525.Az

Ankaranın Xeyriyyə yarmarkasında Azərbaycan məhsullarına böyük maraq


 

Ankaranın Xeyriyyə yarmarkasında Azərbaycan məhsullarına böyük maraq<b style="color:red"></b>

Ötən bazar günü Türkiyə Xarici İşlər Nazirliyi əməkdaşlarının həyat yoldaşları tərəfindən yaradılmış ictimai qurumun - Dışişleri Mensupları Eşleri Dayanışma Derneğinin təşkil etdiyi Xeyriyyə yarmarkasında Azərbaycan səfirliyi də fəal iştirak etdi.

Əsasən, Ankaranın imkanlı təbəqəsinin qatıldığı ənənəvi yarmarkada Azərbaycana aid iki stend qurulmuşdu. Birinci stenddə Azərbaycan milli mətbəxinə aid qaralı plov, yarpaq dolması və dovğa təqdim olunurdu. Digər stenddə isə "Made in Azerbaijan" brendi altında istehsal olunmuş və "Azpromo" şirkəti tərəfindən təqdim olunmuş milli ornamentli qadın şarfları, çaylar, müxtəlif mürəbbələr, qoğal, şəkərbura və paxlavalar, zoğal, tut və tərxun araqları, şərablar, konyaklar və suvenir əşyalar satışa çıxarılmışdı. 

Qadınlar şarfları, kişilər içkiləri bəyəndilər  

Azərbaycan içkilərinə, eləcə də şarflara yüksək tələbat vardı. Emine Polat milli ornamentli şarflarımıza çox diqqət göstərən iştirakçılardan idi. Tədbirə rəfiqələri ilə qatılmış Əminə xanım bir neçə şarf aldı. "Şarfların rəngləri çox xoşuma gəldi. Çox gözəl, zövqlü hazırlanıb. Özəl dizayna bənzədiyi üçün bəyənib aldım", deyir Əminə Polat. Və əlavə edir ki, aldığı şarfı həvəslə taxacaq.

Azərbaycan səfirliyinin satış stendində maraqlı mənzərəni müşahidə etdik. Az əvvəl Azərbaycan şərabının pulunu kassada POS cihaz vasitəsi ilə ödəyən Ömər Salih adlı bir bəy əfəndi, stendə yaxınlaşarkən seçdiyi şərabın artıq başqa bir müştəri tərəfindən alındığını görüb təəssüfləndi.

Məsələ bundadır ki, POS cihaz vasitəsi ilə olan ödəmələr kassada, nəğd ödəmələr isə stend başında edilirdi. POS cihazla ödəmə edən müştəri, seçdiyi məhsulun ayrılıb kənara qoyulması üçün stend təmsilçisinə əvvəldən məlumat verməli idi.

Ömər bəyin bunu bilmədiyi üçün stend təmsilçisinə məlumat vermədən ödəmə etməyə getmişdi. Onun üzüntüsü görən stend təmsilçisi əlavə ödəmə tələb etmədən xüsusi şüşəyə doldurulmuş konyakı ona tərəf uzatdı. "Bu içkinin şüşəsinə bayıldım. Onu içki barımın ən gözəl yerinə qoyacam", deyib sevinclə stenddən ayrıldı.

Yarmarkanın açılışından iki saat sonra stendlərimiz demək olar ki, boşalmışdı. Digər səfirliklərin stendlərində isə durum fərqli idi - bir çoxunda məhsullar toxunulmamış dururdu. 

Səfir xanımının Türkiyədə ilk ictimai aksiyası

Yarmarkanın Azərbaycan tərəfdən təşkilatçısı Türkiyədəki səfirimiz Xəzər İbrahimin xanımı Zümrüd İbrahim idi. Bu tədbir səfir xanımın Türkiyədə ilk ictimai aksiyası idi. O, "525"ə dedi ki, hər il təşkil olunan bu tədbirdə müxtəlif ölkələr öz adət-ənənələri, milli mətbəxi və mədəniyyətlərini nümayiş etdirən məhsulları satışa çıxarırlar. "Tədbirdən əldə olunan vəsait mədəniyyət və təhsil sahəsində xeyriyyə məqsədli layihələrin maliyyələşdirilməsinə yönləndilir. Xeyriyyə yarmakasına çıxardığımız məhsullar mədəniyyətimizi, milli mətbəximizi təqdim etməyə imkan verdi. Ankarada təhsil alan tələbələrimiz milli geyimlərimizdə stendlərimizin başında duraraq həm bizə köməklik göstərdilər, həm də mədəniyyətimizi təbliğ etdilər",  Zümrüd İbrahim əlavə edib.

İlhamə QASIMLI
Ankara

 





28.11.2017    çap et  çap et