525.Az

Prezident bölgələrdə


 

Prezident bölgələrdə<b style="color:red"></b>

Bu gün Azərbaycan prezidenti İlham Əliyev bölgələrdə səfərdə olub. Dövlət başçısı əvvəlcə Tərtərə gedib.

O, Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.  

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb.  

Səfər çərçivəsində İ. Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında da iştirak edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Muzeydə ümumilikdə 2000 eksponat var ki, onlardan 250-si ekspozisiya zalında nümayış olunur. Muzeydə 40 yerlik konfrans zalı, elmi araşdırmalar şöbəsi üçün otaq da yaradılıb.

Daha sonra İ.Əliyev Ağcabədiyə səfər edib. O, Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib, muzeydə yaradılan şəraitlə tanış olub.  

Binada yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, bu muzey 1980-ci ildən fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, muzeydə saxlanılan 4782 eksponatdan 360-ı ekspozisiya zalında nümayış olunur. Əsasən rayon ərazisindən tapılmış və bəziləri bərpa olunmuş sənətkarlıq nümunələri, döyüş ləvazimatlarının qalıqları, milli adət-ənənələrimizi əks etdirən ekspozisiyalar qədim keçmişimiz və mədəniyyətimiz barədə dolğun təsəvvür yaradır.   Dövlət başçısı həmçinin Ağcabədi rayonuna səfəri çərçivəsində həmçinin Bayraq Muzeyinin açılışında iştirak edib. Prezident muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı muzeydə yaradılan şəraitlə tanış olub.  

İ.Əliyev həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. O, körpələr evi–uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.  

Dövlət başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.  

Üçmərtəbəli bu yeni uşaq tərbiyə müəssisəsi 100 yerlikdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı otaqlar bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımi inventar və oyuncaqlarla təmin edilib.

Prezident Sabirabadda da səfərdə olaraq bir sıra tədbirdə iştirak edib.

 





28.11.2017    çap et  çap et