyyədə qurulduğunu və bu təhsil müəssisəndə mühazirələr oxumaqdan məmnun qaldığını vurğulayıb. Azərbaycan gənclərinin istedadlı və potensiallı olduğunu qeyd edən P.Teys gələcəkdə də burada mühazirə oxumaq istəyini nəzərə çatdırıb.  P.Teys BSU-dakı mükəmməl təhsil mühitinə, müasir tələblərə cavab verən tədris şəraitinə görə, universitetin rektoru, professor N.Əliyevaya Amerika Konqresi Muzeyinin hazırladığı hədiyyəni, Birləşmiş Ştatların bayrağını və Amerikanın Vaşinqtondakı Azadlıq heykəlini simvolizə edən medalları təqdim edib. Bundan əlavə, P.Teys Donald Trampın seçki komandasının loqosunu da univeristetə bağışlayıb.  Amerikalı politoloq Qarabağın erməni əsarətindən azad olmasını arzuladığını bildirib.

C.ABASOV

 





28.11.2017    çap et  çap et