525.Az

Nardaran inkişaf dövrünü yaşayır


 

İKİ İL ƏVVƏL HÜQUQ MÜHAFİZƏ ORQANLARININ HƏYATA KEÇİRDİYİ UĞURLU ƏMƏLİYYAT NƏTİCƏSİNDƏ QƏSƏBƏ XARİCİ QÜVVƏLƏRİN MƏNFİ TƏSİRLƏRİNDƏN XİLAS EDİLİB

Nardaran inkişaf dövrünü yaşayır<b style="color:red"></b>

Azərbaycanın hüquq mühafizə orqanlarının Nardaranda həyata keçirdiyi xüsusi əməliyyatın üzərindən iki il vaxt keçib.

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reallaşdırdığı təxirsalınmaz tədbirlər nəticəsində Bakının Nardaran qəsəbəsi onu girovluqda saxlayan radikal dini qruplaşmadan təmizlənib, öz dinc həyatına, ümumazərbaycan mühitinə qaytarılıb. Kənddə dövlətin qanunları tam olaraq işlək vəziyyətə gətirildikdən sonra qısa müddət ərzində abadlıq-quruculuq işlərinə start verilib, mədəni-sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ötən illər ərzində prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Nardaranın sosial-iqtisadi inkişafına ilkin mərhələdə 12 milyon manat, daha sonra isə 17,4 milyon manat vəsait ayrılması nəticəsində qəsəbənin nəqliyyat sistemi yenidən təşkil edilib, sosial-mədəni infrastruktur layihələrin həyata keçirilməsinə başlanılıb, böyük miqdarda borclara baxmayaraq, 1000-ə yaxın ailəyə işıq verilməsi bərpa olunub. Azərbaycan hökuməti "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti,  "Azəriqaz" İstehsalat Birliyi və “Azəravtoyolservis" Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub. Keçən il iyunun 21-də isə ölkə başçısı şəxsən Nardaran kəndinə səfər edərək sakinlərlə görüşüb, həyata keçirilən abadlıq-quruculuq işləri ilə yerində tanış olub.

Hazırda Nardaran kəndi paytaxt Bakının digər qəsəbələri kimi inkişaf dövrünü yaşayır. Bəzi xarici qüvvələrin tapşırıqlarını yerinə yetirən radikal qruplaşma üzvlərinin zərərsizləşdirilməsindən sonra sabitlik, təhlükəsiz həyat şəraitinin bərqərar olunduğu qəsəbədə dövlət orqanlarının fəaliyyəti təmin edilib, dini bayraqlar yığışdırılaraq vahid Azərbaycan bayrağı ilə əvəz olunub, elm və təhsilin inkişafına diqqət artırılıb.

Bütün bunlar Azərbaycanda din pərdəsi altında bəzi məkrli dairələrin yaymağa çalışdığı dini radikalizm və ekstremizm meyillərinə yer olmadığını bir daha ortaya qoyub.

Azərbaycan dünyəvi, hüquqi, tolerant dövlətdir və onun konstitusion dövlət quruluşunu dəyişməyə, radikal dini təsirləri gücləndirib sivilizasiyalararası nifaq toxumu səpərək ölkəni daxildən parçalamağa hesablanmış bütün cəhdlər hər zaman iflasa məhkumdur.


Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Nardaranda iki əvvəl həyata keçirilən əməliyyatdan sonra vəziyyət kökündən dəyişib: "Kəndə kənardan gələn insanların təhriki ilə vaxtaşırı olaraq dövlət əleyhinə çıxışlar təşkil edilir, əhali dövlətə tabesizliyə çağrılırdı. Nardaranda digər dövlətlərin təsirini yaymaq üçün açıq şəkildə cəhdlər edilirdi. Belə bir şəraitdə Azərbaycan dövləti bütün imkanlarını ortaya qoyub, suveren hüququndan istifadə edərək Nardaranda qanunçuluğu bərpa edib. Kənardan gələn təhrikçi qüvvələr və onlara daxildən dəstək verən azsaylı insanlar məhkəmə qarşısında durduqdan sonra orada əhalinin normal yaşayışı və sosial problemlərinin həlli üçün çox böyük işlər görüldü. Qəsəbədə abadadlıq-quruculuq işləri aparıldı, insanların kommunal xidmət sistemi qaydaya salındı, çox sayda yeni iş yerləri yaradıldı, kənd sakinləri qanuna hörmət, dövlətçiliyə bağlılıqlarını ortaya qoydular. Nəticədə bu gün Nardaranda yerli əhali tərəfindən dövlətçiliyə bağlılıq açıq şəkildə nümayiş etdirilir".

A.Mirzəzadənin sözlərinə görə, Azərbaycanda qanunlar hər kəs üçün bərabərdir: "Nardaran hadisələrinə verilən qiymət də onu göstərir ki, dövlət heç vaxt öz ərazisində qanun pozuntusuna yol verməyəcək. Hazırda qəsəbədə mövcud olan stabillik, qanunun aliliyi yerli sakinlərə öz gündəlik fəaliyyətləri ilə sərbəst şəkildə məşğul olmağa, digər regionlarda əldə olunan inkişafın burada da təmin edilməsinə geniş imkanlar yaradır. Ən əsası isə artıq Nardaran sakinlərini dövlətçiliyə qarşı qaldırmaq cəhdləri qeyri-mümkündür".

Deputat hesab edir ki, Azərbaycanın bütün bölgələrində yaşayan vətəndaşlar öz dövlətinə inanırlar: "Ölkə vətəndaşları dövlətin həyata keçirdiyi təhlükəsizlik və sosial inkişaf tədbirlərini yüksək qiymətləndirirlər".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli də bu illər ərzində Nardaranda həyata keçirilən abadlıq-quruculuq işlərini yüksək qiymətləndirir: "Paytaxtın lap yaxınlığında yerləşən Nardaran qəsəbəsi uzun müddət radikal dini qruplaşmalarının təsir dairəsində idi. İki il əvvəl Azərbaycanın hüquq mühafizə orqanlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində kənd neqativ təsirlərdən xilas edildi. Müəyyən xarici dövlətlərin tapşırıqlarına uyğun olaraq qəsəbədə dini fanatizm, xurafatı təbliğ edən, sakinləri xof, qorxu altında saxlayan radikal dini qrupun üzvlərinin zərərsizləşdirilməsindən sonra Nardaranda sağlam həyat şəraiti yaradıldı. Həmin qüvvələr Nardaran gənclərini elm və təhsildən, mədəni inkişafdan geri saxlayırdı. Lakin Azərbaycan dövləti radikal qruplaşma üzvlərinə qarşı qətiyyətli addımlar ataraq kəndi xarici təsirlərdən xilas etməklə yanaşı, qəsəbədə sosial-mədəni inkişaf tədbirlərinə, infrastruktur layihələrinin icrasına başladı".

E.Mirzəbəyli bildirib ki, iki il ərzində Nardaranda müqayisəolunmaz dəyişikliklər əldə olunub: "Hazırda sözügedən qəsəbə Bakının digər kəndləri kimi inkişaf dövrünü yaşayır. Nardaranda yaşayan Azərbaycan vətəndaşları da dövlətin bu diqqət və qayğısından razılıq ifadə edirlər".

Ceyhun ABASOV

 





29.11.2017    çap et  çap et