525.Az

Firudin Nəbiyev İsveçrəyə səfər etdi


 

Firudin Nəbiyev İsveçrəyə səfər etdi<b style="color:red"></b>

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) 108-ci sessiyası keçirilir.

Sessiyada iştirak etmək məqsədilə Cenevrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMqT-nin baş direktoru Uilyam Leysi Svinqlə görüşüb.

DMX-dən verilən məlumata görə, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə BMqT və Azərbaycan hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. U.L.Svinq 2015-ci ilin sentyabr ayında Azərbaycana uğurla həyata keçirdiyi səfərini xatırladaraq prezident İlham Əliyevlə görüşünün bu əməkdaşlığa güclü təkan verdiyini vurğulayıb. Bu təşkilatla əməkdaşlığın genişləndirilməsi kontekstində ölkəmizin yeni layihələrə və təşəbbüslərə açıq olması, həmçinin, BMqT-nin müxtəlif beynəlxalq tədbirlərində Azərbaycan Respublikası adından yüksək nümayəndə heyətinin iştirakı təqdir edilib.

Tərəflər ötən il dekabrın 8-də BMqT-nin 107-ci sessiyası çərçivəsində "Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişi"nin imzalanmasını ölkəmizin sözügedən təşkilatla əməkdaşlığının bariz nümunəsi kimi dəyərləndiriblər.

BMqT-nin BMT sisteminin sırf miqrasiya məsələləri ilə məşğul olan qurumu kimi zəngin təcrübəsini ortaya qoyaraq dünyada gedən miqrasiya proseslərinə verdiyi töhfəni daha da artıracağına ümidvar olduğunu deyən F.Nəbiyev bildirib ki, Azərbaycan qaçqınlarla bağlı təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyaya dair qlobal müqavilələrin qəbulu istiqamətində irəliləyişləri dəstəkləyir.

Xidmət rəisi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində məcburi miqranta çevrilmiş bir milyondan çox insanın üzləşdiyi problemləri və bu problemlərin həlli ilə bağlı ölkə rəhbərliyinin gördüyü işləri xatırladıb.

F.Nəbiyev əlavə edib ki, ölkəmizdəki sürətli iqtisadi inkişaf, siyasi sabitlik, tolerantlıq və multikulturalizm mühitinin mövcudluğu sayəsində Azərbaycan üçüncü dövlətlərdən olan çoxsaylı miqrantlar üçün hədəf ölkəsinə çevrilib. Ona görə də respublikamız regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarına nəzarət etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir. BMqT-nin bu istiqamətdə Azərbaycana mümkün dəstəyi arzuolunandır və Azərbaycan hökuməti əməkdaşlığa açıqdır. Hazırda BMqT ilə birgə "Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsi (2014-2017) uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış sabitliyin və mütərəqqi miqrasiya idarəçiliyi modelinin, eləcə də ölkədə multikultural dəyərlərə verilən önəmin şahidi olduğunu məmnunluqla xatırladan, səsləndirilən fikirləri, qaldırılan məsələləri dəstəklədiyini deyən baş direktor U.L.Svinq bildirib ki, aparılan fikir mübadiləsi birgə əməkdaşlığın gələcək perspektivinə öz töhfəsini verəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

C.ABASOV

 





29.11.2017    çap et  çap et